Əməkdar artist Azad Şükürov: “Yaxşı edib, çəkilmişəm...” - FOTOLAR

Hit: 6639
Əməkdar artist Azad Şükürov: “Yaxşı edib, çəkilmişəm...” - FOTOLAR

“Teatrda çəkilən zəhmət qul əməyidir”

Faktor.az-ın müsahibi Azərbaycanın tanınmış teatr və kino aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, dosent, əməkdar artist Azad Şükürovdur:

- Azad Şükürovu daha yaxından tanıyaq...

- Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olmuşam. Hələ orta məktəbdə oxuduğum illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən biri idim. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv oldum. İlk çıxışımı Eyvaz Məmmədovun rəhbərlik etdiyi dərnəkdə etmişəm. Hətta təklif etdilər ki, rayonda qalım, işləyim. Amma mən oxumaq istəyirdim.

Bakıda İncəsənət İnstitutunun  aktyorluq fakültəsinə hazırlaşdım. Birinci il qəbul ola bilmədim. Rayondan gələndə elə bilirdim ki, tanınmış aktyoram, hamı məni tanıyır. Daha sonra gördüm ki, burda başqa tələblər var. Bir il tikintidə işlədim, rayona qayıtmağa utanırdım. Evdən təklif elədilər ki, sənədlərimi başqa ali məktəbə verim. Amma mən aktyorluğa olan sevgimdən dönmədim.

Növbəti il Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursuna qəbul oldum. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) çalışmışam. 1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında işləmişəm. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında 6 il kafedranın müdiri olmuşam, indi də elə orda dosentəm. Eləcə də, bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərirəm.

- Uzun zamandır ki, teatrdan ayrılmısız. Bəs teatrı sevən adam necə teatrdan bu qədər ayrı qala bilir?

- Uzun bir müddət Bələdiyyə Teatrında işlədim.Təxminən, 2009-cu ilə qədər. O teatrda çox yaxşı rollarım oldu. Xarici səfərlərimiz çox oldu. Elə fəxri adı da, o teatrda çalışdığım zaman aldım.Teatrdan ayrıldıqdan sonra tam pedaqoji fəalliyyətlə məşğul olmağa başladım. Eyni zamanda, filmlərə, seriallara çəkilirəm. Yaradıcılıqdan kənarda qalmamışam. Hazırda heç bir teatrda çalışmıram. Çox təəssüf... Amma dəvət etsələr, mütləq yenidən teatra qayıdaram.

Teatrda nə baş verdiyini o zaman demək olar ki, insan onu düzəltmək ixtiyarında olsun. O prosesləri yoluna qoymaq mənim ixtiyarımda deyil. Teatr elə bir yerdi ki, ora heç kim qazanmaq üçün gəlmir, adamı qazancdan qoyur. Çünki teatrda çəkilən zəhmət qul əməyidir. Səhərlər məşq, axşam tamaşa, şənbə-bazar tamaşa. Camaat bayramda istirahət edəndə sən bayramda tamaşaya hazırlaşırsan.

Bəli, budur qul əməyi. Sən qul əməyinin müqavilində heç bir dəstək görmürsən, əksinə əzab çəkirsən və nəticədə bezirsən.

Ammam aaşın azlığı və çəkdiyim fikizi əziyyət mənim teatrdan getməyimə səbəb olmayıb. Mən tələb olunan aktyoram. Əksər dövlət tədbirlərində, konsertlərdə oluram, rayonlara dəvət alıram. Bəzən el şənliklərinə dəvət alıram. Yəni mən teatrdan maddi sıxıntıya görə getməmişəm. Başqa məsələlərə görə ayrılmışam ki,  bu haqda danışmaq istəmirəm... Teatrda olmasam da, özümü səhnədən kənarda heç zaman hiss etməmişəm.

- Sizcə, aktyor 170 manatla necə dolanmalıdır?

