Azərbaycanda jurnalistlərin aylıq gəlirləri açıqlanıb

Hit: 316
Azərbaycanda jurnalistlərin aylıq gəlirləri açıqlanıb
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə davam etdirilən islahatlar KİV-də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir göstərib, KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində ciddi nəticələr əldə edilib.
 
Faktor.az xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında bildirilib.
 
Sənəddə qeyd edilir ki, sorğuya cəlb edilənlərin 98 %-i bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılıb.
 
Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də davam edib. Bu sırada 2 məqam diqqəti çəkir:
 
- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi;
 
- Real əmək haqqının əmək müqavilələrində göstərilənlərlə uyğunsuzluğu.
 
Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə xidmət müqaviləsinin bağlanılması əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, onların işçi hüquqlarından istifadələrini imkansız edir.
 
Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durumda ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan 74 faizi aylıq gəlirlərinin 700-900 manat, 22 faizi aylıq gəlirlərinin 500-700 manat; 4 faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər.
 
Hesabat təşkilatın 55 KIV redaksiyasının əməkdaşları arasında keçirdiyi sorğu və 2020-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.







Redaktorun seçimi