Mirvari və siyasət - MARAQLI MƏLUMATLAR

Hit: 622
Mirvari və siyasət - MARAQLI MƏLUMATLAR
Azərbaycanda mirvari ehtiyatı olmasa da, bu qiymətli daş-qaşa həddindən artıq isti münasibət var; hətta "Ölkəmizdə mirvarisi olmayan xanım yoxdur" desək yanılmarıq.
Bəstəkarlarımız bu ada mahnı da qoşublar; məsələn: «Ay mirvari dalğalar». Qızına "Mirvari" adı verən valideynlər də az deyil. Bir sözlə, bizdə ən incə, ən qəşəng, gözəl, özəl məqamların adı mirvari ilə assosiasiya olunur.
 
Mirvarinin Şərqdə geniş yayılmış digər bir adı isə incidir ki, bu ada qarşı da bizdə eyni həssaslıq var.
 
Görünür, bu həm də mirvarinin Müqəddəs Qurani-Kərimdə adının çəkilməsi, onun insanlara bəzək əşyası kimi göndərilməsinə dair məlumatın olması, cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.
 
Mirvari necə əmələ gəlir?
Ağ mirvari bu qiymətli daşın özəlliklərinə, onunla bağlı maraqlı hadisələrə toxunmazdan öncə, yaranmasından, növlərindən, hansı məkanlarda daha çox tapılmasından, yetişdirilməsindən bəhs etmək yerinə düşər.
 
Mirvari ilbizlərin çanağında əmələ gəlir. Yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə görə, əsrlərboyu təbii mirvarilər baha qiymətə təklif olunub.
 
Düzdür, süni mirvarilər peyda olandan sonra qiymət düşməsi əmələ gəlsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur.
Təbii və süni mirvaridən söz düşmüşkən, qeyd etdiyimiz kimi, təbii mirvari, adətən, dəniz midiyalarının, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqları daxilində əmələ gəlir.
 
Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur.
Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir.
Təbii mirvarilərin özü də iki yerə bölünür: dənizdə və şirin suda, çayda yaşayan canlılardan əmələ gələnlər.
 
Təbii mirvaridən seçilmir.
Son illər süni mirvaridən çox istifadə olunur. Çünki müasir texnologiya hər ölçüdə, formada, rəngdə süni mirvari yetişdirməyə imkan verir.
Qeyd edək ki, XX əsrin əvvəliəri təbii mirvarilərin hasilat dövrü, həmçinin, onun sənaye miqyasında yetişdirilmə dövrü sayılır. Mirvarinin yetişdirilmə prinsipi sadədir. Belə ki, şirin su sədəf balıqqulaqlarının qabığından kiçik sədəf kürələr yonulur, sonra ilbizin çanağının içərisinə yerləşdirilərək suya qaytarılır.
Bir müddət sonra sədəf qatı ilə örtülmüş muncuqlar çanaqdan çıxarılır. Süni yetişdirilmiş mirvari tərkib və xassələrinə görə təbii mirvaridən, demək olar ki, seçilmir.
Lakin qiymətləri arasında çox böyük fərq var. Dəniz mirvarisi istehsalının əsas mənbəyi Qırmızı dəniz, Şri-Lanka sahilləri, Hindistan və Yaponiya sayılır. Dünyanın sənaye əhəmiyyətli mirvari yetişdirilən yerləri isə Mərkəzi Amerika və Şimali Avstraliyadır. Hazırda Çin, Birma, Vyetnam, Filippində də bu işlə məşğul olurlar.
İlk süni mirvarilər və Mikimotanın hədiyyəsi
 
Əvvəllər bəzi işbazlar şüşədən mirvari düzəltməyə çalışırdılar. XV-XVI əsrlərdə «Roma mirvarisi» adı ilə məşhurlaşan mirvari, sadəcə, içərisinə parafin doldurulmuş şüşə idi.
Sonralar bu prosesi balıq pulcuqlarından «mirvari cövhəri» hazırlayaraq şüşələrin üzərinə çəkməklə və bir neçə dəfə sobada bişirməklə həyata keçirirdilər. Çox vaxt saxta mirvari istehsalçıları aşağı keyfiyyətli mirvarinin satışını yüksəltmək üçün onu gümüş nitrat ilə rəngləyirdilər.
Belə «mirvari» vaxt ötdükcə qonurlaşır.
 
