"Allah yazıbsa, o günü mənə göstərməsin..." - Kənan MM-dən etiraf - MÜSAHİBƏ - VİDEO - FOTOLAR

Hit: 5487
"Allah yazıbsa, o günü mənə göstərməsin..." - Kənan MM-dən etiraf - MÜSAHİBƏ - VİDEO - FOTOLAR

Bu gündən etibarən Faktor.az saytı  yeni layihəyə start verir.

 "Mənə maraqlıdır ki..." adlı layihəmizin ilk qonağını seçmək o qədər də çətin olmadı, sosial media hesablarımızdan daxil olan çoxsaylı istəkləri, sualları nəzərə alaraq, son illərin ən məşhur simalarından birinə çevirilən  rejissor və aktyor Kənan MM oldu.

Faktor.az rejissor Kənan MM-lə olan müsahibəni təqdim edir. 

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir? Yeni serial və film planlarınız varmı?

- Demək olar ki, serial çəkməyə tövbəliyəm. Əslində bu yay başqa planım vardı. Komediya çəkməyi düşünürdüm, amma gələn rəylər, edilən zənglər, qarşımı kəsən insanların fikirləri məni başqa bir janrda çəkməyə vadar etdi. Film tamaşaçı üçün çəkilir. Ona görə ki, filmə tamaşaçı baxacaq. Mən "Ağ ət" komediya filmi çəkməyi fikirləşdim, elə düşündüm ki, tamaşaçıya komediya lazımdır. Çünki "Qayıdış" və "Gecə qonağı" filmləri kinoteatrlarda istədiyim qədər izlənmədi.Niyə baxılmamağının səbəbi isə filmə tamaşaçıların "Əşi bizdə film var.." deyib keçmələri oldu. Ancaq film efirə gedəndən sonra insanlar tərəfindən böyük maraqla qarşılanır. Youtube-də yazılan rəylərdə ən çox əsəbləşdiyim "Uy da, bunu bizimkilər çəkib?",  "Bizimkilərdən gözləməzdim" fikirləri oldu. "Qayıdış" filmi "Gecə qonağı"ından 10 dəfə yaxşıdır, amma "Gecə qonağı" "Qayıdış"dan 10 dəfə daha çox izlənilib. Çünki o filmdə aktrisanın açıq geyimli səhnələri var və bu mənim günahım deyil. Ona görə də mən "Gecə qonağı 2"ni çəkirəm. Amma özüm də bilirəm ki, "Gecə qonağı 2"nin hadisəsi birincidən də yaxşıdır, "Qayıdış"dan da.

- Bu filmdə də eyni aktyor heyəti olacaq ?

- Xeyr, Fərda olmayacaq. Bu dəfə tamam başqa hekayə olacaq. Əgər film eyni ssenari ilə ardıcıl çəkilsə, bu, artıq film yox, serial olacaq. Bu filmdə eyni adlar, lakin başqa həyatlar olacaq. İdeya İlqar Fəhmiyə məxsusdur, ssenari isə mənimdir. Hər iki filmdə iki müxtəlif obraz canlandırdınız.

- Hər iki filmdə müxtəlif iki obraz canlandırdınız. Bəs, sizin ən çox xoşunuza hansı gəldi? Ədiş, yoxsa Cavad?

- Ədiş obrazı. Uşaq vaxtı filmlərdə elə obrazları heç sevmirdim, amma qismət elə gətirdi ki, özüm belə bir obrazı canlandırdım. Xoşuma Ədiş gəlsə də, çətin olanı Cavad oldu. Çünki bir dublda ağlamaq səhnələri vardı və o səhnələr çox çətin idi. Məni əsəbləşdirən suallardan biri o oldu ki, mənə deyirlər, sən həmin vaxt nəyi yadına salıb ağlayırsan? Belə bir şey olmur, hansı obrazdasan, onu da olduğu kimi canlandırmalısan.

- Məşhurlardan küsülü olduğunuz varmı?

- Elə bir insanam ki, mənimlə hamı yola gedə bilər. Əgər kimsə yola getmirsə, deməli problem ondadır.

- Bəs, hazırda Vüqar Muradovla münasibətləriniz necədir?

- Biz başqa-başqa dünyaların adamlarıyıq.

