Odlar Yurdu” Gənclər Birliyi sənədli film təqdimatı keçirib - VİDEO

Hit: 1376
Odlar Yurdu” Gənclər Birliyi sənədli film təqdimatı keçirib - VİDEO
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “The real truth about Karabakh history” adlı layihə çərçivəsində istehsal olunan “Boş yelləncək” sənədli filminin təqdimat mərasimi keçirilib.
 
Faktor.az bildirir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev,  Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin departament müdiri Hikmət Məmmədov, AR Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbərliyi, bir sıra gənclər təşkilatlarının sədrləri, media nümayəndələri və gənclər iştirak edib.  
 
Tədbirdə açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri və layihənin rəhbəri Nigar Ələsgərova layihə haqqında məlumat verib. Sədr bildirib ki, cənab Prezidentin başçılığı ilə Vətən müharibəsində əldə edilən parlaq qələbə sonrası informasiya savaşında fəal iştirakın vacibliyin nəzərə alaraq həyata keçirilən “The real truth about Karabakh history” layihəsi Qarabağ həqiqətləri haqqında məlumatlılığı artırmaq, beynəlxalq səviyyədə maarifləndirici məhsul hazırlamaq məqsədi daşıyır. Layihə çərçivəsində ərsəyə gələn sənədli film tarixi faktlara əsaslanmaqla təkcə Azərbaycanın yox, həm də dünya tarixçilərinin, erməni tarixçilərin bu barədə araşdırmalarını özündə əks etdirir. Hazırlanan film ingilis və türk dillərinə dublaj edilib və beynəlxalq arenada nümayiş etdirilməsi üçün bir sıra beynəlxalq film festivallarına göndərilib. 
 
Açılış nitqindən sonra film təqdim edilib. 
 
Təqdimatdan sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış ediblər. Rəsmilər sənədli film haqqında müsbət fikirlərini səsləndirməklə yanaşı bu kimi fəaliyyətlərin davamlılığının əhəmiyyətini qeyd ediblər. 
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb. 
 







Redaktorun seçimi