Azərbaycanın ən məşhur radio aparıcısı - “Virtual sevgililərim həmişə olacaq"

Hit: 5982
Azərbaycanın ən məşhur radio aparıcısı - “Virtual sevgililərim həmişə olacaq"

Faktor.az-ın  bu dəfəki müsahibi Azərbaycanda radio sahəsində kifayət qədər uğur qazanan aparıcı Raqif Raufoğludur.

- Raqif bəy, hər kəsin xəyalında özü ilə bağlı bir təqdimat forması olur. Sizdə necədir? Milyonçu Raqif  Raufoğlu, Xalq şairi Raqif Raufoğlu, xeyriyyəçi Raqif Raufoğlu, rəssam Raqif Raufoğlu və s. Hansını seçərdiniz, hansı olmaq istəyərdiniz?

- Bu təqdimatı deməyim bir az yaxşı çıxmaz. Əslində, sadəcə Raqif Raufoğlu olsa, daha yaxşı olar. Amma xəyalımda yazıçı və xeyriyyəçi tərəfini də düşünmüşəm. Sadəcə bunu elan eləmək istəmirəm. Gizli qalmasını istəyirəm. Əsas məsələ odur ki, kiməsə faydası olsun. İndiki dövr üçün sadəcə radio aparıcısı Raqif Raufoğlu.

- İxtisasca iqtisadçısınız. Şeir yazırsınız. Avtomobillə bağlı radio verilişiniz var. Əyləncəli səhər proqramının da aparıcısınız. Kitab tərcümə etmisiniz. Arabir publisistik yazılar yazırsınız. Hamısı ayrı-ayrı şeylərdi demək olar ki. Bir araya necə gətirmisniz?

- Hər birini sınamışam və uğurlu alınıb. Mənim daxilimdə bir dərvişlik var. Yazıb-yaratmağı sevən insanam. Fikrət Qocaya həmişə bir təşəkkür borcum var. Çünki ilk şeirlər kitabım çıxanda mənim heç 18 yaşım yox idi. İlk dəfə kitab haqqında Fikrət Qoca bir qəzetdə rəy bildirmişdi. Mən də çox həvəslənmişdim. O dövrdə biz şairə bir vəzifə kimi baxırdıq. Kitabım çıxanda sevinə-sevinə getdim onun yanına. Dedi, əla, təbrik edirəm səni, amma get indi özünə bir iş tap. Həmin vaxt təəccübləndim, həm də şok oldum ki, axı mən şairəm, bu mənə niyə belə deyir? Mənə dedi ki, bu peşə deyil, sən burdan çörək pulu qazanmayacaqsan. Onsuz da hansı işdə olsan, yazmaq içindən gəlsə, yazacaqsan.

Bəlkə də belə yaxşı oldu. Həmin vaxt ona qarşı bir nifrətim yarandı. Ancaq yanından ayrılandan sonra düşündüm ki, dedikləri həqiqətdir və  başladım özümü başqa sahədə düşünməyə. Həmişə özümü biznes, reklam sahələrində daha çox sınamaq istəmişəm. İqtisadiyyatda oxumağım da bununla bağlıdır desəm, doğru olar.

Avtomobil verlişi də sadəcə bir veriliş idi. Özümü yoxlamaq istəyirdim. Belə oldu ki, özümə maşın almışdım və maşına ehtiyyat hissələri axtarırdım. İstədiklərimi bir arada tapa bilmirdim. O zaman düşündüm ki, niyə belə bir xidmət yoxdur ki, mən heç yerə getmədən bir adama bunu mesajla göndərim ki, mənə bu lazımdır. Düşündüm ki, belə bir xidməti özüm yaradım. Yaratdım da. Sonra düşündüm ki, yaratdım, bəs bu necə işləyəcək? Bunu hardasa reklam etməli idim. Elə oldu təklif aldım ki, bəlkə elə bu mövzuda veriliş olsun? Onda da fikirləşdim ki, bu nə qədər uğurlu olar? Bir verlişdə ancaq maşın ehtiyyat hissələrindən danış, çünki radio təcrübəsində belə bir şey yox idi. Beləcə, veriliş içində yavaş-yavaş tanıtmağa başladıq. Sonra hətta, bunu layihə etdik. Verlişin 6  ili tamam olur. Sonra seminarlara dəvət aldıq, zavodlara getdik. Beləcə, bu, mənim sevimli bir işimə çevrildi.

