Millət vəkili Jalə Əhmədova Salyanda ziyalılarla görüşüb

Hit: 996
Millət vəkili Jalə Əhmədova Salyanda ziyalılarla görüşüb
Yaşadığımız bütün dövrlərdə ziyalıları yüksək davranış mədəniyyəti, intellektual anlayışı, nümunəvi əxlaqı və zəngin​ daxili​ aləmi ilə seçilən, dövlətini sevən, milli mənlik şüurunun inkişafında əhəmiyyətli rol oynayan, ölkəsində baş verən hadisə və proseslərə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən​ şəxslər kimi tanımışıq.
​Ölkəmizin və eləcə də Salyan rayonunun ictimai-siyasi həyatında özünəməxsus rolu olan rayon ziyalıları ilə görüş keçirdim. Salyan Rayon Mərkəzi Kitabxanasında baş tutan tədbirdə ilk olaraq Azərbaycanın suverenliyi naminə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Rayonun müxtəlif sahələrini təmsil edən ziyalılar qarşısında çıxış edərək torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını, zəfər tariximizə qəhrəmanlıq salnaməsi yazmış şəhidlərimizin və qazilərimizin şücaətinin gələcək nəsillər üçün örnək olduğunu, Salyan gənclərinin bu tarixin yazılmasında xidmətlərini vurğuladım.
Çıxışım zamanı, Salyan ziyalılarının ölkəmizin, eləcə də rayonun​ ​ ictimai həyatındakı rolundan danışdım. Həmçinin rayonun təəssübünü yüksək tutan ziyalılara səslənərək onları istər çalışdıqları sahədə, istərsə də ictimai-siyasi həyatda​ ​ daha fəal olmağa, xüsusi ilə də sosial şəbəkələrdə əks olunan, Salyanın adına yaraşmayan və həqiqətdən uzaq böhtan xarakterli paylaşımlara qarşı sərt ziyalı mövqeyi nümayiş etdirməyə çağırdım. Qeyd etdim ki, ziyalılarımız cəmiyyətdəki problemləri daha yaxından gördüklərinə görə onların həlli üçün müvafiq aidiyyatı orqanlara müraciət etməklə yanaşı, millət vəkili olaraq mənim də imkanlarımdan istifadə etməli, gənclər arasında​ ​ baş alıb gedən narkomaniyanın, zərərli vərdişlərin artması hamımızı düşündürməlidir.
Tədbirdə şəhid atası Cahangir Qaraşov, ziyalılardan Məhəmməd Ağayev, Əlixeybər Axundov, Sahib Həsənov, Vaqif İslamov, Firdovsi Sarvanlı, Mənafağa Feyzullayev, Rüstəm Məlikov, Həsən Feyzullayev, Gülşən Piriyeva, Razıgül Dadaşova və başqaları çıxış edərək səmimi görüşə görə təşəkkür etdilər. Salyan rayonunun tarixi və bu günü ilə qürur duyduqlarını, bu yurdun adına ləkə gətirmək istəyənlərin əməllərini qətiyyətlə pislədiklərini ifadə etdilər.
Onu da qeyd edim ki, növbəti görüşüm Salyan gəncləri ilə olacaq.
 
Jalə Əhmədova
Mİlli Məclisin deputatı








Redaktorun seçimi