Subay teleaparıcı: "Şəxsi həyatımla bağlı..." - Günaydan özəl etiraflar - MÜSAHİBƏ - FOTOLAR
Son zamanlar efirlərdə görünməyən gözəl aparıcı Günay Rəhimova saytımızın qonağı oldu.
Faktor.az Günay Rəhimovanın özəl açıqlamalarla dolu müsahibəsini təqdim edir:
- Günay xanım, hazırda nə ilə məşğulsunuz?
-Hazırda istirahətimə geniş zaman ayırmışam, payızın dadını çıxardıram.
- Bəs, yaxın gələcəkdə sizi hansısa bir layihə ilə efirlərdə görəcəyik?
- Təbii ki, hər kəsin bir məqsədi var və o məqsədə çatmaq üçün iri addımlar atır. Mənim də həmçinin öz məqsədim var. İzləyicilər məni 2017-ci ildə efirdə görə biləcəklər.
- Özünüzə rəqib aparıcı kimi görürsünüz?
- Əslində rəqabət olmayan yerdə uğura çatmaq çətin olur. Şübhəsiz ki, rəqib aparıcılar çoxdur və bütün həmkarlarımı özümə rəqib görürəm.
- Sizcə, incəsənətdə paxıllıq çoxdur, yoxsa rəqabət?
- Əfsuslar olsun ki, sağlam ruhda rəqabət çox azdır. Hər kəs önə keçmək üçün müəyyən yollar axtarır. Amma heç kəs sağlam rəqabət haqqında düşünmür. Mənə elə gəlir ki, paxıllıq daha çoxdur.
- Müxtəlif formatlı verilişlərin aparıcısı olmusunuz. Bunlar arasında həm ciddi, həm də əyləncəyönlü verilişlər var. Sizə hansı verilişi aparmaq daha rahat olub?
- Əslində hər ikisi daha rahatdır. Amma belə deyək ki, xəbər aparıcı olmaq daha məsuliyyətlidir. Düzdür, aparıcı üçün fərq etməz hansı veriliş olsa da, əsas olan işinə məsuliyyətlə yanaşmalıdır. Elə hesab edirəm ki, tamaşaçılarla rahat ünsiyyət qura biləcəyim bir veriliş aparmaq mənə daha rahat olar.
- Tərəf müqabili kimi hansı kişi aparıcı ilə verilişi paylaşmaq istərdiniz?
- İndiyə kimi tərəf müqabilim Anar olub. Hazırda ağlıma elə bir ad gəlmir onunla bir səhnəni bölüşmək istəyim. Əslində istəmərəm səhnədə tərəf müqabilim olsun. Bir müddət əvvəl özümə söz vermişdim ki, səhnədə heç kimlə bərabər veriliş aparmayım. Zaman göstərəcək.
- Film və seriallardan təklif gəlsə, qəbul edərsiniz?
- Təkliflər gəlir, amma belə bir fikrim yoxdur. Çəkilməməyimin səbəbi var, bunu açıqlamaq istəmirəm.
- Bu yaxınlarda həmkarlarınızdan bir neçəsinə fəxri adlar verildi. Bəs, sizə görə jurnalist necə olmalıdır ki, ad almağa layiq olsun?
- Bilirik ki, bir müddət əvvəl həmkarlarım fəxri adlar aldılar. Sosial şəbəkələrdə bir çoxları bu adlara layiq olmadıqlarını yazdılar. Həmkarlarım haqqında yazılan mənfi fikirlər məni məyus etdi, hər - halda layiq görülüblər ki, bu adları aldılar. Mənə elə gəlir ki, burada təcrübə və istedad əsas amillərdən biridir.
- Sizcə, auditoriyası olan və canlı efirə gedən verilişi aparmaq asandır, yoxsa tamaşaçısı olmayan və sonradan efirə gedən verilişi?
- Mənim üçün auditoriyası olan və canlı yayımlanan verilişi aparmaq daha asan olar. Çünki, aparıcı tamaşaçıdan, alqışdan ruhlanır.
- Bəzən yeni verilişlər açılır və çox keçmədən reytinqsizlik səbəbindən bağlanmağa məcbur olur. Sizcə, bunun günahı aparıcıdadır, yoxsa verilişin formatında?
- Xeyr, bunun günahı nə aparıcıda, nə də verilişin formatındadır. Çünki, reytinq bir insanın görə biləcəyi iş deyil, komanda işidir.
- Səhər proqramlarının aparıcısı olmaq yaxşıdır, yoxsa günün digər saatlarının?
- Səhər proqramlarında aparıcı olmuşam və bu çox çətindir. Yuxuya qalib gələ bilmirəm.
- Şəxsi həyatınızda vəziyyət necədir?
- Şəxsi həyatım haqqında danışmağı sevmirəm.
- Məşhur biri ilə ailə qurarsınızmı?
- Bax, bu, qismətin işidir.
- Bəs, şəxsi həyatla sənətiniz arasında seçim etmək məcburiyyətində qalsanız, hansını seçərdiniz?
- Əslində çox istərdim ki, hər ikisi paralel olsun. Amma seçim qarşısında ailəni seçərdim.
- Həyatınızda nəyi dəyişmək istərdiniz?
- Həyatımda hər şeyin məni qane etdiyini desəm, qeyri-səmimi olaram. Amma bəzin məqamlar var və mən onlardan narazıyam. Çata bilmədiyim uğurlar vardır ki, bəlkə də istəsəydim, çoxdan çatardım, amma tənbəl olmağım buna mane olur.
- Aparıcılıqdan başqa hansı sahədə uğur qazana bilərsiniz?
- Bilirsiniz ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Rejissor kimi uğur qazanmaq mənim üçün çətin olmaz. Çünki, bu potensial məndə var.
- İncəsənətin hər hansı bir sahəsini bitirmədən aparıcı olmaq olar?
- Mən də daxil olmaqla əksər aparıcılar jurnalistikanı bitirməyib, amma bu sahədə uğur qazanıblar. Düşünürəm ki, aparıcılıq və bu sahəyə olan sevgi insanla bir doğulur.
- Hazırda telekanallarımızda yayımlanan verilişlərin ən maraqlısı hansıdır?
- Mənim son günlər maraqla baxdığım proqram "Nəsib olsa" verilişidir. Bu verilişi böyük zövqlə izləyirəm.
- Bir çoxları bu verilişi Türkiyədə yayımlanan "Beyaz Show"-nun plagiatı olduğunu deyir. Sizcə, bu, belədir?
- Mən belə deməzdim. Əgər deyilənlər kimiplagiatdırsa və belə olduğu halda reytinq qazana bilibsə, bu, böyük uğurdur. Çünki, bizim kanallarda bir çox verilişlər olub ki, hər hansısa bir ölkənin verilişindən kopyalanıb, amma tamaşaçı bunu qəbul etməyib və uğursuz alınıb. Verilişin uğurlu alınmasında aparıcı amili olduqca vacibdir. Tamaşaçı Nəsibi sevir və buna görə onun apardığı istənilən verilişi maraqla izləyir.
Minarə Məhərrəmqızı//Faktor.az
Foto: İlkin Babayev