"Media və təhsil dialoqu" təliminin ilk günü başa çatıb

Hit: 508
"Media və təhsil dialoqu" təliminin ilk günü başa çatıb
Sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" adlı maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb. 
 
Təlimdə təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu sayəsində müəllim peşəsinə marağın artması, yeni dərsliklərin hazırlanmasında ictimai rəyin nəzərə alınması kimi məqamlara toxunub. 
 
Təlimin əhəmiyyətindən söz açan nazir müavini çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb. 
 
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin departament direktoru Rüstəm Əbülfətoğlu media və təhsilin oxşar və fərqli cəhətlərindən danışıb. Qeyd edib ki, media və təhsil sistemi şəxsiyyətin formalaşmasında vacib rol oynayır. 
 
Günün birinci yarısında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri”, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Yeni tədris ilinə hazırlıq”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Elçin Abıyev “Təhsil Nazirliyinin elektron xidmətləri”, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev “Portal.edu.az” mövzularında təqdimatlarla çıxış ediblər. 
 
Günün ikinci yarısında “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu müsabiqəsi”, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar. 
 
Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
 
Təlim sentyabrın 17-də işini davam etdirəcək.








Redaktorun seçimi