Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir

Hit: 1048
Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir
Həyatının mənasını Azərbaycan xalqına və dövlətinə xidmət etməkdə görən və bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gələn Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdəndir. Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı yerinə yetirən Ümummilli Lider dünya miqyaslı siyasi nəhənglərlə müqayisə olunur.
 
Ümummilli Lider daim Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycanın bugünkü həqiqətlərinin, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Güclü iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri və nüfuzu olan Azərbaycan Respublikası Ulu Öndərin yadigarıdır.
 
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədovun “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda məqaləsində qeyd olunub. Məqaləni təqdim edirik.
 
XX əsrin 60-cı illərinin sonunda başlayan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib.
 
Keçən əsrin sonlarında görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji böhranın qarşısını alıb, onun əvəzsiz fəaliyyəti sayəsində Azərbaycanın müstəqilliyi möhkəmlənərək əbədi, dönməz xarakter alıb, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə irəliləməsinə, beynəlxalq nüfuzunun sürətlə artmasına nail olunub.
 
Müstəqil Azərbaycanın gələcək inkişafının yalnız hüquqi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacağını yaxşı bilən müdrik dövlət xadimi ilk növbədə bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin, xüsusən də onun əsasını təşkil edəcək Əsas Qanunun - Konstitusiyanın hazırlanıb qəbul edilməsinə çox böyük önəm verirdi.
 
Eyni zamanda, təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib ünsürü kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verib. Təsadüfi deyil ki, ölkəmizdə bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə Ulu Öndərin bilavasitə iştirakı və rəhbərliyi ilə qəbul edilib, xalqımızın köklü mənafeləri ilə bağlı məsələlərin, mütərəqqi bəşəri dəyərlərin təsbit olunduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında ifadə edilib. Konstitusiyamızın yerli özünüidarəetmə haqqında müddəalara həsr olunmuş IV bölməsində bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri, qərarların qəbul edilmə qaydası, o cümlədən bələdiyyələrin müstəqilliyinin təminatı kimi məsələlər əksini tapıb.
 
Məhz yeni Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Bunların sırasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiqi barədə imzalanan fərmanları göstərmək olar.
 
Beləliklə, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilib.
 
Ölkəmizdə ilk dəfə 1999-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlayıb. Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb. Hər bir vətəndaşın Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etməsini arzulayan dahi şəxsiyyət deyirdi: “Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda, hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər”.
 
Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib.
 
Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.
 
Göründüyü kimi uzaqgörən lider olan Ulu Öndər bələdiyyələrin dövlət idarəçiliyində gələcək yerini dəqiq müəyyənləşdirib.
 
Yerli özünüidarəetmə ilə bağlı məsələlərə Ümummilli Liderin xüsusi qayğısının nəticəsi olaraq imzaladığı 2000-ci il 8 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılıb və Mərkəzin əsas məqsəd və vəzifələri kimi yerli özünüidarə orqanlarının üzvləri və həmin orqanların icra aparatlarının işçilərinin bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərilməsi müəyyənləşdirilib.
 
Ötən müddətdə ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, yerli özünüidarəetmə daha da təkmilləşdirilib.
 
Bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədilə “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2003-cü il mayın 13-də “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu da qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən həmin Qanunun tələblərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı ildə imzaladığı fərman və sərəncamlarla Ədliyyə Nazirliyinin bu funksiyasını bilavasitə həyata keçirən Bələdiyyələrlə İş Mərkəzinin statusu yüksəldilib.
 
Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.
 
Ötən illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, daha səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin, dövlət idarəçiliyində əksmərkəzləşmənin dərinləşməsinə imkan yaradıb.
 
Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.
 
Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması Ümummilli Lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.
 
Təbiidir ki, Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün əvəzsiz xidmətlərindən danışarkən Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı misilsiz fəaliyyətini, fədakarlığını xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi üç dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılıb ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib.
 
2020-ci il ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik siyasəti və qəti iradəsi ilə və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində Ermənistanı döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradaraq əzəli torpaqlarımızı işğaldan azad etməklə Ümummilli Liderin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirib.
 
Bu şərəfli dövrdə Prezidentin xalqa müraciətlərində, dünyanın aparıcı media qurumlarına müsahibələrində, BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında diplomatik məharəti və prinsipial mövqeyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənpərvər çağırışları ilə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti və törətdiyi müharibə cinayətləri barədə hərtərəfli və dolğun məlumatlandırılaraq düşmənin yalan təbliğatı tam ifşa edilib.
 
Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən də məqsədyönlü işlər görülüb, ordumuza, yaralananlara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstək göstərilib. Ədliyyə və məhkəmə işçiləri, həmçinin bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər.
 
Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə əsaslar yaradıb. Qlobal iqtisadi reallıqlar fonunda yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, eləcə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdış kimi prioritetlər reallaşdırılmalıdır.
 
Hazırda qarşıda olan əsas məqsədlərdən biri öz doğma torpaqlarından köçkün düşən insanların yurdlarına qayıdışının, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasının və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasının təmin olunmasıdır. İşğaldan azad olunmuş torpaqlarımız Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən dirçəlir, nəhəng bərpa və quruculuq işləri aparılır, yol, rabitə, enerji və digər infrastrukturlar yaradılır. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Füzuli Beynəlxalq hava limanının tikintisi isə sürətlə gedir. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu kimi çoxsaylı misallar qeyd edə bilərik. Bu yolda dövlət başçısının əzmi, siyasi bacarıqları, qətiyyəti çox mühüm əhəmiyyət kəsb edir.
 
Ölkədə həyata keçirilən bu islahatlar zəminində Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq fəaliyyət göstərir, nazirliyin əməkdaşları öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ciddi səy göstərirlər.
 
Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər də davam etdirilir. Qeyd olunur ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi üçün bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə yalnız son beş il ərzində 1081 maarifləndirmə tədbiri keçirilib və bu tədbirlərə 45 min nəfərə yaxın bələdiyyə üzvü və qulluqçusu cəlb edilib. Həmçinin yerli özünüidarəetmənin müxtəlif məsələlərini əhatə edən 100-ə yaxın metodik vəsait, 32 mindən çox tövsiyə hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilib. Bu vəsaitlərdə müvafiq qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının yolları göstərilib.
 
Eyni zamanda, toplanan təcrübə və müasir dövrün tələbləri nəzərə alınaraq bu sahəni tənzimləyən qanunvericilik aktları vaxtaşırı təhlil edilərək daha da təkmilləşdirilməsi istiqamətində təkliflər verilir və digər mühüm tədbirlər həyata keçirilir.
 
Öz həyatını və bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur və ehtiramla yad edilir. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ən böyük ehtiram onun ideyalarının təcəssümü və çoxillik əməyinin bəhrəsi olan müstəqil Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə xidmət etməkdir.








Redaktorun seçimi