- Siz bu sualı mənə verməli deyilsiz, çünki, bu işlərə dəyər verəsi şəxs mən deyiləm. Necə deyərlər: “Olsaydı öz əlimdə ixtiyarım, olmaz idi səndən özgə yarım”. Əlimdə olsaydı, mən aktyora böyük dəyər verərdim, maaşını da qaldırardım.

Ölkə başçımız kifayət qədər aktyorlar üçün şərait yaradıb. Amma teatrda işləyən yaradıcı adamların maddi cəhətdən təminatında problemlər var. Bunu gizlətməyin mənası yoxdur. Bəli, bir qisminin o problemləri dövlət tərəfindən həll olunur. Prezident mükafatı olur, yaşlılara prezident təaqüdü ayrılır, bəziləri mənzillərlə təmin olunurlar. Ancaq baxmayaraq ki, mən dövlət tədbirlərində iştirak edirəm, hərbi hissələrə gedirəm, mənə bu imtiyazların heç biri verilməyib. Bu da mənim taleyimdir. Şükür Allaha, özüm-özümü dolandıra bilirəm.

- Həmkarlarınızdan biri demişdi ki, yaxşı aktyor reklama çəkilməz, toyda masabəyilik eləməz. Siz reklamların birində çəkilmisiz. Doğurdanmı yaxşı aktyor reklama çəkilməməlidir?

- Xeyr, yaxşı aktyor reklama da çəkilməlidir, məclislərə də getməlidir, toy da aparmalıdır, tamaşa da oynamalıdır. Yaxşı aktyor odur ki, bütün bunları bacarsın. Kimsə bunu qoruyub, saxlaya bilmirsə, onu apar lap qızıl qəfəsə sal, başına tac qoy, xeyri yoxdur. Sənətini qoruyub saxlaya bilən adam hər bir sahədə işləyə bilər.

Bu mənim peşəmin kommersiya tərəfidir. Məgər mənim taleyimə yazılıb ki, teatrın heç kimə lazım olmuyan məvacibi ilə işləyim? Niyə? Allah mənə bu qabiliyyəti veribsə, niyə istifadə etməyim? Mənim də uşaqlarım yaxşı yaşamaq, yaxşı geyinmək istəyir. Mən bir atayam, ailə başçısıyam və onları saxlamaq mənim borcumdur. Toyda masabəyi də olmuşam, reklama da çəkilmişəm. Necə deyərlər, yaxşı eləmişəm.

- İndiki gənclər aktyor olmaq üçün daha rahat yolları seçirlər. Sizcə, bu sənətdə asan yol axtarmaq doğrudurmu?

- Bu gün efirləri hurra ilə tutan sənət adamları, aktyorlar çoxdu. Onu deyim ki, çox zəifdilər. Arzu edirəm ki, bir təhsil alsınlar, bu peşəni öyrənsinlər. Çünki aktyorluq yetərincə çətin və mürəkkəb peşədir. Hay-küylər, “dartma, yaxam cırıldı”lar gəldi gedərdi. Sənətdən uzaq söhbətlərdir. Doğrudur, bu cür hallar müəyyən bir dövr üçün adamın diqqətini cəlb edə bilir. Amma bunlar əsl sənət deyil.

- Tələbələriniz varmı?

- Tələbələrim çoxdur. Mən onların adını çəkmək istəmirəm. Kifayət qədər uğurlu aktyorlardır. Hətta, içlərində fəxri adlar alanlar da var. Bəziləri Türkiyənin bir neçə kanalında fəaliyyət göstərir. Mən əlimi ürəyimin üstünə qoyub fəxrlə deyə bilərəm ki, Azərbaycan mədəniyyəti üçün kifayət qədər işlər görmüşəm.

- “Vicdan haqqı” serialında Telman obrazını yaratdınız. Çox sərt bir ata və qaynata idi. Həyatda necəsiniz?