Ümumliyyətlə, insan həmişə axtarışda olmalıdır. Olmayan bir şeyi yaratmaq lazımdır. Təkrar etmək onsuz da uğurlu alınmır. Mən başa düşmürəm ki, insanlar bir şeyi niyə təkrar etməyə çalışır? Ağlımda o qədər yeni ideyalar var ki. Sadəcə vaxtım yoxdur.

Adətən, bizdə bir veriliş açanda xarici kanallara baxıb təkrarını edirlər. Onu da deyim ki, mənim hazırladığım bu layihə olduğum ölkələrin heç birində yoxdur. Türkiyə, Almaniya, Avstriya və s...

- Mən bildiyim qədərilə əsgərlikdən qayıtdıqdan sonra yanacaqdoldurma məntəqəsində operator işləmisiniz. Bəs necə oldu birdən-birə radikal dəyişiklik qərarı verdiniz? Yanacaqdoldurma məntəqəsində operator hara, radioda aparıcı olmaq hara...

- Universitetdə oxuduğum zaman paralel olaraq işləməyə başladım. Xərclərimi çatdıra bilmirdim və yanacaqdoldurma məntəqəsində işə girdim. Əslində, mənim üçün çox ağır rejim idi. Həmişə özümə sual verirdim ki, mən bura niyə gəlmişəm, mənim burada nə işim var? Sadəcə orada maaş yaxşı idi və bu səbəb məni işləməyə cəlb etmişdi. Fiziki olaraq çox ağır iş idi. Bütün günü ayaqüstə qalmaq, yorğunluq və s. Sonra düşündüm ki, burda məntiqi bir davam var. Avtomobil, yanacaq və bu gün mənim radioda elə bir verilişim var. İstənilən işdə gərək dərinliyinə gedəsən. Həm də onda çılğın vaxtlarım olduğu üçün hər şeyə üsyan edirdim. Mən hətta əsgərlikdən sonra bir müddət tikinti şirkətində mühafizəçi də işləmişəm.

- Bəs radioya necə gəldiniz?

- Bir gün radioda gecə növbəsi üçün kastinq keçirdirdilər. Mən kastinqə gələndə gecikmişdim. ATV-yə gələndə mənə dedilər ki, gecikmisiniz, seçimlər dünən bitib. Çölə çıxdım və öz-özümə düşündüm ki, bir yol tapıb keçməliyəm içəri. Onda  direktorun heç Emin Musəvi olduğunu da bilmirdim. Mühafizəçi oğlana dedim ki, siz direktora deyin ki, mənim öz layihəm var. O da qayıtdı ki, onsuz da alınmayacaq, amma yenə də gəl, mərc kəsək. Sən girirsən içəri, alınmasa, mənə kontur alırsan. Razılaşdım və girdim içəri. Açığı heç bir lahiyəm də yox idi. Amma mən onu inandırdım ki, radioda mənasız şeylər çoxdur. Umumi danışdım bir sözlə. Mənimlə bərabər 5 nəfər də o kastinqdən keçmişdi. Yalnız 2 nəfər seçilməli idi. Onların arasında birinin təcrübəsi olduğuna görə, o artıq keçmişdi. Digər 4 nəfər arasından da mən seçilmədim. Bir nəfər tanışlıqla gəlmişdi deyə o keçdi. Mənə dedilər ki, sənin adın keçmədi orda. Sonra belə oldu ki, həmin adam gecə növbəsinə razılaşmadı və beləcə mən yenidən radioya qayıtdım.

Radioya gəlmək üçün mütləq gecə növbəsindən başlamalı idin. Necə deyərlər, yol oradan başlayırdı. Bir il gecə növbəsində işlədim. Sonra layihə, daha sonra məni gündüz növbəsinə keçirdilər. Gecə növbəsində olanda cəmi bir neçə saat yatırdım. Gündüzlər də başqa işlərimi görürdüm. Mənə gecə növbəsində işləmək sərf edirdi. 

- Heç peşman olmusunuzmu bu sahəyə gəlməyinizə?

- Xeyir olmamışam. Atam və qardaşım da jurnalistdir. Həmişə qardaşıma deyirdim ki, mənə kömək elə qəzetdə işləyim. Amma o həmişə bunun qabağını alırdı. Deyirdi ki, bu, iyrənc sahədir. Nə işin var burda? Sən get başqa iş gör. Deyirdim axı mən yaradıcı insanam. Onsuz da hara getsəm, bu işləri görəcəm. Özümü başqa sahədə görə bilmirdim. Elə oldu ki, qardaşım Amerikaya gedəndən sonra öz-özünə yolum açıldı. Bu yol radiodan keçdi. Bəlkə də, elə belə olmağı yaxşı oldu.

