İzzət Bağırov "qaynını" və "qayınatasını" öldürdü - TƏFƏRRÜAT

158 dəfə oxunub
İzzət Bağırov "qaynını" və "qayınatasını" öldürdü - TƏFƏRRÜAT
Yəqin ki, yazının başlığı diqqətinizi çəkdiyi üçün xəbərı açıb oxumaq qərarına gəldiniz. Öncədən deyim ki, müğənni həyatda nə qaynını, nə də qayınatasını öldürməyib. Düşünürsünüz ki, başlıqda sizi aldatmışam? Bu da tamamilə yanlışdır. Çünki qayın və qayınata sözlərini dırnaqda yazmışdım. İndi keçək mətləbə.

Dünən uzun müddətdir haqqında danışılan "Ümidlər puç olanda" filminin təqdimat mərasimi keçirildi. O filmin ki, baş prodüseri və ssenari müallifi İzzət Bağırov, quruluşçu rejissoru Samir Qulamovdur. Bu film tənqid olunmağa başlayanda, hələ çəkilişləri yekunlaşmamışdı. Biri dedi ki, İzzət hara, film hara? Başqa biri Samir Qulamovun işinə mız qoymağa çalışdı. Ancaq maraqlısı odur ki, dünənki təqdimatda həmin mızqoyanların əksəriyyətini görmədim.

Şübhəsiz ki, film qüsursuz deyildi. Ancaq öncə filmin məğzini tamaşaçı kimi (məhz tamaşaçı kimi) izah etməyə çalışım.

Hadisələr Bakı şəhərində cərəyan edir. Şərik və dost olan olan iki işi adamından biri digərinin yerinə yeddi il həbs cəzası çəkir. Razılaşmaya əsasən Rza Seyidbəyli (Kazım Abdullayev) həbsdə olduğu müddətdə şəriki Hikmət Babayev (Əjdər Zeynalov) onun ailəsinə öz qardaşının ailəsi kimi baxmalı, mütəmadi olaraq şərikini həbsxanada ziyarət etməlidir. Ancaq H.Babayev nəinki bu vədə əməl edir, hətta Rzanın həbsdə olmasından istifadə edərək, ona məxsus torpaqları və digər obyektləri də əlinə keçirir. Rzanın iki övladı var-Cavad İzzət Bağırov)  və Zeynəb (Asya Atakişiyeva). Cavad da bizneslə məşğuldur, Zeynəb isə ali məktəbi bitirib, işləmir.

Hikmətin qızı Dəniz (Gülşən Hüseynli) də ali təhsillidir, heç yerdə çalışmır, oğlu İlyas(Manaf Dadaşov) isə qumarbazdır, narkotik qəbul edir. 

Təsadüf nəticəsində Rzanın oğlu Cavadla Hikmətin qızı Dəniz tanış olurlar, bir-birinə vurulurlar. Ancaq ailələr bu münasibətdən xəbərdar olunca, gənclərin istəyini əngəlləməyə çalışırlar. Daha doğrusu, Cavad Dənizin Hikmətin qızı olduğunu biləndən sonra onun zənglərinə cavab vermir. Dəniz isə anasıyla atasının xəlvət söhbətinə qulaq asır və atasının necə insan olduğunu öyrənir. 
Bu arada Rza Hikmətlə haqq-hesab çürütmək üçün onun iş yerinə gəlir. Keçmiş şəriklərin əlbəyaxa olduğu məqamda içəri daxil olan İlyas Rzanı öldürür. Hadisənin üstünü atasıyla bir gün öncə eşitdikləri barədə danışmağa gələn Dəniz açır və Cavada bu barədə məlumat verir. Cavad dostu Aslanla Hikmətdən qisas almağa gəlir. Babayevin obyektindəki atışmada Cavadın Aslan adlı dostundan başqa hər kəs ölür. Cavad anasını və bacısını son anda dostu Aslana tapşırır. Ancaq o bilmir ki, Aslan illərdir onun bacısı Zeynəbi sevir. 

Səkkiz il sonranı əks etdirən kadrlarda Aslan həbs müddətini başa vurub və Zeynəblə ailə qurub. Dənizin anası (Mehriban Xanlarova) isə psixiatrik xəstəxanadadır. 


Ayrı-ayrı aktyorların filmdəki işinə nəzər salanda kimisə xüsusi fərqləndirmək olmur. Ancaq Mehriban Xanlarovanın final səhnəsindəki "dəliliyi" bəlkə də onun aktrisa kimi yaradıcılığının pik nöqtəsidir. Bir çox mənfi obrazların mahir ifaçısı Kazım Abdullayev bu filmdə sübut etdi ki, onun üçün obrazın mənfi, yaxud müsbət olması elə də əhəmiyyət kəsb etmir. Adətən mənfi obrazlar canlandıran Əjdər Zeynalov bu dəfə də işinin öhdəsindən məharətlə gəlmişdi. Manaf Dadaşovun Melkomyan obrazından sonra tüfeyli İlyası canlandırması şəxsən mənimçün bir tamaşaçı kimi xeyli maraq doğura bilmişdi. Düzdür, deyə bilərsiniz ki, İlyas da Melkomyan kimi cinayətkardır. Ancaq tüfeyli İlyas bir az da baməzədir deyə, Manafın işinin bu filmdə yetərincə çətin olduğunu deyə bilərik. Asya Atakişiyevanı Samir Qulamovun nisbətən uğursuz seçimi hesab etmək olar. Bəlkə də həmkarları, rejissorlar və tamaşaçılar üçün Asya çox istedadlıdır. Mənim də onun istedadına şübhəm yoxdur. Lakin danılmaz fakt bundan ibarətdir ki, Atakişiyevanın oynadığı bütün obrazların altmış faizində ÖZÜ var. Aktyorların diliylə desək, aktrisa hələ də istər filmlərdə, istər seriallarda özünü oynayır.
Etiraf edim ki, Gülşən Hüseynli adını eşidəndə bir az tərəddüd etmişdim. Düzdür, hələ onun oynadığı böyük obrazlardan danışmaq tezdir. Ancaq "Xəzər" telekanalında yayımlanan "Toydan sonra" serialındakı "Papişkonun qızı", bu dəfə sonradan atasına nifrət edən qızı təcrübəsini nəzərə alsaq, yetərincə inandırıcı oynaya bilmişdi. 

Və son olaraq İzzət Bağırovla bağlı bir neçə kəlmə...

İzzət Bağırov bundan sonra əlli filmə çəkilsə də, Azərbaycan tamaşaçısı üçün müğənni olaraq qalacaq. Çünki bizim cəmiyyət üçün formalaşmış "meyarlar" var. Məsələn, biz Telli Borçalını aşıq kimi qəbul edə biləcək qədər insaflı, həmin xanımı aşıq hesab etməklə peşəkar saz-söz ustadlarına haqsızlıq edəcək qədər insafsızıq. Mövzudan uzaqlaşmadan deyim ki, şəxsən bu filmdə İzzət Bağırovun aktyor bacarığını kəşf etmiş oldum. Bu o demək deyil ki, İzzət böyük aktyordur, yaxud böyük aktyor olacaq. Lakin danılmaz həqiqət bundan ibarətdir ki, Bağırov bu gün özünə "aktyoram" deyib, mizanın nə olduğunu bilməyənlərin yanında AKTYORDUR. 
nanmırsınız? Buyurun, filmə baxın. Kinoteatrlarda... olke.az



Redaktorun seçimi