Bakı milyonçusu Ağamusa Nağıyevin anım günüdür

Hit: 726
Bakı milyonçusu Ağamusa Nağıyevin anım günüdür
Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyevin anım günüdür. 
 
Faktor.az-ın məlumatına görə, Ağamusa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Atası saman satmaqla məşğul olub. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. Atası vəfat edəndən sonra 300 manat borcu qalıb. Ruhdan düşməyən Musa 200 manat da borc götürüb kiçik bir dükan açıb. Beləliklə, 500 manat borcla müstəqil fəaliyyətə başlayan gənc iki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olub. 5 ildən sonra isə 2 000 manat qənaət toplayıb. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alıb. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayıb. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları onu da milyonçu edib. 1908-ci ildə onun şirkəti rekord miqdarda - 12 328 300 pud xam neft istehsal edib. Bu, Azərbaycanın neft şirkətləri arasında o zaman ən yüksək göstərici hesab olunub. 
 
İsmayıl adlı oğlu vərəm xəstəliyindən öləndən sonra o, Bakıda  indiki İstiqlaliyyət küçəsində tikdirdiyi binanı  onun xatirəsinə "İsmailiyyə" adlandırıb. 1914-cü ilin maliyyə hesabına görə, Ağamusa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox olduğu bildirilir. 
 
O, Bakıda 100-ə yaxın müyxtəlif təyinatlı bina inşa etdirib. Həmin tikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq («İsmailyyə» binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir.
 
Ağa Musa Nağıyev 1919-cu ilin mart ayının 4-də vəfat edib.








Redaktorun seçimi