Radioya gəlməyə görə heç vaxt peşman olmamışam. Əksinə, necə deyərlər, mən radioya çılpaq gəlib, orda hər şeyini quran insanam. O vaxtı mənə deyirdilər ki, sən radioda gecə “dj” işləyirsən. Kiminsə qızını alanda necə ona deyəcəksən ki, mən radioda mahnı səsləndirirəm? Yəni kim sənə qız verər? Deməyim odur ki, ciddi yanaşmırdılar. Mən isə həmişə o insanlara deyirdim ki, sabah mənim bir çox uğurlu layihələrim ola bilər. Zamanı gözləmək lazımdır sadəcə.

Əvvəllər radioya çox da bağlanmaq istəmirdim. Düşünürdüm bir neçə ilə çıxıb gedəcəm. Bir gün elə oldu ki, Emin Musəvinin “Rəsmilər qeyri -rəsmi” verlişində redaktə işinə ehtiyac yarandı. Bir də qonaq tapmaq məsələləri... Mən o zaman deyirdim ki, sizin üçün hansı qonağı istəyirsiz, tapım gətirim (gülür). Mənə inanmadılar. İlk olaraq, akademik Mahmud Kərimova zəng elədim. Milli Elmlər Akademiyasinin prezidenti idi. Mahmud müəllim ünsiyyətə çox qapalı insan idi. Həm də o həmişə deyirdi ki, mən danışanda pis danışıram, ayıbdır.  Mən 10 dəqiqə telefonda onu inandırdım ki, Mahmud müəllim siz burada lazımsız və bu çox önəmlidir. Bu, sizin illər sonra baxanda xatırlayacağınız ən gözəl veriliş olacaq. Elə oldu ki, həmin vaxt bu layihə artıq TV formatı üçün hazırlandı. Mən onu yenidən inandırdım ki, həmin verilişdə ailə üzvləri də iştirak etməlidir. Beləcə, mənə inamları artdı. Qonaq qismində mənə daha çətin adamlar tapşırdılar. Ən çətin qonaqlarımdan biri Abid Şərifov olub. Yadıma gəlir ki, iki nömrəsi var idi. Özümə dedim ki, uzağı “yox” deyəcək də. Buna cəhd eləməliyəm. Mən təklif edəndə dedi ki, verilişdə qonağın ailəsi də olur. İstəmirdi ailəsi görünsün. Mən də dedim, gəlin, sizin özünüzü çəkək. Dedi baxarıq, danışarıq. Mənə bir ümid verdi. Bir həftə sonra dedi və beləcə bir ay süründüm onun dalınca. Və bir gün zəng elədim. Sanki məqamına düşdüm. Dedi cəmi 15 dəqiqə vaxtım var. Gəlirsiz, gəlin. Mən ona dedim gəlin bir saat edək. Razılaşdı. Və həmin çəkiliş 3 saat çəkdi hətta o, qeyri-rəsmi tərəfinə də çəkildi. Bundan sonra xeyli səfirlər filan çəkdik və özümü bir daha orada kəşf elədim. Bəlkə bu bir istedaddır, bəlkə mən insanları daha doğru yolla inandıra bilirəm. “Yox” cavabı aldığım o qədər insanlar olub ki... Səməd Seyidov, Abdulla Gül və s... Bir sözlə, bütün cəhdləri etmək lazımdır.

- Gözəl şeirləriniz var. Yəqin ki, bu gözəl şeirlərin gözəl oxucuları da çoxdur. Aparıcı kimi də məşhursunuz. Evdə-eşikdə davaya səbəb olmurlar ki?

- Yox, söz-söhbət yaratmır. Bəli, insan şeir yazarkən mütləq o hissi öncədən yaşamalıdır. Bəzən bu sənin keçmişdəki həyatında olan insanlarla bağlı ola bilər, bəzən tamamilə tanımadığın, təsadüfən rastlaşdığın birinə aid ola bilər. Elə bir hal olub ki, heç o adamın özünün də xəbəri olmayıb. İnsan olaraq xoşuma gəlib və mən də nəsə yazmışam.

