Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Hit: 351
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 2021-ci il sentyabrın 16-da ömrünün 88-ci ilində vəfat edib.
 
A.M.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışmışdır.
 
A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 
 
Alimin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir çox mühüm sahələrini əhatə edirdi. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi kimi mühüm elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində əhəmiyyətli xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alim idi. 
AMEA-da iş fəaliyyətinə başladıgı ilk gündən, o, Qaradağ qazkondensatneft yatağının işlənilmə layihəsinin tərtibi, quyuların tədqiqi və işlənilmənin hidroqazodinamiki hesablama üsullarının hazırlanması ilə məşğul olmuşdur. Bundan sonra respublikamızın, Rusiyanın və Türkmənistanın neft-qaz sənayesi ilə əlaqəli elmi-tətbiqi fəaliyyəti Cənub, Bahar, Bulla-Dəniz, Palçıq Pilpiləsi, Sotçemyu-Talyu, Qotur-təpə və s. yataqlarda lay parametrlərinin təyini, yataqların ehtiyatlarının hesablanması və işlənilmə layihələrinin tərtibi və s. kimi işlərdə davam etdirilmişdir.
O, Almaniya, Türkiyə, İran, Rusiya və b. ölkələrdə elmi konfranslarda iştirak etmiş, YUNOKAL şirkəti ilə birgə layihəyə əsasən ABŞ-da şirkətin əməkdaşları ilə birlikdə elmi-tədqiqat işləri aparmışdır. 
 
A.M.Quliyev 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlamışdır. O, 244 elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın, rusca-ingiliscə-azərbaycanca izahlı lüğətin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin müəllifi idi. 
 
Alim keçmiş SSRİ EA “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və Azərbaycan MEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, Azərbaycan MEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur.  Amerika  Neftçi-Mühəndislər Cəmiyyətinin və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvü idi. 
 
O, M.İ.Qubkin adına mükafatın laureatı, SSRİ ixtiraçısı, ali məktəbdə yüksək nailiyyətlərinə görə fəxri adlara layiq görülmüş və keçmiş Sov. İKP MK, SSRİ Nazirlər Sovetinin, ÜİHTMŞ və ÜİLKGİ  MK-nin, SSRİ maarif nazirliyinin, eləcə də AMEA Rəyasət Heyətinin bir sıra Fəxri fərmanları ilə, həmçinin medallarla təltif olunmuşdur.
XX yüzilliyin son illərində Vətənimiz üçün ağır olan bir dövrdə "Quruçay" xeyriyyə cəmiyyətinin və “Qarabağ Uğrunda Ümumazərbaycan Hərəkatı”nın sədri kimi Arif Quliyevin ictimai fəaliyyəti xüsusi qeyd edilməlidir.
 
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı Arif Mehdi oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
 
Allah rəhmət eləsin!







Redaktorun seçimi