“Toyda olan uğultulu səs qadınlara aiddir”

Hit: 496
“Toyda olan uğultulu səs qadınlara aiddir”
Uzun illər bundan əvvəl səsi batan və efirlərdən uzaq gəzən müğənni Akif İslamzadə “Söhbətsiz” proqramının qonağı olub. O, Samir Bayramlının aparıcılıq etdiyi verilişdə şou-biznesin hazırki vəziyyətindən söhbət açıb:
 
“İndi biznes var, amma şou yoxdur. Bəzən konsertlərə baxırıq, istisnalar var. Amma əfsuslar olsun ki, biz musiqidə təkrarçılıqdan başqa heç nə etmirik. Son iki ildə oturub bütün kanallarda keçirilən Yeni il konsertlərinə baxdım. Son ildə isə dəhşətə gəldim. Qadınlardan heç gözləməzdim. Səliqəsiz geyinirlər. Geyimlə insanın hansı məzhəbə qulluq etdiyini müəyyənləşdirmək olar. Belə fikrə gəlmişəm ki, xanımlar soyunmağı qarşılarına məqsəd qoyublar. Amma onu düşünmürlər ki, gördüyümüz həyat həmişə belə olmayacaq”.
 
A.İslamzadə gec ailə qurmasından da söhbət açıb: “Sözsüz ki, xanım pərəstişkarlarımız var idi. Amma bununla qürurlanmırdıq, yorulurduq, bezirdik. Gec də olsa, bu yaşımda ailə qurdum. Elə hesab edirəm ki, hər şey yerində və vaxtında oldu ”.
 
Məşhur müğənni səsinin batma səbəbindən də danışıb: “38 yaşımda səsimi itirdim. Mənim düşmənim olmayıb, ola da bilməz. Şayiə yayılır ki, guya mənə nəsə veriblər, buna görə də səsim batıb. Ağlıma belə şey gəlmir. Belə düşünürəm ki, orkestr, səsyazma studiyası və toyda mahnı oxuyursan. Toylarda oxumaqdan çox insanlardan yorulurdum. Ordan çıxandan sonra bir neçə saat şəhəri gəzirdim. Bu qədər gücə düşdüm. İki kibrit nazikliyində səs telidir. Bir dəfə gördüm ki, səs sözümə qulaq asmır. Bu nə idi? Həkimə getdim, baxan kimi dedi ki, boğazında bədxassəli şiş var. Təyyarə ilə Moskvaya getdik. 33 il bundan əvvəl əməliyyat olundum, səs telimin birini götürdülər”.  
 
Sənətçi toyda onu narahat edən məqamlara da toxunub: “Üç amil toya şuluq salır: uşaqlar, qadınlar və musiqiçilər. Musiqiçilər səs verirlər, özlərindən başqa heç kimi eşitmirlər. Uşaqların da ağılları kəsmir, ora-bura qaçırlar. İçki aləmidi, hər kəs ağzına gələni danışır, uşaqlar da onların danışdıqlarını götürürlər. Uşaqlar üçün ayrıca bir kabinet ayrılmalıdır. Toyda olan uğultu səs isə qadınlara aiddir, danışırlar”. 








Redaktorun seçimi