Bir şeyi də danışım: Haradasa 4-5 ay bundan qabaq evdə şeir yazırdım. Mən şeir yazanda kimsə narahat edəndə çox əsəbləşirəm. Həmin vaxt da uşağın qızdırması var idi. Amma mən öz dünyamda idim. Yoldaşım da əsəbiləşirdi ki, uşağın qızdırması var, amma, sən şeir yazırsan. O istəyirdi ki, mən də onun kimi narahat olum. Ona bildirdim ki, bu, onsuz da sabah keçəcək. Amma indi bu şeiri yazmasam, itib gedəcək. Buna görə düşünürəm ki, düz eləmişəm.

Elə şeylər var ki, onlara yaradıcı tərəfdən sonradan baxırsan. İndi 10 il əvvəlki yazdıqlarmı oxuyuram və öz cəsarətimə heyran oluram ki, bunu mən yazmışam?  Şeir yazmaq elə bir hissdir ki, bu gün yazanda o maraqlı olmaya bilər. Amma sabah siz onu oxuyanda çox maraqlı gələcək. Bir də yazılan hər şeir uğurlu ola bilməz axı. Elə dahi şairlərin özündə də belədir. Məsələn, Rəsul Rza və ya Vaqif Səmədoğlunun kitabı. İçində bütün şeirləri sevərək oxumuruq axı. Bir neçəsini bəyənirik. Vaqif Səmədoğlu böyük şairdi, amma bu o demək deyil ki, onun bütün şeirləri gözəldir. Mənim ən uğurlu şeirlərim o vaxt yazılıb ki, həmin an mən onu başa düşməyərəkdən yazmışam. Məsələn, “Ən gözəl yağışlar Tiflisə yağır, ən böyük ümidlər Bakıda ölür” şeirim. Həmin vaxt mən Tiflisdən 4-5 günlük tədbirdən qayıtmışdım. Hisslərim qarışmışdı bir-birinə. Orda ermənilərlə görüşmüşdük. Hətta xoşuma gələn bir qız var idi. Şeiri 2011-ci ildə yazmışdım. Subay idim. Amma düşünürəm ki, insanın kimdənsə xoşu gəlməyi evli-subay olmağından aslı olmayan bir şeydir. Həm də elə olsa belə mən onu heç vaxt bildirmərəm. Bu, insanın daxilində olan bir hissdir və özünə aid olmalıdır.

Əslində mən bu şeiri yazanda sevgi şeiri yazmaq istəyirdim. Yazıb bitirəndən sonra öz-özümə dedim ki, bu nə şeirdi belə?.. Axı bunu yazmaq istəmirdim. Ən gözəl yağışlar Tiflisə yağır, ən böyük ümidlər Bakıda ölür...  Əslində bu, həm də, sevgi ilə bağlı ölən bir ümid idi. Amma sonra davamı elə gəldi ki, mənim 5 gün ərzində yaşadığım Qarabağ, Ermənistan-Azərbaycan, Qafqaz məsələsi, tamamilə ona aid oldu. Bu gün də oxuyan hər kəs deyir ki, həmin dövrün siyasi mənzərəsini göstərən ən gözəl şeirdir. O şeir o qədər gözəl qarşılandı ki, hər kəs onu paylaşırdı.  Mən isə sabahı gün anladım ki, niyə paylaşırlar.

- Bəs belə durumlarda həyat yoldaşınız qısqanmır?

- Xeyr. Həm də yoldaşım  rusdilli olduğuna görə bizim dildə olan mətnaltı mənaları çox da dərindən başa düşmür, özü də çox dərinə getmir. Mən yaradıcı insanam. Yəni, mənim həmişə virtual sevgililərim olacaq. İnsan virtual sevgililəri niyə qısqansın ki? Mənim xəyalımda bir qız obrazı var və mən ona şeir yazmaq istəyirəm. Burda nə var ki? (gülür) Demək istəyirəm ki, yaradıcı insanın üstünə getmək olmaz. Yaradıcı insanlar həmişə özünə yazmaq üçün problem axtarır ki, əziyyət çəkirəm və yazmaq istəyirəm. Bir sözlə, ailəni, ailə qayğılarını, iş problemlərini və özünə aid olan dünyanı ayırmalısan.

- Radio sahəsində uğurlu bir simasız. Sirrlərini paylaşa bilərsizmi?