- Telmanın xarakterində çox şey var ki, mən onları qəbul edirəm və bəyənirəm. Çünki Telmanın Azərbaycan kişisinə uyğun xarakterləri çoxdur. Əgər mən Telman olsaydım, mübahisə düşən gündən gəlini gətirib toy olan günə kimi evimdə saxlayardım. Daha Telman kimi onları çöllərə salmazdım.

Bu rolumdan sonra çox adam zəng edib təşəkkür etdi ki, xeyli ibrət götürdük. Hətta, gəlinlər mənə yazıb ki, çox sağ olun, qaynatamız sizin obrazınızdan özü üçün dərs götürdü.

“Vicdan haqqı” serialı ümümilikdə peşəkarların ortaya qoyduğu bir zəhmət idi. Ona görə o serial bu qədər sevildi. Mən yenə deyirəm, hamısı qul əməyinin hesabına başa gələn işlərdi. Elə olub ki, beş dəqiqəlik epizodu biz bir gün vaxt sərf etməklə çəkmişik.

Tamaşaçılara bir şad xəbər də deyim ki, Rövşən İsaxın yeni bir serialı gəlir. Bu “Vicdan haqqı”ndan da möhtəşəm serial olacaq.

İndi bəzi seriallarda biabırçılıq çoxdu. Kimisi serialda telefonla danışarkən maşın sürür, kimisi sükan arxasında kəmərsiz oturur. Bu cür nüanslarla çəkiliş edib, efirə vermək bizi aşağılamaqdır sadəcə. Bizi peyklə izləyirlər. Hər şeyə doğru əməl etsək, olmazmı? Seriallar elə çəkilməlidir ki, ailə bir yerdə oturub baxa bilsin. Axı bizim milli dəyərlərimiz var.

- “Təhminə və Zaur”un serial formasında efirdə yayımlanması nə qədər doğru addım oldu sizcə?

- Elə mövzular var ki, onlara toxunanda ehtiyatlı olmaq lazımdr. Bu əsər həm teatrda, həm yazılı ədəbiyyatımızda kifayət qədər uğur qazanan əsərlərdəndir. Bu qədər uğurdan sonra onu yenidən çəkmək üçün ehtiyatlı olmaq lazım idi. Bəli, bizim seriallarda yavaş-yavaş inkişaf var. Ümid edirəm, bir zaman olacaq ki, hər şey düzələcək. Onsuz da dünyanın hər yerində ucuz və kefiyyətli seriallar olur və olmalıdır. Hamı bir şeyi başa düşməlidir ki, aktyorluq bir sənətdir. Burada yaradıcılıqla məşğul olan insanlar işləməlidir. Yoxsa, hərə əlinə bir kamera alıb düşüb ortaya... Mən indi “gənclərin çəkdiklərini bəyənmirəm” deyə bilmərəm... Deyəcəklər bəyənmirsən bəs bu qədər caamatın tələbatı niyə var? Pisdirsə, niyə bu qədər insan baxır? Onları tam olaraq qınamaq da yanlışdır.

-Elməddin, Fərda, Müşfiq və digərləri yetərincə  istedadli gənclərdir. Problem budur ki, onlar təhsil görməyiblər, dünya serial estetikaçılığından geri düşüblər. Bu sahədə güclü rejissorlarımız çoxdur. Olanlar da sinəsini qabağa vermir. Çünki maddi cəhətdən təminat məsələlərində problemlər var. Mənim kimi bir aktyor Türkiyədə, Gürcüstanda, Belarusda nə qədər pul alır, bilirsizmi? Mən aldığımız qonararı deməyə utanıram. Ən yaxşı halda bu 200 manata çatır.

