Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair hesabat verildi

Hit: 744
Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair hesabat verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair mətbuat konfransı keçirib.
 
A.Bayramov əlillik təyinatı prosesinin vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirildiyini qeyd edib. O bu ilin ötən dövründə 35 minə yaxın şəxsə əlillik təyin edildiyini, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparıldığını bildirib.
 
Qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib. Qeyd edib ki, onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət  4600 şəxsə reabilitasiya xidmətləri göstərilib.
 
 A.Bayramov möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların aidyyəti qurumlarla birgə əyani müayinədən keçirilməklə əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işləri qeyd edib. Həmin hərbi qulluqçulardan artıq 1750 nəfərə əlillik təyinatı aparıldığını diqqətə çatdırıb.
 
Bildirilib ki, dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri il birgə müvafiq ölçülər götürülüb və yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.
 
A.Bayramov bildirib ki, Agentliyin tabeliyində olan bütün reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri açılacaq.
 
Əlilliyin qiymətləndirilməsi proseduru, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi barədə ətraflı məlumat verən Agentlik sədri əsassız əlillik təyinatlarının qarşısının alınması, tərtib edilməsində çatışmazlıq olan göndərişlərin geri qaytarılması  sahəsində görülən işləri də diqqətə çatdırıb, KİV nümayəndələrinin suallarını cavablandırıb.








Redaktorun seçimi