- Radioda ən başlıca uğur odur ki, sən səmimi olmalısan. Kənarda səni görəndə deməməlidirlər ki, axı bu radioda başqa cürdür. Yəni mən həyatda elədiyim zarafatı efirdə də edirəm. İşdən sonra necəyəmsə, efirdə də eləyəm, obraza girmirəm. Bu işin bir az pis tərəfi də var. Mənə həmişə deyiblər ki, sən təhlükəli adamsan. 10 ildi radioda çalışıram və həmişə bu sözü eşitmişəm. Ona görə ki, bir az emosional insanam, həm də narazı olduğum bir şeyi efirdən deyən adamam. Ola bilər ki, bu kiməsə xoş gəlməyə bilər. Efirdən kimisə tənqid edə bilirəm. Həmişə deyirəm ki, başqa cür ola bilmərəm.

Kimisə təhqir etmirəm ki, bu sadəcə tənqiddir və normaldır, olmalıdır. Hətta elə mövzular olub ki, ona toxunmaq istəmişəm, sadəcə icazə olmayıb. Dinləyici mənə yazıb ki, sizdən gözləməzdim. Mən də əvəzində üzr istəyib demişəm ki, qoymadılar. Elə şeylər var ki, bəzən nə yaxşı o mövzulara toxunmamışam deyirəm. Bu baxımdan düşünürəm ki, mən rəhbər işdə olmamalıyam. Bu düzgün olmazdı. Mən ancaq yaradıcı mühitdə olmalıyam. Uğurum da məhz budur.

- Sizcə, aktiv ədəbi çevrədə qalsaydınız, bu qədər uğur qazana bilərdinizmi?

- Bilmirəm. Mən əslində onu sonraya saxlamışam. Fikirləşirəm ki, bəlli bir vaxtdan sonra mən aktiv ədəbi fəaliyyətə başlayacam. Çünki mənim bu dəqiqə həll etməli olduğum daha vacib məsələlər var. Yaradıcılıq daha çox məhrumiyyətlər olanda gözəl alınır. Düşünürəm ki, o məhrumiyyətləri özümə verə biləcəm nə vaxtsa. Bu gün ədəbi mühit yoxdur. Bəlkə daha yaxşı şeylərdən yazmaq olar. Mənim oxuduqlarımdan Səməd Vurğunun kolxoz sədri dahi deyil, insanı dahi edən etdiyi risklərə görə yaşadıqlarıdır.

- Bu qədər işin arasında kitab oxumağa vaxt qalmaz güman ki...

- Xeyr, kitab oxumağa hər zaman vaxt tapıram. Ən son Berluskonini oxumuşam. Siyasi motivlər çox olsa da, ən maraqlı yerləri budur ki, Berluskoni əvvəllər adi bir makler olub. Onu oxuyanda öz həyatımla müqayisə aparırdım. O qədər makler var, hamısı Berluskonidirmi? Yox. Berluskoni daha riski sevən adam olub. O, əvvəlcə  layihə alıb satmağa başlayıb, sonra kanal alıb, bir sözlə, bu riskləri etmək lazımdır. Bu gün mənim də iki layihəm var radioda. Mən daha aqressiv və daha riskli layihələr etməyi sevirəm. Artıq buna hazırlaşıram da. Mənim üçün oxuduğum qəhrəmanların dönüş nöqtələri daha önəmlidir.  

- Aytən Səfərova ilə yollaşa bilirsizmi? Bəzən mənə elə gəlir ki, Aytən xanım daha çox danışmaq istəyir...

- Sizə elə gəlir ki, Aytən çox danışır. Səmimi deyim ki, Aytən televiziyanı çox sevir. Mən isə tamamilə televiziyadan uzaq, kamera sevməyən adamam. Mənə  dəfələrlə radio verilişin TV formatını təklif etsələr də, qəbul etmirəm. Çünki mən özümü televizyada görə bilmirəm. Həm də Aytəni pisləmək istəmirəm. Yaxşı qızdır (gülür). Təcrübəli jurnalistdir. Amma hərənin öz formatına uyğun verlişləri var.

- Xaricə səyahətləriniz çox olur deyəsən... Ailə problemləri və davamlı gəzintilər. Bunları maddiyat olaraq necə bölüşdürürsüz? Bunu etmək istəyən yüz minlərlə insan var. Amma edə bilmirlər. Onlara məsləhətiniz nədir?

- Xarici səyahətlərimin 60-70 faizini təşkil edən şirkətlər var. Verlişim avtomobillərin ehtiyat hissələrinə aid olduğuna və onlar da xaricdən gəldiyinə görə səfərlərimiz çox olur. Məsələn, 4-5 günlük bir tədbirə gediriksə, 1-2 gün əlavə öz hesabıma gəzirəm. Beləcə mənim xərclərim az çıxır. Bəzən də elə olur ki, getdiyimiz şəhərlərə yaxın şəhərləri seçirəm.