- Nəyə görə Azərbaycan tamaşaçısı türk filmlərində işlədilən qeyri-etik sözləri normal qəbul edir, hətta buna gülür, amma bizdə belə bir hal olan kimi bunu tərbiyəsizlik adlandırır?

- Bu mövzu mənim yaralı yerimdir. Ən çox "Gecə qonağı"nda bu problemi yaşadım. Belə bir şey var ki, canlandırılan obraz fahişədirsə, onu ədəbiyyat müəlliməsi kimi verə bilməzsən. İncəsənətdə əxlaq olmamalıdır. Əxlaqsızı əxlaqlı kimi təqdim etmək düzün deyil. Gör-götür dünyasıdır, mən də dədə-babalarımızdan nümunə götürmüşəm. Məsələn, "Babək" , "Təhminə və Zaur" , "Babamın babasının babası" və s. kimi filmləri böyüklərimiz çəkib, açıq səhnələr və sözlər var. Amma baxanlar onlara heç nə demədilər. Yaxşı ki, çəkdim, çünki mən çəkən kimi milli mentalitet yada düşdü. 

- Sizcə, indiki dövrdə nömrə bir müğənni kimdir?

- Mənim üçün nömrə bir müğənni Nisə Qasımovadır. Nisə xanım canlı korifeydir.

- Son zamanlar rejissor və aktyorlar arasında düşən mübahisədə aktyor çəkilişdən imtina edir, bu vəziyyət də serialların reytinqinə pis təsir göstərir. Buna görə də bəzən həmin serial final etmək məcburiyyətində qalır. Sizcə, reytinq xatirinə rejissor aktyorun nazına dözməlidirmi? 
 
- Bu çox çətin vəziyyətdir. Serialın çəkilişi saatlarla davam edir. Bu qədər saat çəkilişdə olan aktyorun beyni yorulur və o vəziyyətdə hələ söz də əzbərləyir. Heç kimi qınamaq olmaz. Əsəbləri tar-mar olur. Yaradıcı insanlar həyatda gördüyümüz normal insanlardan həm anormal, həm də dözümlüdürlər.
 
- Müğənnilərdən kimisə filminizə çəkmək istəyirsinizmi?
 
- Allah yazıbsa, o günü mənə göstərməsin. Mən on iki il onlardan çəkdiyimi çəkdim.
 
 
- İndiyə kimi qalib gələ bilmədiyiniz  qorxunuz varmı?
 
- Qadın şəri... O zaman şansınız sıfıra bərabərdir.
 
- Dünya film sənayesində yeni bir fikir yaranıb. Köhnə filmləri yeni formatda, yeni aktyorlarla yenidən çəkirlər. Bəs, bizdə köhnə filmlər belə formada ekranlaşdırılsa, tamaşaçılar onu necə qarşılayar?
 
- Məncə, buna risk etməyə dəyməz. Çünki tamaşaçılar Nəsibə xanımın obrazını kim oynasa da, onu qəbul etməz. Düzdür, başqa ölkələrdə bunu normal qarşılayıb maraqla baxırlar, çünki tamaşaçı eqoizmi deyilən bir anlayış var. Bizim tamaşaçı buna hazır deyil. Mən yenidən "Təhminə və Zaur" filmini çəkmək istərdim, amma bilirəm ki, bu, mənim kariyeramın sonu olar.
 
 
- Sizcə, bizim filmlərin izlənməməsinin səbəbi onların ssenarilərindədir, yoxsa aktyorların obrazları yaxşı ifa edə bilməməsində?
 
- Sizinlə razı deyiləm. Artıq filmlərimizə baxılır. Hətta statistikanın göstərdiyi rəqəmlərə baxsaq, "Axırıncı yol" filmi indiyə kimi çəkilən filmlərdən daha çox izlənilib. Deməli, millətə "axırıncı yol" lazımdır. 
 
- Bəs, türk seriallarına baxan tamaşaçı bizim seriallara niyə baxmır ? 
 
- Bu da düzələcək, amma onu nə siz, nə də mən görəcəm. Bizim seriallara baxılması üçün gərək türk kanallarını bağlasınlar. 
 
- Elə bir əsər olubmu ki, oxuyub film çəkməyi düşünmüsünüz, ancaq alınmayıb ?
 
