"Can bahasına alınan torpaqlarımızın hər qarışı bizim üçün müqəddəs və dəyərlidir"

Hit: 617
"Can bahasına alınan torpaqlarımızın hər qarışı bizim üçün müqəddəs və dəyərlidir"
Pandemiya ilə mübarizədən başlayıb Vətən müharibəsinin şanlı qələbəsi ilə bitən 2020-ci ildə ölkəmizin yenilməz gücü bir daha dünyaya bəyan oldu!
 
Dağlıq Qarabağ münaqişəsi öz haqlı həllini tapmayana qədər Azərbaycan dövləti hər zaman öz prinsipial mövqeini nümayiş etdirmişdir. Qarabağ Azərbaycandır devizi altında kütləviləşən vətənpərvəlik hissi qalibiyyətdən xəbər verirdi. Əlbəttə ki, Azərbaycan ordusunun maddi-texniki təhcizatının yüksək səviyyəsi və peşakar hərbi təlimlər keşmiş hərbiçi potensialımızın qənaətbəxş olması bu haqq işində bizə kömək oldu.
 
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı təxribatlara cavab olaraq Azərbaycan ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başlayaraq düşmənə layiqincə cavab vermişdir.
 
Ordumuzda və gənclər arasında yüksək vətənpərvərlik hisslərinin alovlanması 30 illik Qarabağ həsrətimizə son qoydu. Sözsüz ki, bütün bu hərbi naliyyətlərimiz təmas xəttində vəziyyəti yüksək peşəkarlıqla tam nəzarətə götürmüş Ali Baş Komandanın rəhbərliyi altında baş tutdu. Dünyada tərəqqi və inkişaf yolunda müvəffəqiyyətlə addımlayan Azərbaycan hərb sahəsində də öz möhürünü ataraq dünya hərb tarixində silinməz izlər qoydu. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdır, “Biz gücümüzü səfərbər edərək bu tarixi günləri yaşayırıq. Bəlkə də çoxəsirlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”. Əlbəttə, biz bu qələbəni birliyimizin, güclü iradəmizin, dövlətin uğurlu daxili və xarici siyasətinin nəticəsində əldə etdik.
 
Azərbaycan Ordusu 44 günlük müharibə ərzində işğalçı erməni ordusuna ağır zərbələr endirməklə böyük irəliləyişə imza atmışdır. Bu qələbə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun peşəkarlığı və qəhrəmanlığı nəticəsində qazanılmışdır. Hərbi əməliyyatlar nəticəsində qəhrəmancasına həlak olan şəhidlərimiz, sağlamlıqlarını qurban verən qazilərimiz, vətənin keşiyində səngərdə məğrur dayanan əsgərlərimiz Azərbaycan hərb tarixinə qızıl hərflərlə öz adlarını yazmışlar. Inanırıq ki, gələcək nəsillər də bu fədakarlığı, qəhrəmanlıq salnaməsini daima uca tutub unutmayacaq. Qarabağın dirçəldilməsi və inkişafı naminə hər zaman Dövlət Başçısının yanında olmaq hər bir azərbaycanlının gələcək fəaliyyətinin bir hissəsi olmalıdır. Qan, can bahasına alınan torpaqlarımızın hər qarışı bizim üçün müqəddəs və dəyərlidir. Şəhid qanı axan torpaq Vətəndir!
 
Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru, professor

 







Redaktorun seçimi