Amma öz hesabıma gedib gəzdiyim şəhərlər də çoxdur. Onu da deyim ki, bu bir xəstəlikdir. Adam öyrəşdisə, eləcə bunu davam elətdirmək istəyir. Həm də əvvəlcədən ucuz biletlər düşəndə alıram. Bəlkə də, bir az yaxşı görünməyəcək, amma mən gəzdiyim ölkələrdə qəhrəmanları axtarmağa gedirəm. Mən Bonopartın doğulduğu yerə getmək istəyirəm. Vilayət Quliyevin “Firəngistan məktubları” kitabını oxmuşdum. Orda mifik hadisələr çox idi. Bir sözlə, oxuduğum kitablardakı qəhrəmanların yerini, yaşadığı evləri gedib görmək istəyirəm. Obamanı tərcümə edəndə o  qədər təsirə düşmüşdüm ki, artıq yuxularımda da Obamanın bibilərini, qohumlarını görürüdüm. Ümid edirəm ki, bir gün ora da gedib çıxacağam. Bəzən mənə elə gəlir ki, onlar da məni tanıyır.

- Tərcümə işini birdəfəlikmi dayandırdınız?

-Bəli, dayandırmışam. Amma bu yaxşı bir iş idir. Sən bunu sonra reallaşdırmaq haqqında düşünürsən. Dərindən nəfəs alıb növbəti etapa keçirsən. Yaradıcılıq xəyallarla yaşamağı tələb edir. Məsələn, mən Berlinə gedəndə orada xatirələr axtarırdım.

- Sizcə tamaşaçı və dinləyicinin istədiyini hazırlamaq şərtdir, yoxsa?

- Əslində bir balans olmalıdır. Həm tamaşaçı istəyini nəzərə almalısan, həm də, sənin hazırladığını tamaşaçı sevib dinləməlidir. Məsələn, mən “əvvəla salam” rublikasını təklif edəndə hamıya qəribə gəldi ki, səhər verlişində bu nə rublikadır? Amma bir müddət sonra bu rublika sevildi. Yəni təqdimatı elə etməlisən ki, onu tamaşaçı sevsin.

- Radioda işləyəndə elə bir təklif almısız ki, sonradan o təklifi qəbul etməmisiz deyə peşman olmusuz?

- Bəli, təkliflər almışam. Amma “yox” dediyim üçün peşman olmamışam. Ən qəribə təklif isə bankdan olub. Zəng edəndə elə bildim ki, sponsor olmaq istəyirlər. Görüşəndə isə mənə dedilər ki, sizə nə qədər pul təklif eləsək, radiodan çıxıb bura gələrsiniz? Dedim ki, məbləq nə olur olsun, gəlmərəm. Mən onlara bildirdim ki, radiodan 5 il sonra sizin verdiyinizdən qat-qat artığını qazana bilərəm. Həm də radio mənim sevdiyim işdir. Ümumiyyətlə, mən oturaq və ofis işlərini bacarmıram. Oturaq həyat məni məhv edər deyə, bir qorxum var. Ona görə həmişə qaçhaqaçda olmağı daha çox sevirəm. Yəqin həm də bu işin sirrli tərəfidir.

- Bir radikal qərar verib operatorluqdan aparıcılığa gəldiniz. Növbəti belə radikal qərar varmı beyninizdə? Sizdən nə gözləyək?

- Bəli, ağlımda dəyişiklik planları var. Amma onu hələ demək istəmirəm. Daha çox biznes sahəsinə doğru dəyişiklik olacaq.Təxmini deyim, xidmət sektorunda bir yenilik olacaq. Bizdə ən problemli sahə budur. Yəni, bu başqa bir şey də ola bilər. Yeni ideyalarım var. Çox güman ki, pis mənada təəccübləndirməyəcəm. Məni başqa sahələrdə görmək istəyənlər çox olur. Sadəcə insan hər sahədə uğur qazana bilmir. Məsələ budur.

Gülnar Nazimqızı

Foto: Bəşir Əli

Müsahibə üçün bizə yaratdığı şəraitə görə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi,40 ünvanında yerləşən “Neşve” restoranına dərin minnətdarlığımızı bildiririk.

 









Redaktorun seçimi