Bu işdə rentgen şüasından da istifadə olunurdu. İşığa verdikdə mirvari qara rəng alır, həm də bu zaman qara rəngin üzərində süni metal çalarlar yaranır. İşbazlar bu gün də saxta mirvaridüzəltmə istiqamətində baş sındırırlar, yollar arayırlar.
Amma mirvarinin süni surətdə yetişdirilməsi istiqamətində çalışan alimlər, müxtəlif yolları sınaqdan çıxardıqdan sonra belə qənaətə gəldilər ki, ilbizlərin iştirakı olmadan mirvari yetişdirmək mümkün deyil.
 
Yeri gəlmişkən, ilbizlərin iştirakı ilə ilk süni mirvarini 1761-ci ildə İsveç təbiətşünası Karl Linney yetişdirib. Bundan başqa, 1896-cı il 27 yanvarda yaponiyalı Kokiti Mikimoto süni yetişdirilmiş mirvariyə patent alıb. İxtira həqiqətən də nadir idi. Bu alim sonradan iri inci dənələri yetişdirməyə də müvəffəq olmuşdu.
Belə mirvarilərin sənaye miqyasında istehsalına isə XX əsrdə start verilib. Mikomoto yetişdirdiyi ilk mirvarilərdən 15 dənəsini 1910-cu ildə yapon imperatorunun əmisi oğlu şahzadə Komadzuya peşkəş eləmişdi. O da həmin mirvarilərdən bir neçəsini İngiltərə kralı V Georq taxta çıxanda ona hədiyyə vermişdi.
mirvari xanımların sevimlisidir
 
Hazırda süni yolla yetişdirilən dəniz mirvariləri arasında ən məşhuru Akaya sortundan olan yapon mirvarisidir ki, bu da keyfiyyət etalonu sayılır. Onu da qeyd edək ki, təbii mirvarilərarasında ən diqqət çəkəni və bahalısı gümüşü və gümüşü-yaşıl çalarlı mirvarilərdir. Bu mirvarilərə az rast gəlinir.
Təbii mirvarilərin ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcuddur. Yetişdirilmiş mirvarilərin parıltıları isə bir az sönük olur. Mirvariləri qiymətləndirmək üçün, əsasən, yeddi şərt müəyyənləşdirilib: rəng, parıltı, sədəf qatının qalınlığı, forma, təmizlik, ölçü, çeşid
 
Mirvari və siyasət
 
Söz qiymətdən düşmüşkən, indiyədək müxtəlif qiymətlərə satılan mirvarilər arasında ən bahalısı «Regentşa» olub. 1988-ci ildə Cenevrə şəhərində keçirilən hərracda küveytli milyarder C.Abdulla «Regentşa» adlı mirvariyə görə 1,21 milyon İsveçfrankı (865 min doliar) ödəyib.
 
Bahalı mirvarilərdən biri də maraqlı və qəribə tarixçəsi olan İngiltərə krallarının tacını bəzəyən «Qaragül»dür.
 
1910-cu ildə VII Eduardın ölümündən sonra V Georq taxt-taca çıxır. O, hakimiyyətə gələndən sonra iki əsas partiya leyboristlər və konservatorlar müvəqqəti barışıq elan edirlər. Barışıqdan sonra İngiltərənin müstəmləkə siyasətində müəyyən dəyişiklik yaranır, Hindistan və İrlandiya problemlərinə baxış dəyişir. Bu proseslərlə əlaqədar sarayda müəyyən çəkişmələr başlayır, qarışıqlıq yaranır. Məhz bu ərəfədə kralın tacını bəzəyən «Qaragül» adlı mirvari yoxa çıxır. Axtarışlar heç bir nəticə vermir. Aradan xeyli müddət keçdikdən sonra, daha dəqiq desək, 1919- cu ildə İngiltərə və Fransa qəzetləri bu məsələni yenidən gündəmə gətirir. Jurnalistlərin apardığı araşdırmalar, yazılan məqalələr «Qaragül» müəmmasının açılması ilə nəticələnir.
 
