Masallı “ASAN Həyat” kompleksi - 5 il

Hit: 371
Masallı “ASAN Həyat” kompleksi - 5 il
Masallı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, ABAD etnobutik, Kinoklub, İncəsənət mərkəzi, “ASAN İntelektual” inkişaf mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.
 
Masallı regional “ASAN xidmət” mərkəzi 2016-cı il sentyabrın 20-də fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 1 247 000 çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.
 
Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 167 mindən çox vətəndaş yararlanıb.
 
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa  müvafiq  olaraq “ASAN xidmət” mərkəzlərində  fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Masallı regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 596 könüllüyə, Səyyar “ASAN xidmətdə  fəaliyyət göstərən 369 könüllüyə sertifikatlar verilib.
 
Hazırda Səyyar ASAN xidmət həmin bölgədə - Lənkəran şəhərində fəaliyyətini davam etdirir. Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir. 
 
Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok - konteynerlər təqdim edilib. Bu günə qədər Masallıda 10 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem, çay.
 
Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində yerlərini alıb.
 
2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, ötən ildən etibarən kompleksin ərazisində “ABAD”ın etnobutiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.








Redaktorun seçimi