Oturub hər şeyi dibindən baltalamaq da asandır. Ancaq bizə yaraşmaz axı. Mən müəllim adamam. Dediyimiz bu əcaib işləri görənlərin çoxu mənim tələbələrimdir. Elə Rafael və Coşğuna, “Bozbash pictures”in bütün aktyorlarına dərs demişəm. Mən onları qınamıram. Çünki cəmiyyət bunu istəyir, onlar da bunu çəkirlər. Rafael və Coşqun teatrda işləyən vaxtı yetərincə savadlı uşaqlar idi. Amma acından ölürdülər. İstedadlı adamlar həm də ağıllı adamlardır. Gördülər camaatın tələbi başqadır, tələbata getdilər.  20 ilə yaxındır “Bu şəhərdə” var. Reallıqla yanaşanda düşünürsən ki, nə etməlidirlər axı? Dövr bunu tələb edir. Əslində Rafael və Coşqun Otello, Hamlet oynayacaq qədər savadlı uşaqlardır.

Bir gün Rafaellə görüşəndə də dedi ki, özün başa düşürsən də, uşaq deyilsən ki... Bunu tələb edirlər, mən də bunu istehsal edirəm. Acından ölməliyik?  Eləcə də “Bozbash pictures”in uşaqları, bütün ölkəni əllərində fırlada bilirlərsə, deməli, çox savadlıdırlar. Bu yazıq aktyorlar  kimin üçün əziyyət çəkməlidir axı? Məgər Fuad Poladovu qiymətləndirdilər, onları da qiymətləndirsinlər? Axı teatrın bu günki durumu göz qabağındadır.

Bütün bunlar qayda-qanun çərçivəsində olsa, əmin olun ki, ölkəmizdə  kino və teatr sahəsində yetərincə uğurllar olar. Bizim ölkədə aktyorun dəyəri lazımınca verilmir. Necə deyərlər, ucuz ətin şorbası dadlı olmaz.

Yetərincə tanınan, savadlı yazıçılarımız, rejissorlarımız da  var. Onlara yaxşı pul verəndə görün necə gözəl seriallar ortaya qoyarlar. Həqiqi istedadlara dəyər

vermək lazımdı. Nə zamana kimi hansısa yoldan keçəni, hansısa idmançını bu kinolara çəkəcəklər?

- Azad müəllim, niyə həmişə deyirlər ki, Yaşar Nuri, Siyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorlardan bir daha olmayacaq?

- Nəsil dəyişən dövrdə həmişə belə söz-söhbətlər olub. Mənim fikrimcə, teatr dəyişməlidir, yeni nəsil gəlməlidir. Gənclərin arasında kifayət qədər uğurlu aktyorlar var.

- 25-30 il teatr sahəsində çalışmısınız. Arzusunda olduğunuz rol qalıbmı?

- O qədər... Mənim teatrda bu cəhətdən bəxtim gətirib. Lənkəranda, Tədris Teatrında, Şuşa Teatrında, Bələdiyyə Teatrında yetərincə uğurlu rollarım olub və onlar bu günə kimi fondlarda qalır. Bir az kino sahəsində rollarım zəif olub. O da teatra çox bağlı olmağımla əlaqədardır.

- Yeni seriallara dəvət alırsızmı?

- Bəli, bir neçə seriala dəvət almışam, amma getməmişəm. Yaxınlarda bir serialın iki seriasına çəkildim. Sonra gördüm mənlik deyil, imtina etdim. Bunu özləri də etiraf etdi. Ən vacib məsələ odur ki, aktyor imicini qorumalıdır.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Bu gün mənim altmış illik yubileyimdir. Çox arzu edərdim ki, bu, kanallarımızın diqqətində olsun. Çünki mən bu xalqın yetərincə tələb olunan aktyoruyam. Sizə də dəvət üçün təşəkkür edirəm. Oxucularıma isə demək istəyirəm ki, hər şeyin yaxşısını onlar özləri görür. Necə deyərlər, xalqın gözü tərəzidir.

Gülnar Nazimqızı

Foto: Bəşir Əli

Müsahibə üçün bizə yaratdığı şəraitə görə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi,40 ünvanında yerləşən “Neşve” restoranına dərin minnətdarlığımızı bildiririk.


 









Redaktorun seçimi