"Şəhid övladları bizlərə əmanət oldu’’ - Elşən Rəsulov

Hit: 971
"Şəhid övladları bizlərə əmanət oldu’’ - Elşən Rəsulov
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov şəhid övladlarının təhsil almasına dəstək vermək qərarına gəlib.
 
İş adamı  Elşən Rəsulov Faktor.az-a açıqlamasında bildirib ki, 44 günlük II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan bir neçə şəhid ailəsinin qız övladlarının bundan sonrakı təhsil ehtiyaclarını qarşılamağa qərar verib.  
 
Artıq bu yöndə işlərə başlandığını bildirən E. Rəsulov məhz qız övladlara dəstək olmaq istəyini belə əsaslandırıb:  “Biz həyat yoldaşımla birlikdə bu qərarı verdik. 10 şəhid ailəsinin qız övladlarının təhsil ehtiyaclarını qarşılamaqla onları ali savadlı gənclər olaraq cəmiyyətə qazandırmaq istəyirik. Gələcəkdə onları hər hansı bir şirkətin qurucusu və ya dövlət orqanlarında yüksək vəzifələrdə görmək bizim ən ümdə arzumuzdur. Bu gün o qız övladlarının atası şəhid olduğu üçün təhsildən geri qalmalarına, ehtiyac içərisində acı çəkmələrinə biganə qala bilməzdik. Bizim də iki qız övladımız var. Bundan sonra dəstək olacağımız qız uşaqlarını da mənəvi övladlarımız hesab edəcəyik.”
 
Bu addım vasitəsiylə dövlətə dəstək olduqlarını dilə gətirən iş adamı: “Söz yox, bu gün Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə diqqət və qayğısı yüksək səviyyədədir. Biz də bu addımımızla  dövlətimizin yanında olduğumuzu bildirir, tarixi Qarabağ torpaqları uğrunda rəşadətlə döyüşüb şəhid olan, övladlarını bizlərə əmanət edən şəhid qardaşlarımıza minnətdarlığımızı ifadə etmək istəyirik” – deyə E. Rəsulov əlavə edib.








Redaktorun seçimi