Şəhid olan 42 nəfər tibb işçimiz öz adlarını Azərbaycanın Zəfər tarixinə yazdı

Hit: 598
Şəhid olan 42 nəfər tibb işçimiz öz adlarını Azərbaycanın Zəfər tarixinə yazdı

Həkimlərimiz həm ön, həm də arxa cəbhədə mübarizə apardılar

Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun tarixi ölkəmizdə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Bu Sərəncam, Ulu Öndərin Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə nə qədər dəyər verdiyinin bariz nümunəsidir. Azərbaycanın və Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin mütərəqqi ideyaları, bu gün dövlətimiziin başçısı cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. ​
2020-ci ilin əvvəlindən bütün dünyanı çənginə alan və bu günə kimi də davam edən “COVİD 19” pandemiyasına qarşı mübarizədə səhiyyə sahəsinə ayrılmış milyonlarla manat vəsait, yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibb müəssisələrimizin lazım olan dərman preparatları ilə təmin edilməsi, virusa yoluxmuş vətəndaşlarımızın dövlət hesabına müalicəsi, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavənin tətbiq olunması və s. digər tədbirlər, məhz cənab Prezidentin ölkə səhiyyəsinə, tibbə göstərdiyi diqqət və qayğını ifadə edir.
Tibb işçilərimiz həm “COVİD 19” pandemiyası ilə mübarizədə, həm də 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, fədakarlıq, qorxmazlıq nümayiş etdirdilər, ​ şərəfli həkim adını ləyaqətlə təmsil etdilər. Koronavirusa yoluxmuş xəstələrin sağalması üçün gecə-gündüz mücadilə apardılar və çox təəssüflər olsun ki, neçə-neçə həkimlərimiz , tibb bacılarımız o gözəgörünməz düşmənin qurbanı oldular.
 
Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində həkimlərimiz həm ön, həm də arxa cəbhədə mübarizə apardılar. Döyüş zonasından gətirilən yaralı əsgər və zabitlərimizin həyatda qalmaları üçün gecə-gündüz demədən xəstəxanalarda, hərbi hospitallarda yaralılarımızın başı üzərində keşik çəkdilər, ön cəbhədə əsgər və zabitlərimizlə birlikdə qəhrəmanlıqlar, şücaətlər göstərdilər. Ölümün gözünə dik baxaraq yalnız və yalnız düşmən üzərində qələbəni düşündülər, yaralı əsgərlərimizə yardım üçün özlərini odun-alovun içinə atdılar. Və xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına Şəhid olan 42 nəfər tibb işçimiz öz adlarını Azərbaycanın Zəfər tarixinə yazdı.
Əziz tibb işçilərimiz, bu gün Sizin bayramınızdır. Gecə-gündüz demədən və yorulmadan xalqın xidmətində duran və həkimlik adını şərəflə daşıyan bütün tibb işçilərimizi səmimi qəlbdən təbrik edir, işlərinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Bayramınız mübarək olsun, əziz həkimlər!
Jalə Əhmədova
Milli Məclisin deputatı








Redaktorun seçimi