Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən hörmətli Təhsil naziri Mikayıl Cabbarov dedi ki, onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqaviələr bağlaya biləcək.
Faktor.az təhsil eksperti Kamran Əsədovun Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış dərsliklərlə bağlı təkliflərini təqdim edir.
Bundan sonra nazir təklif edib ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək.
Hörmətli Təhsil naziri Mikayıl Cabbarovun nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda orta məktəblərdə istifadə olunan dərsliklərin böyük əksəriyyətinin müəllifi elə AMEA-nın professor və akademikləridir. Əlbəttə ki, onlar Azərbaycan elminə böyük xidmətlər etmiş, töhvələr vermiş şəxslərdir. Amma belə olan halda orta məktəb dərsliklərindən hansısa inkişaf gözləmək olmaz. Çünki, orta məktəb kitabı akademik kitab olmamalıdır. Onda yerləşdirilən informasiyalar nə qədər sadə olsa o qədər şagirdləri cəlb etmiş olacaq.
Hesab edirəm ki, bu halda dərsliklərin inkişafından danışmaq olmaz. Çünki tenderə buraxılan alternativ dərsliklərə AMEA-nən komissiya üzvləri və ekspertləri mənfi rəy verəcək, bundan sonra onların həmkarlarının müəllifi olduqları dərsliklər qalib gələcək. Rusiyada heç bir akademik orta məktəb kitabının müəllifi ola bilməz. bu qeyri-etik hesab olunur. Çünki, akademik adı orta məktəb dərsliyi müəllifi üçün o qədər də məqbul hesab edilmir. Son üç il ərzində Azərbaycan təhsil sistemində demək olar ki, hər ay islahat və yeniliklərin şahidi oluruq. Bir neçə ay bundan əvvəl məhz dərslik siyasətinə təsir göstərə biləcək vacib qərarlardan birini də məhz Təhsil Nazirliyi vermişdi. Belə ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağı barədə rəsmi məlumat verildi.
Hansı formada şagirdə, oxucuya çatdırılmasından asılı olmayaraq dərsliklərin məzmununa ciddi nəzarət edilməlidir. Çünki, keçmiş keçmiş sovet dövlətləri arasında Azərbaycanda olduğu qədər təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç bir yerdə yoxdur. Danılmaz faktdır ki, şagird üçün əsas bilik mənbələrindən biri də dərsliklərdir. Dərslərin keyfiyyətli olması üçün dərsliklərin rolu çoxdur.Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur.
Demək olar ki,bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Çünki, xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. Xüsusi ilə qeyd etməliyəm ki, dərsdə tədris vəsaitlərinin rolu böyükdür. Belə ki, şagirdlər bir çox bilikləri dərsliklərdən əldə edirlər. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə nə qədər şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır.
Qeyd edim ki, dərslikdən fərqli olaraq, standartın tələbləri mənimsənilmir, o tələblərə qeyd-şərtsiz əməl edilir. Digər tərəfdən, standart, şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yalnız yol verilən aşağı həddini normalaşdıran tələblər sistemindən ibarət sənəd olub, bu bilik və bacarıqlara hansı üsullarla yiyələnməli olunduğunu təyin etmir. Dərslik isə həm şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yol verilən aşağı həddini, həm standartın tələblərinin nəzərdə tutmadığı daha yüksək səviyyəli bilik və bacarıqları, həm də şagirdin mənimsədiyi bilik və bacarıqları əyani olaraq, nümayiş etdirməsi üçün lazım gələn metodları, yanaşmaları, vasitələri və vəsaitləri özündə ehtiva edir. Bu o deməkdir ki, əgər dərsliklər məzmun standartlarının tələbləri əsasında işlənib hazırlansaydı, o halda, şagirdin dərs ilinin sonuna mənimsədiyi bilik və bacarıqların səviyyəsi məzmun standartlarının normalaşdırdığı səviyyənin yol verilən aşağı həddi ilə məhdudlaşar, şagird daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək imkanlarından məhrum edilmiş olardı.
Deməli, dərsliklər məzmun standartlarının tələbləri əsasında deyil, əvvəlcədən işlənib hazırlanmış, daha əhatəli sənəd olan fənn proqramları əsasında işlənib hazırlanmalıdır. Fənn proqramları isə kurrikulum demək deyildir. Məzmun standartları isə dərsliklərin məzmunu əsasında işlənib hazırlanmalıdır. Mən təklif edirəm ki, bizdə bir fənn üzrə müxtəlif dəsliklər olsun. Bu təcrübədən Hollandiyada istifadə olunur. Məsələn, bu ölkədə bir fənn üzrə 6 dərslik var. Sual oluna bilər ki, niyə belədir?
Ona görə ki, müəllim özünün və şagirdlərin hazırlığından asılı olaraq onlardan uyğun gələnini seçə bilsin. Bu, imkan yaradacaq ki, məktəblərdə şablon, qəlibə salınmış dərsliklərdən istifadə olunmasın. Çünki məktəblərdə şablon dərsliklərdən istifadə edilməsi dərslərin də şablonlaşmasına gətirib çıxarıb. Məsələn, bu gün məktəblərdə müəllimlər hər bir dərs üçün plan tərtib edir. Həmin plan 12-13 maddədən ibarət olur. Tutaq ki, məqsəd, motivasiya, dərsin strukturu, metodları, qiymətləndirmə, nəticə, evə tapşırıq və s. Yəni, hər müəllim bu cür qəlibə salınmış 1-2 səhifəlik plan tərtib etməklə sinfə daxil olur. Əslində dərslik yaradıcı olmalıdır ki, müəllim də öz yaradıcılığını ortaya qoysun. Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən almışdır. Onlara indiki dərsliklər imkan vermir ki, özü istədiyi kimi dərs keçsin. İndi müəllimlər demək olar ki, robotlaşıblar.
Bir sözlə, biz müəllimlərə müstəqillik vermirik. Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsilalan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər. Təəsüflər olsun ki, bizdə yeni standartlar əsasında yazılan kitablar elə köhnənin üzərində kiçik redaktə etməklə yeni kurikulum adı altında çap etdirilməsi ilə başa çatır. Başqa bir təklifim də odur ki, vahid dərslik mərkəzi yaradılsın. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəsisləri cəlb edərək vahid standartlar əsasında dərsliklər yazsınlar.