Allah dərgahında zülümkarlara yer yoxdur

Hit: 574
Allah dərgahında zülümkarlara yer yoxdur
Bəşər tarixinə ləkə salan, bəşərə xəcalət yaşadan hadisələr az olmayıb. Bunlar, əsasən müharibələr, qətl və qırğınlar, soyqırımı aktlarıdır. Dəhşət və təəssüf doğuran odur ki, bu qanlı hadisələri törədənlər və onların acı nəticələrinə məruz qalanlar elə insanların özləridir. Bu mənada, Adəm oğlu həm zalımdır, həm məzlum, həm qəddardır, həm qurban. Allah-Təala isə bəndələrində olan naqis və xoşagəlməyən sifətləri, xüsusilə zülm və zülmkarlığı nəinki bəyənmir, hətta onları Öz Kitabında - Qurani-Kərimdə pisləyir. Uca Yaradan “Hud” surəsinin 18-ci ayəsində: “...Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər”, - deyə xəbərdarlıq etməklə zalımlara qarşı qəti mövqeyini bildirir. Bundan əlavə, müqəddəs Kitabımıza diqqət yetirərkən “zülm” sözünü ifadə edən çoxlu ayəyə rast gəlinir. Bu ayələrə və ümumən Quranın nəzərinə əsasən, insanın Uca Yaradanın ona icazə verdiyi həddi aşması, təcavüz etməsi zülmdür. Zülmü törədən də zalımdır. “Bəqərə” surəsinin 229-cu ayəsində buyurulur ki: “...Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır”. Deməli, zülm dedikdə, ilk növbədə, Mütəal Allah tərəfindən insana verilən hər hansı bir haqqın və hüququn pozulması nəzərdə tutulur. İslamda isə insan hüquqları və bu hüquqlara hörmət edilməsi İlahi əmrdir, insanın şəxsiyyəti, həyatı o qədər dəyərlidir ki, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşərin həyatı qeyd-şərtsiz toxunulmazdır. “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin...”, - deyə “İsra” surəsinin 33-cü ayəsində bəyan edən Rəbbimiz heç bir səbəb olmadan günahsız insanı qətlə yetirməyi ən böyük cinayət hesab edir. Bu cinayəti ehtiva etmək üçün Uca Yaradan “Maidə” surəsinin 32-ci ayəsində belə buyurur: “...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur...”.
 
İnsana bəyənilmiş sifətləri seçməyi tövsiyə edən İslam müsəlmanın əziyyətlə, yersiz incidilməsini birmənalı şəkildə rədd edir. Bu üzdən Həzrət Peyğəmbər (s) müsəlmanların müxtəlif səbəblərlə incidilməsinə qarşı çıxmış, mübarək hədislərində belə əməlləri pisləmişdir: “Hər kim müsəlmanı incidərsə, məni incitmiş olar. Məni incitmək isə Allahı incitmək deməkdir. Belə şəxslər Tövrat, İncil və Quranda lənətlənmişlər”. Buradan belə nəticə hasil olur ki, Uca Allahın, Qurani-Şərifin və Rəsulullahın (s) yanaşmasında bir insanın canı bütün bəşəriyyət və ya insanlıq qədər dəyərlidir; bir insanı incidən məzəmmət olunur və açıqcasına ifşa edilir; bir insanı qətl edən qatildir, zalım və zülmkardır, o ki qalmışdı Xocalı soyqırımı nümunəsində kütləvi insan qırğını törədənlər ola.
 
Xocalı qırğınını törədən və gözlərini qan örtən erməni faşistləri heç kimə aman vermədən mülki əhalini gülləboran etmiş, bəzilərini diri-diri yandırmış, qadınları, uşaqları süngüdən keçirib üzləri və başlarının dərisini soymuş, südəmər körpələrin gözlərini çıxarmış, azərbaycanlıların evlərinə od vurub yandırmış, bir sözlə, Xocalı şəhərini tarix səhnəsindən silmək istəmişdilər. Qəfil hücumdan təşvişə düşən şəhər sakinləri doğma yurd-yuvalarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalmış, meşələrə doğru üz tutmuşdular. Onların çoxu imkan edib özü ilə isti paltar belə götürə bilməmişdi. Şaxtalı hava erməni zülmündən canlarını xilas etmək istəyən zavallı xocalıların nəfəsini kəsirdi. Günahsız körpələrin ağlaşma səsi, köməksiz qadınların ah-naləsi göyə ucalmışdı. O gecə çox az sayda adam xilas ola bildi, əhalinin əksəriyyəti erməni faşistlərinin və dözülməz şaxtanın qurbanı oldu. Beləliklə, 1992-ci ilin 25-dən 26-na keçən o qorxunc gecə xalqımızın və ümumən insanlığın tarixinə Xocalı faciəsi, Xocalı soyqırımı kimi milyonların qəlbini dağlayan, lakin Müstəqil Azərbaycanın gələcək nəsillərinin “Qan yaddaşı”na çevriləcək bir adla daxil oldu. Faciədən bir neçə gün sonra Amerika, Rusiya, Fransa və Almaniyadan, habelə Türkiyə və İngiltərədən hadisə yerinə gələn jurnalistlər gözləri ilə gördüklərindən dəhşətə gəlmiş, Xocalıda baş verənləri qələmə almış və qınamışlar. Məsələn, İngiltərənin məşhur “The İndependent” qəzeti üçün materiallar hazırlayıb göndərən Helen Vomak 29 fevral 1992-ci ildə yazırdı: “Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.
 