«Qaragül»ün qara taleyi
 
Günlərin birində Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Ştokkerau şəhərciyində yaşayan yəhudi ishaq Rotun lombard kontoruna bir şəxs daxil olur. Bu, İshaqın qonşusu Adam Günter idi. Adam ishaqa iri bir mirvari verərək, əvəzində 20 qulden pul istəyir. O, bu yolla vergini ödəmək istəyirdi. Xeyli tərəddüddən sonra yəhudi sahibkar bu sövdələşməyə razılaşır və bir neçə gün sonra mirvarini yoxlatdırmaq üçün Vyanaya üz tutur. Vyanada tanınmış zərgərlərdən birinə yaxınlaşıb mirvarini göstərir. Zərgər İshaqa bu mirvarinin nadir birtapıntı olduğunu deyir, hətta bu daşın «Qaragül»ə bənzədiyini xatırladır, amma mirvarini almır, İshaqı saray zərgərinin yanına göndərir. Deyir ki, saray zərgəri bu mirvariyə yaxşı pul verəcək. İshaq zərgərin dediyinə əməl edir. Amma bu sövdələşmə ona baha başa gəlir. Saray zərgəri «Qaragül»ü tanıyır və polis çağırıb İshaqı həbs etdirir. İshaqın ardınca Adam Günter də həbs olunur. Günter istintaq zamanı mirvarini ona ağası Qraf Batianın ölüm ayağında olarkən hədiyyə etdiyini bildirir. istintaq «Qaragül»ün necə oğurlanmasını aşkarlaya bilməsə də, mirvari xəzinəyə qaytarılır, ekspertlər və zərgərlər ona 100 min frank qiymət qoyurlar. Deyilənlərə görə, bu mirvari indi də İngiltərə kralının tacını bəzəyir.
 
Nadir şahın uzunömürlü mirvariləri
«Qaragül»ün çəkisi 50 karat idi. Amma tarixdə bundan da böyük mirvarilər olub. Təbii mirvarilər arasında ən böyüyü hazırda Londonda Cənubi Kensinqtondakı muzeydə saxlanılır. Onun çəkisi 450 karatdır. İspaniya kralı II Filippə (1527-1598) məxsus mirvarinin çəkisi 137 karat idi.
1513-1521 -ci illərdə Vatikana rəhbərlik etmiş şəxslərdən (papa) birinə aid mirvarinin çəkisi isə 128 karata çatırdı. Mirvarilər, əsasən, 150-200 il «ömür» sürdüyündən, indi həmin mirvarilər də «yaşamır». Bununla belə, yaşı 200-ü keçən mirvarilər də var; məsələn, Nadir şah Əfşarın Hindistandan İrana gətirdiyi və hələ də İran Mərkəzi Bankında saxlanılan yumurta boyda mirvarilər yaşı göstərilən müddəti ötsə də, «yaşayırlar». Yaşlı mirvarilərdən biri də 2011-ci ilin martında, 79 yaşında dünyasını dəyişmiş məşhur ingilis aktrisası Elizabet Teylora məxsus idi.
 
Ürəyin dərmanı, gözün işığı
Əsrlərboyu sadə insanlardan tutmuş imperatorlara, krallara qədər hamının diqqətini cəlb edən mirvari, litoterapiyanın da metodları sırasında özünə layiqli yer tutub. Hələ qədim dövrlərdən litoterapiyaya mirvarinin ürək xəstəliklərinin dərmanı olması məlum idi. Litoterapevtlər kəskin ürək ağrıları zamanı kiçikölçülü mirvarini dilin altında saxlamağı məsləhət görürdülər. Mirvari ağrıları götürür, ürək döyüntülərini, aritmiyanı sakitləşdirir, itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhərlənmələrdə kömək etdiyi də məlumdur. Göz sinirlərinin və başqa göz xəstəliklərinin müalicəsində, həmçinin, "toyuq korluğu"nda da mirvaridən istifadə olunur. Litoterapevtlər bildirirlər ki, mirvari görmə itiliyini artırır. Bundan başqa, bu qiymətli daş qanı təmizləyir, onun al-qırmızı rəng almasına səbəb olur. Mirvari insanı qorxudan, stresdən qorumaqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxusuzluğu, miqreni, babasili müalicə edir. Ondan böyrək, qaraciyər, öd xəstəliklərində də istifadə olunur. Dişləri parıltılı verir, ağızdan pis qoxunu uzaqlaşdırır.
Mirvari hamilə qadınlar üçün də çox faydalıdır, ana bətnində dölü qoruyur. Yüksək temperatur zamanı effektli vasitədir. Şəkərli diabet xəstələrinə, astma tutmaları zamanı da çox köməyi olur. Allergik reaksiyalarda müsbət təsiri var.
 
