BDU-da Xocalı soyqırımı mövzusunda dəyirmi masa keçirilib

Hit: 250
BDU-da Xocalı soyqırımı mövzusunda dəyirmi masa keçirilib
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib.
 
Öncə Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.
 
Ə.Əliyev bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində dünyanın əksər ölkələrinin bu faciə ilə bağlı həqiqətlərlə tanış olduğunu bildirib. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın  təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar keçirilib.
 
Daha sonra BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Xocalı soyqırım cinayətində siyasi elitanın rolu”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Xocalı soyqırımı və cinayət təqibində beynəlxalq-hüquqi mexanizmlərin effektivliyi”, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov "Xocalı soyqırımı iştirakçılarının cəzalandırılması məsələləri", BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Xocalı soyqırımının siyasi aspektləri”, BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Samirə Eyvazova “Yaşamaq hüququ, genosid və Xocalı soyqırımı”, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidov "Ermənistanın beynəlxalq cinayətlərə görə mühakimə məsələləri",  İnsan hüquqları üzrə UNESCO kafedrasının müəllimi Aytac Qibləliyeva “Xocalı soyqırımının beynəlxalq hüquqa əsaslanan tövsifi”, Hüquq fakültəsinin magistrantı Erkin Musayev “Xocalı soyqırımı kontekstində soyqırım cinayətinin təhlili“ adlı məruzə ilə çıxış ediblər.
 
Dəyirmi masada BDU-da hazırlanan “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabatın müəyyən nəticələri də müzakirə olunub.







Redaktorun seçimi