Bəli, dünyanın, beynəlxalq ictimaiyyətin hələ də göz yumduğu, vicdanının susduğu Xocalı soyqırımından 29 il ötür. Ötən müddət ərzində bu məlum faciəni Birinci Qarabağ savaşında məğlub olan xalq olaraq ürək ağrısı ilə yad etmişik. Lakin şükürlər olsun ki, artıq bu məğlubiyyət utancı üzərimizdən götürülmüşdür. Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatı ilə Müzəffər Azərbaycan Ordusu təcavüzkar erməni silahlı qüvvələrini darmadağın etdi. Xalqımızın dəmir yumruq kimi bir olması Ali Baş Komandan Cənab İlham Əliyevə imkan və fürsət verdi ki, həmin dəmir yumruğu düşmənin başına sarsıdıcı zərbə kimi endirsin. Vaxtı ilə qəddar və zalım erməni yaraqlılarının Xocalıdan didərgin saldığı uşaqlar, yeniyetmə və cavanlar məhz Ali Baş Komandanın Əmrinə əsasən, digər Vətən övladları kimi, Qarabağda formalaşan separatçı erməni terror qruplaşmalarına qarşı əks-hücum əməliyyatlarına qatıldılar, Silahlı Qüvvələrimizin əsgər və zabitləri ilə birgə yağı düşməni torpaqlarımızdan qovdular. Bununla da, 28 il əvvəl taleyimizə düşən məğlubiyyət utancı, Allah-Təalanın inayəti ilə, 28 il sonra düşmənə qismət oldu. Azərbaycan hərb tarixinə yenilik gətirən strategiyanı tətbiq edərək ən müasir silahlardan istifadə etməklə qısa müddətdə düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Müzəffər Ordumuzun əsgər və zabitləri 30 il həsrətində olduğu şanlı qələbə naminə rəşadətlə döyüşərək düşməndən intiqam və qisas aldı. Hərbçilərimizin arasında yaralananlar olsa da, Vətən eşqi onlara bu yaraların acısına dözməyə və zəfər yürüşünü əzmlə, cəsarətlə sona çatdırmağa səbəb oldu. Əlbəttə, döyüşlərdə çoxlu sayda şəhid də verdik. Qeyd etmək yerinə düşər ki, onların İlahi dərgahda ali məqam olan şəhadət mərtəbəsinə ucalmasında xalqımızın əsrlərdir məzhəbindən asılı olmayaraq böyük sevgi bəslədiyi Əhli-Beyt (ə) məktəbinin də rolu az olmayıb və qazanılan qələbəyə görə, ilk növbədə, qəhrəman şəhidlərimizə borcluyuq. Buna görə də, onların pak və əziz ruhları üçün dualar edir, Qadir Allahdan onlara sonsuz rəhmət, qazilərimizə isə şəfa diləyirik. Nəhayət ki, Vətən qarşısında üzümüz ağ, alnımız açıq oldu və biz bu il Xocalı faciəsini bu açıq alnımızla yad edirik. Lakin bir gözümüzdə kədər və qəmdən, digərində isə qələbə fərəhindən doğan göz yaşları ilə, hansı ki, bu göz yaşlarını Xocalı və Qarabağ torpaqları üçün deyil, Xocalı qurbanları, Xocalı, Qarabağ və bütövlükdə Vətən şəhidləri üçün axıdırıq. Çünki tarixi dədə-baba torpaqlarımız artıq bizimdir, onların əksəriyyətini müharibə və güc yolu ilə, zorla geri almışıq.
 
Bu gün XX əsrin dəhşətlərindən olan Xocalı faciəsini Anım günüdür. Biz bu gün soyqırımına məruz qalan xalq kimi nə qədər kədərli, qəmli olsaq da, Vətən müharibəsində zəfər qazanan millət olaraq bir o qədər qürurluyuq. Həmçinin, inşallah, Xocalı da daxil olmaqla doğma Qarabağımıza el qayıdışı, xalq qayıdışı ərəfəsindəyik. Düşmən məğlub, biz isə qalibik. Üstəlik qaniçən, yırtıcı ermənilərdən fərqli olaraq zalımlardan, zülm edənlərdən deyilik. Müsəlman aləminin bir hissəsi olan və mənəvi dəyərləri daim uca tutan xalqımız yaxşı bilir ki, Allah dərgahında zülmkarlara yer yoxdur. Necə ki, müqəddəs kitabımız olan Qurani-Kərimin “Ali-İmran” surəsinin 140-cı ayəsində buyurulur: “Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!”.
 
 
Əhliman Rüstəmov
(ilahiyyat üzrə araşdırmaçı-yazar)
Qafqaz Müsəlmanları İdarəsinin
Fətva və moizə şöbəsinin müdir müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü








Redaktorun seçimi