“Şuşa bizi gözləyirdi, biz gəlməli idik və gəldik”

Hit: 867
“Şuşa bizi gözləyirdi, biz gəlməli idik və gəldik”
“Həmin gün ruhumuzla Şuşada idik. Vaqif Poeziya Günlərinin açılışında mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin arasında dolaşır, ətrafı heyranlıqla seyr edirdik. Dövlət başçımızın dediyi kimi, təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş və gələn il 270-ci ildönümü təntənəli şəkildə qeyd ediləcək Şuşa işğala, vandalizmə məruz qalmasına baxmayaraq, Azərbaycan ruhunu, qamətini saxlaya bilib, əyilməyib, sınmayıb.
 
Prezident çıxışında dedi ki, Şuşa bizi gözləyirdi, biz gəlməli idik və gəldik. Özü də müzəffər xalq kimi gəldik, bütün dünyaya savaş nümunəsi göstərərək, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik”. Bu sözləri Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Şuşa­da Vaqif Poeziya Günlərinin açılışı ilə bağlı söhbətləşərkən bildirdi. O, fikirlərinə davam edərək dedi:
 
– Vaqif Poeziya Günlərinin 30 il sonra, yenidən Şuşada keçirilməsi yalnız mədəniyyət, ədəbiyyat adamlarının deyil, bütün xalqımızın sevincinə qanad verdi. Respublika Prezidentinin və birinci xanımın Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli nümayəndələri, Milli Məclisin deputatları ilə birlikdə Şuşada Vaqif Poeziya Günlərində iştirakı, dövlət başçımızın çıxışı, deyərdim ki, dünyanın bir çox dövlətlərinə gücümüzü, birliyimizi və Vətən sevgimizi bir daha göstərdi. Orada görülən abadlıq, tikinti-quruculuq işləri – Vaqifin məqbərəsinin, büstünün yenidən açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması və dağıdılmış evinin bərpası ilə bağlı dövlət başçısı tərəfindən göstəriş verilməsi, Polad Bülbüloğlunun atasının evini bərpa etdikdən sonra, orada muzey yara­dılması, “Qarabağ” otelinin əsaslı təmirdən son­ra öz qapılarını yenidən qonaqların üzünə aç­ması bizi sevindirdi. Çıxışında hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otağın olduğunu bildirən dövlət başçısı dedi ki, yeni beşulduzlu oteldə 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaq. Beşulduz­lu otelin yerinin də özü tərəfindən seçildiyini xüsusi vurğuladı. Mənfur düşmənin həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edəcəyini, hətta o binanın bünövrəsinin də qoyulduğunu və daş işlərinin tamamlandığını bildirdi. ”Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi” – dedi.
 
Aparılan tikinti, abadlıq, quruculuq işləri arasında ən önəmlisi yeni yaşayış kompleksi­nin təməl daşının qoyulması oldu. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın hazır olan baş planına əsasən, birinci mərhələdə orada 25 üç, dörd və beşmərtəbəli yaşayış binası olacaq.
 
Y.Abdıyeva Prezidentin 40 il bundan əvvəlki tarixi xatırlatmaqla həyatda heç nəyin təsadüf olmadığını, hər hadisənin rəmzi mənasının ol­duğunu deməsinə özünün də inandığını bildirdi:
 
– Şəxsən mən dövlət başçımızın çıxışını çox diqqətlə dinləyirdim və inanıram ki, həyatda təsadüfi şeylər olmur, hər şey zərurətdən doğur. “Bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır” – deyəndə onun nə hisslər keçirdiyini olduğu kimi anlamasam da, ürəyimdə “Allah sizə qəni-qəni rəhmət eləsin, ulu öndər, çox ləyaqətli davamçınız var” – deyə öz-özümə pıçıldadım. Həqiqətən də, cənab Prezidentin bildirdiyi kimi, Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı.
 
İlham Əliyevin fikirlərini səmimi ifadələrlə çatdırmasının onu dinləyən hər kəsi duyğulan­dırdığına əminəm. Dövlət başçımız, sanki, hər birimizin ürəyindən keçənləri oxuyub danışırdı: “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inan­maq lazımdır və ədalətə nail olmaq üçün çalış­maq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
 
Söhbətimizin sonunda Y.Abdıyeva Şuşa­ya baş tutan bu səfərin, keçirilən möhtəşəm tədbirin düşmənə göz dağı çəkməsindən yara­nan sevincini belə bölüşdü:
 
– Qoy dünya görsün ki, dövlətimiz nələrə qadirdir. Var olsun Azərbaycan Prezidenti ki, ədalətə inandı, ona nail olmaq üçün əzmlə çalışdı, fədakarlıq göstərərək hədəfə doğru irəlilədi, nəhayət qələbə qazandı. Bu qələbə tarixdə əbədi qalacaq, çünki xalqımıza dik qamət gətirdi, üz ağlığı, baş ucalığı gətirdi. Şəhidlərimizin ruhu sevindi. Ən başlıcası, torpaq həsrətli insanlarımız tezliklə doğma yurd­larına dönə biləcəklər.
 
Qələmə aldı:Zərifə BƏŞİRQIZI,
 
“Xalq qəzeti”








Redaktorun seçimi