ATU Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır

Hit: 514
ATU Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır
“Almaniya Federativ Respublikasının ali təhsil qurumları ilə olan əməkdaşlığımız bizim üçün çox önəmlidir və prioritet istiqamətlərdən biridir”. Bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun Tədris Cərrahiyyə Klinikası və Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası arasında əməkdaşlığa həsr olunmuş tədbirdəki çıxışı zamanı bildirib.
 
“Diplomdan sonrakı təhsil sahəsində əməkdaşlıq” layihəsinə həsr olunmuş onlayn formatlı tədbirin açılış mərasimində Heidelberg Universitetinin Manhaym Tibb fakültəsinin dekanı, professor Sergey Goerdt, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramin Həsənov da iştirak ediblər. Onlar çıxışlarında Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən təhsil və səhiyyə sahəsi üzrə əməkdaşlığın əsas istiqamətlərindən danışıblar.
Rektor, professor Gəray Gəraybəyli isə çıxışında Tibb Universitetinin ötən il 90 yaşını qeyd etdiyini xatırladaraq bu qocaman ali məktəbin yaranması, bu illər ərzində əldə etdiyi nailiyyətlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycan Tibb Universiteti möhtəşəm tarixə malik əzəmətli bir ali təhsil müəssisəsidir:
“İlk illərdə BDU-nun tibb fakültəsi kimi fəaliyyətə başlayan və sonrakı illərdə ayrıca ali məktəbə çevrilən ATU Azərbaycanda tibb elminin və ali təhsilli tibb kadrları hazırlığının yeganə mərkəzi olub. Azərbaycanda mütəşəkkil səhiyyə sisteminin yaranması, inkişafı və ixtisaslı kadrlarla təmin edilməsi bütünlüklə Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə bağlıdır. O cümlədən, ölkəmizdə müasir cərrahiyyə sahəsinin inkişafı da məhz ilk tibbi fakültənin yaradılması ilə başlayıb. Bu işdə BDU-nun ilk rektoru, professor V.Razumovskinin xüsusi əməyi olub. 1922-ci ildə Tibb Universitetində yaradılan cərrahiyyə kafedrası ilk kafedralardan biri olub və bu günədək fəaliyyət göstərir”.
 
Professor G.Gəraybəyli bidirib ki,yarandığı 1920-ci ildə Tibb İnstitutuna 25-30 nəfər qəbul edilmişdisə, bu gün ATU-nun altı fakültəsində təhsil alan 8 min tələbəsi var. Onlardan 2500-ə yaxın nəfəri dünyanın 35 ölkəsindən olan əcnəbi tələbələrdir. Universitetin dörd klinikası haqqında tədbir iştirakçılarına məlumat verən rektor qeyd edib ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildə ölkə Prezident, cənab İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilib. Klinikada tələbələrin, xüsusilə də rezidentlərin keyfiyyətli təhsil alması, bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradılıb.
 
Rektor G.Gəraybəyli qeyd edib ki, 90 yaşlı ATU indi dünyanın 30-a yaxın ölkəsinin 80-ə qədər ali tədris  və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. “Bizim beynəlxalq tərəfdaşlıqlarımız arasında Almaniya Federativ Respublikası ilə əlaqələrimiz xüsusi yer tutur. Dünyanın ən güclü iqtisadi dövlətlərindən biri olan Almaniya ATU-nun məzunlarının rezidentura təhsili üçün üz tutduğu ən sevimli istiqamətlərindən biridir. Statistikaya görə, indi Almaniyada 900-a yaxın azərbaycanlı həkim işləyir. Odur ki, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə əməkdaşlığımız bizim üçün mühüm əhəmiyyət kəsb edir”. 
 
Rektor G.Gəraybəyli həmçinin, Alman Akademik Mübadilə Xidmətinə layihəyə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirmişdir. 
Mərasimdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev “Azərbaycanda müasir cərrahiyənin tarixi, cərrahiyyədə diplomdan sonrakı tədrisinin təşkili və bu sahədə əməkdaşlıq prekspektivləri” mövzusu üzrə çıxış edərək Klinikanın fəaliyyəti, burada yaradılan şərait, pandemiya ilə mübarizədə klinika əməkdaşlarının gördüyü işlər və digər məsələlər barədə danışıb.  Konfransda  Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru professor Kristof Reisfelder “Almaniyadakı cərrahi təcrübə və təhsilə qısa baxış” adlı məruzə ilə çıxış etmişdir. Sonda Manhaym Tibb Mərkəzinin layihə koordinatoru Dr. Vüqar Yaqublu “Rezidentura pilləsində cərrahiyyə ixtisası üzrə əməkdaşlıq” mövzusunda və PAGEL proqramı haqda ətraflı məlumat vermişdir. Xatırladaq ki, layihənin Azərbaycan tərəfindən koordinatoru ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Orxan İsayev və Almaniya tərəfdən isə həmçinin, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının həkimi, Prof. Dr. Michael Keesedir. Tədbir işini məruzələr ətrafında müzakirələrlə davam etdirib.  
 
Qeyd edək ki, ATU-nun əməkdaşlıq etdiyi Manhaym Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üç ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə birgə icra edəcəyi layihə cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılmasını əhatə edir. Bu əməkdaşlıq  Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyilə PAGEL proqramı çərçivəsində 2020-2024-cü illərdə həyata keçiriləcək.
 
Layihənin əsas məqsədi cərrahiyə profili üzrə diplomdansonrakı tibb təhsili, elmi araşdırmalar və xəstələrin menecmentinin təşkili məqsədilə alman və azərbaycanlı mütəxəssislərin potensialından istifadə edilməsidir. Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentləri, gənc həkimlərin mübadiləsinin aparılması nəzərdə tutulub.







Redaktorun seçimi