Zərgərlər narazdır, əczaçılar razı
Qədim hind təbabəti isə möhkəmləndirici vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıldığı suyu içməyi məsləhət görür. Bunun üçün xırda mirvarilər gecədən suya qoyulmalıdır. Belə hesab olunur ki, bu su orqanizmdə maddələr mübadiləsini tənzimləyir, kəskin göz xəstəliklərində, soyuqdəymədə, endokrin, qadın xəstəliklərinın müalicəsində yararlı sayılır.
 
Yaponiyada, hətta apteklərdə toz halında mirvari satılır və buna tələbat böyükdür. Yetişdirilmiş mirvarilərin zərgərləri qane etməyən hissələri Cənub-Şərqi və Cənub-Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi istifadə olunur. Müasir dövrdə hazırlanan dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.
Xoşbəxtlik daşı
 
Mirvari təkcə gözəl görünüşünə görə deyil, mistik tərəflərinə görə də insanların, xüsusilə qadınların diqqətini cəlb edir.
Ta qədim zamanlardan mirvari xoşbəxtlik daşı sayılır. O, sahibinə arzu və istəklərini həyata keçirmək imkanı verir. Deyilənlərə görə, yuxuda mirvari görmək gələcək uğurlardan xəbər verir.
 
Yuxuda mirvaridən düzəldilmiş hədiyyə almaq isə var-dövlətə işarədir. Keçmiş inanclara görə, mirvari sevinc, xoşbəxtlik, var-dövlət gətirir, xoşbəxtlik talismanı sayılır.
Elə bu üzdən subay qızlara mirvaridən hazırlanmış zinət əşyaları istifadə etmək məsləhət görülür. Mirvariqaşlı üzük insanı əliəyrilikdən, düşünülməmiş, düzgün olmayan addımlar atmaqdan çəkindirir, sevgidə sadiqliyi qoruyur. 
Başqa bir inama görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəstəliyə düçar olmasına, yaxud da tezliklə öləcəyinə dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki, xəstə insanların istifadə etdiyi mirvari sürətlə sıradan çıxır, parıltısını daha tez itirir. Əgər mirvari qəfildən xarab olmağa başlayırsa, dərhal sağlamlığınızın qeydinə qalın.
 
Bəzi inanclara görə, mirvari ailəli adamlara yaxşı təsir göstərir.
Təsadüfi deyil ki, bir çox ölkələrdə gəlin bəzəyi kimi mirvaridən istifadə olunur. Qədim Romada təzə evlənənləri mirvari boyunbağı ilə sarıyırdılar. Bu, ər-arvad sadiqliyinin simvolu sayılırdı. Çində gəlinin baş geyimindən mirvari düzülmüş o qədər sap asırlar ki, gəlinin üzü görünməz olur. Bundan başqa, üzərində mirvari gəzdirən insanlar lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara qoyur, səhvini düzəltməyə çalışır. 
Qiymətli daş-qaşlar arasında mükafat şəklində təqdim olunanı da mirvaridir. Hələ qədimdən Romada kvadriqlərin (iki təkər üzərində dörd ata qoşulu antik araba) yarışında qalib üçqat mirvari boyunbağı ilə mükafatlandırılırdı. Çingiz xan dönəmində mirvari var-dövlət, hökmdarlıq, əzəmət, qüvvət simvolu idi.
Saxlanma qaydaları
 
Qeyd etdiymiz kimi, digər zinət əşyalarindan fərqli olaraq, mirvari 100-150 il olduğu kimi qalır, sonra sıradan çıxır. Tədqiqatçılar, zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki, mirvarinin tez «qocalmaması» üçün ondan daim istifadə etmək lazımdır. Mirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. Hətta insan bədəninin hərarəti də onu xarab edir.
 
Kosmetika, saç lakı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli daşımaq və ara-sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini paltarın üstünə taxanda rəngi solmağa başlayır.
 
Aslan Abbaszadə








Redaktorun seçimi