Əkinçilik İnstitutu Dominikandan yeni yem bitkisi introduksiya edir

Hit: 319
Əkinçilik İnstitutu Dominikandan yeni yem bitkisi introduksiya edir
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni yem bitkisi olan maralfalfanın ölkəyə gətirilməsi istiqamətində ilk addım atılıb.
 
Faktor.az xəbər verir ki, bu məqsədlə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ölkəmizdə səfərdə olan Dominikan Respublikasının Semilleros Progreso Maralfalfa S.R.L şirkətinin mütəxəssisi Pedro Alpredo Ricardo Avila və şirkətin Türkiyə ofisinin təmsilçisi Yunus Emre Sabançı ilə institutunun elmi heyəti arasında  görüş keçirilib. 
 
Görüşdə institutun direktoru Faiq Xudayev çıxış edərək Pedro Alpredo Ricardo Avila və digər qonaqları salamlayıb və respublikamızın kənd təsərrüfatı, ümumiyyətlə yemçilik istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
 
Sonra Azərbaycanda kənd təsərrüfatı istehsalının mövcud vəziyyətinə dair institutun əməkdaşı Yaqub Quliyev təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın yerləşdiyi coğrafi məkan, ölkənin iqtisadi rayonları, temperatur, yağıntı, eləcə də prioritet kənd təsərrüfatı bitkilərinin əkin sahəsi və istehsalı barədə ümumi məlumat əksini tapıb.  
 
Təqdimatdan sonra Pedro Alpredo Ricardo Avila institut kollektivinə maralfalfa bitkisi haqqında geniş məlumat verib. 
 
Qonaqlarla aparılan yekun müzakirədə qərara alınıb ki, adaptasiya sınaqlarının aparılması məqsədilə sahələrin seçilməsi üçün səfər edilsin və sınaq yerləri müəyyən edilsin. Artıq sabahdan etibarən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Sevil Abasquliyevanın rəhbərliyi ilə Pedro Alpredo Ricardo Avila mütəxəssislərlə birlikdə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Gəncə-Qazax rayonlarına səfər edəcəklər. 
 
Bölgələrə səfər başa çatdıqdan sonra bitkinin Azərbaycana introduksiyası, əkin materialının tədarükü və bitkinin sınağının təşkil olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur. 
 
Qeyd edək ki, əsas məqsəd bu bitkinin ölkəyə gətirilməsi və yem bazasının möhkəmləndirilməsindən ibarətdir. Bu isə gələcəkdə qeyd edilən sahə üzrə idxaldan asıllığın aradan qaldırılmasında önəmli rol oynayacaq.







Redaktorun seçimi