- O qədər... Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə" əsəri. Ümumiyyətlə, hər bir rejissorun həyata keçirə bilmədiyi bir arzu var. Amma rejissor həmin filmi çəksə, ondan sonra film çəkməyəcək, çünki arzularının zirvəsinə çatacaq. Zirvə nöqtəsindən sonra isə xaos yarana bilər. Rejissor daha sonra "mən nə edim?" deyə düşünməyə başlayacaq. Ona görə də elə qalsın, çəkilməsin. 
 
 
- İndi isə izləyicilərin sizə ünvanladığı suallara keçək...

Aynur: - Azərbaycanda özünüzə rəqib rejissor kimi görürsünüz ?

- Rəqib yox, dost görürəm. Mən rəqabəti şəxsiyyətlə aparmıram, sənətlə aparıram.

Nurka: - Necə düşünürsünüz, rejissorluq və aktyorluqdan başqa daha hansı sahədə uğur qazana bilərsiniz?

- Futbolda. Yaxşı qapıçı olmuşam.

Türkan: - Hər hansı bir xarici ölkədən film çəkilişi üçün təklif gəlsə, qəbul edərdinizmi?

- Artıq çəkilmişəm. Türkiyədə aktyor kimi çəkildiyim film dekabrda Bakıda nümayiş olunacaq. Filmin adı da "Oldu mu şimdi" .

Aydan: - Yenidən klip çəksəniz, dünya ulduzlarından kimi orada çəkmək istərdiniz?

- İndi elə yaşımdır ki, qadın müğənnilərə klip çəkib nazlarına dözə bilmərəm. Bir müğənni var, həqiqətən də o insana qazandığı pullar halaldır. Həmin müğənni Tarkandır. Onun üçün klip çəkərəm. Çünki mən onun canlı konsertində olmuşam və sənətini necə sevdiyini yaxından gördüm. 

İlkin: - Baş rolda özünüz olduğunuz film çəksəniz həyat yoldaşınızı o filmə çəkərsinizmi?

- Xeyr, mən işi ailəyə qatmıram.

Aysel: - Aktyorluq ixtisasını bitirmədən aktyor olmaq olarmı? 

- Pərvin Abıyevanı elə saymaq olar. O, universitet bitirməyib. Amma çox aktyorlardan yaxşı rol oynayır. Pərvin "Gecə qonağı"na kimi heç bir filmdə rol almamışdı. Düzdür, bir neçə seriala çəkilmişdi, amma uğurlu alınmamışdı. Bu filmdə bütün bacarığını ortaya qoydu, özünü sübut etdi və ona görə də filmin ikinci hissəsini də onunla davam etmək qərarına gəldim.

Günay: - Sosial şəbəkələrdə tez-tez şeirlər paylaşırsınız. Kitab çıxartmaq kimi bir fikriniz varmı?

- Kitabı şairlər çıxardır. Mən sadəcə cızma-qara edirəm. 

Samirə: - Komediya janrında film çəkməyi düşünürsünüzmü?

- Komediya çəksəm, ona özümdən başqa heç kim gülməyəcək. Çünki mənim yumor anlayışım fərqlidir. Cəlil Məmmədquluzadə, Sabir tərzi yumor anlayışına malikəm. Söyüşlə güldürmək tərəfdarı deyiləm.

Anar: - Hansı türk aktyor və aktrisası ilə baş rol oynamaq istəyərsiniz?

- Aktrisalardan Bahadır Gökçeylə bir filmdə rol almaq istəyərdim. Çünki o, aktrisanın bir baxışı elə kinodur. Aktyorlardan isə Kənan Alışıkla filmdə çəkilməyi istəyərəm. Amma buna əmin olun ki, Tural Əhmədi və Anar Heybətovu Burak Özçivitə dəyişmərəm. Elə buradan bir anons da verim, qızlar hazırlaşsın, ayın 26-sı filmin qala gecəsinə Özcan Deniz gələcək.

Minarə Məhərrəmqızı 

Kamil Əmirli //Faktor.az

Çəkilişdə göstərdiyi dəstəyə görə, BUON Gusto məkanına təşəkkür edirik:  https://www.facebook.com/BUON-Gusto-213205645747319/?fref=ts.









Redaktorun seçimi