Bir görüşün tarixçəsi - Nuran Abdullayev yazır

Hit: 460
Bir görüşün tarixçəsi - Nuran Abdullayev yazır
Ümummilli lider Heydər Əliyevlə babam görüşəndə mən məktəbli idim, daha dəqiq desəm, ibtidai sinifdə oxuyurdum. Ümumiyyətlə, Ulu Öndərlə bağlı ailəmizin bir çox xatirələri var. Mən bu xatirələrdən yaranan ilk fərqli hissləri babamın onunla görüşü zamanı yaşamışam... 
 
Həmin vaxt görüşün olacağını bir neçə gün əvvəldən bilirdim. Uşaq saflığımla babamın görüşə məni də özü ilə aparacağını düşünürdüm. Görüşə getmək istəyimin əsas səbəbi isə məktəbdə həmyaşıdlarımın, sinif yoldaşlarımın Heydər baba ilə görüşən şəxsin mənim babam olduğunu bilmələri idi. Uşaqlıq halı... 
 
Həyətdə futbol oynayırdım, məni evə çağırdılar. "Bir azdan AzTV-nin xəbərlərində göstərəcəklər, axşam da xəbərlərdən sonra bütün görüşü verəcəklər" sözlərini eşidəndən sonra bir az pis oldum. Çünki babam Heydər Əliyevlə artıq görüşmüşdü və məni özü ilə aparmamışdı... Elə buna görə də kefim korlanmışdı. Amma bunu heç kimə büruzə vermədim... 
 
O görüşün videokadrlarına hər dəfə baxanda, hər dəfə xatırlayanda uşaq ikən keçirdiyim o hisslər yadıma düşürdü... 
Babamdan hər adam cürət edib hər şeyi soruşa bilməzdi. Elə indi də elədir. İllər keçdi və bir az böyüdükdən sonra bir gün özümdə cürət tapıb məni özü ilə birlikdə Ulu Öndərlə görüşə aparmamasına görə vaxtilə ondan incik düşdüyümü babama dedim. 
 
Babam isə görüşdən, orada olan söhbətlərdən ətraflı danışdı. Başa düşəcəyim səviyyədə səbəblərini izah edib sonda dedi ki, onun gözlərinə baxacaq gücü özündə tapanda sən də onunla görüşərsən... 
O vaxtlar bunun nə demək olduğunu başa düşmürdüm. Bir qədər yaşa dolandan sonra babamla növbəti söhbətlərimdən birində anladım ki, o güc insanda məhz Vətənə sevgi ilə, layiqli, şərəfli və təmənnasız xidmətdən sonra yaranır. 
Mənim həmin gücü özümdə tapmağım üçün böyüdüm və illər keçdi... 
 
İndi isə hər il Ulu Öndərin məzarına baş çəkirəm, elə Bakıya mənimlə hər il gələn xarici qonaqlarla birgə. O məzarı mənimlə birgə ziyarət edən dünya şöhrətli alimlərin hamısı təmənnasız Vətənə sevgi nümunəsindən, onun verdiyi gücdən və Ulu Öndər dəyərlərinə hörmətin xüsusiliyindən xəbərdardırlar.
 
Babamın dediyi gücü özümdə tapanda artıq Ümummilli liderin həyatda olmadığına və onun gözlərinə canlı baxa bilmədiyimə görə hələ də təəssüflənirəm... Hər zaman qəlbimizdəsiniz, müasir Azərbaycanın qurucusu! 
Dünyaya gəlişinizin 98-ci ildönümündə Sizi hörmətlə anırıq, Ulu Öndər! Məkanınız cənnət olsun!
 
Nuran Abdullayev








Redaktorun seçimi