"Təhsil avtobusu – Qayıdış" layihəsi başa çatıb
Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq 5-ci dəfədir ki, həyata keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsi başa çatıb.
Layihə çərçivəsində “Təhsil Avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edib. Layihədə Qarabağın 53 məktəbindən olan 198 şagird Qarabağa aid mövzu istiqamətlərində 50-yə yaxın akademik saat həcmində olan təlim, tədris proqramı və intellektual yarışların iştirakçısı olub.
Qarabağlı şagirdlərin yaşadığı və təhsil aldığı rayonlarda keçirilən layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Layihəyə Qarabağın rayonlarının məktəblərində təhsil alan zəif və orta göstəriciyə malik olan 6-9-cu sinif şagirdlər seçilib.