Kənan Fərda ilə Müşfiqə əsəbləşdi: - “Həddinizi bilin”

Hit: 1923
Kənan Fərda ilə Müşfiqə əsəbləşdi: - “Həddinizi bilin”

Kənan M.M: “Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox”. 

Faktor.az xəbər verir ki, aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev "Hər şey daxil" verilişinin qonağı olub. Aparıcıların “Rejissor Kənan M.M. deyib ki, komediya çəkənlər və onu izləyənlər boş insanlardır. Onun fikirlərinə münasibətiniz necədir?” sualına aktyorlar gülərək cavab verib.

F. Xudaverdiyev rejissorun sözlərini ciddi qəbul etmədiyini deyib:

"Kənanı ciddiyə almayın. O özü də komediya çəkib. Tutmadı deyə belə danışıb. Ən birinci "Ay brilliant"ı çəkmişdi. Bizdə dram janrında olan filmlərin maraq doğurmamasına səbəb türk seriallarıdır. Onlar hər bölümü film kimi çəkir. Bizim çəkəcəyimiz dram filmi o seriallardan gözəl olmalıdır ki, tamaşaçı bizə inansın”.

M.Şahverdiyev bildirib ki, Kənan çəkdiyi filmlərə tamaşaçını inandıra bilmir:

"Kənan dostumuzdur. Arada əsəbləşir, status yazır. Əsəbini şeirlə çıxarır. Kənan çəkdiyi filmlərlə tamaşaçını inandıra bilmir. Sovet hökuməti dağılandan sonra dram janrında filmlər çəkilmədi. Amma komediya janrında verilişlər çəkildi. Dram janrında çəkilən filmlərin süni alınmasının səbəbi budur".

Aktyorların sözləri rejissoru özündən çıxarıb. Musavat.com xəbər verir ki, Kənan M.M Fərda ilə Müşfiqin fikirlərinə sosial şəbəkədə cavab verib.

“Həyatım boyu bir sözü dilimə gətirməzdən öncə o sözün məsuliyyətini daşıya bilib-bilməyəcəyimi düşünmüşəm. Ağzımdan çıxan sözün məzara qədər arxasında durmuşam. Bu daim belə olacaq. Ətrafımdakı insanlar necə biri olduğumu bilir. Heç kəsə tanımadığım halda qiymət verməmişəm. İnsanlara sahib olduğu sənətinə, cinsiyyətinə görə dəyər verməmişəm. Azərbaycanda ilk komediya çəkən rejissorlardan olmuşam. Baxmayaraq ki, tərzim deyil. Həmişə Azərbaycanda çəkilən komediya filmlərini səhifəmdə paylaşmışam. Amma Fərda ilə Müşfiq qardaşımız efirdə məlumatları olmadığı halda, tələsərək “Kənan M.M komediya çəkənləri və izləyənləri boş insan adlandırır” cümləsini işlədiblər. Kiməsə “boş insan” demək mənim əqidəmə yaraşmaz. Bu cür fikirləri səsləndirmək ailəmin verdiyi tərbiyədə yer almayıb. Ayıbdır. Əgər, belə fikir səsləndirmişəmsə, videosunu, səs yazısını gətirsinlər. “Kənan M.M-in çəkdiyi dram filmləri izlənmir, ona görə komediya çəkir” deyiblər. Bəli, haqlısınız. Çünki mənim kimi düşünənlər sizin kimi düşünənlərdən azdır. Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Əgər bu cümləni öz bildiyiniz kimi başa düşürsünüzsə, başın kim, boşun kim olduğuna özünüz qərar verin”.

Fərdanın “Kənanı ciddiyə almayın” sözlərinə isə rejissorun cavabı belə olub: “Qoyun, məni ciddilər ciddiyə alsın. Qeyri-ciddilərin fikirləri evlərində qalsın. Allah sizə hidayət versin. Bu sözləri Kənan M.M kimi deyirəm. Kənan Mahmudov olaraq isə deyirəm ki, ağıllı olun. Həddinizi bilin, tay-tuşunuz ilə zarafat edin. Sizi yeyə biləcək birini heç vaxt dişləməyin”.









Redaktorun seçimi