Müdrik Prezident, Müzəffər Ali Baş Komandan!

Hit: 593
Müdrik Prezident, Müzəffər Ali Baş Komandan!
Otuz ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük Qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı Ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.
 
Azərbaycan xalqı Respublikamıza rəhbərlik etdiyi bütün müddət ərzində cənab Prezident İlham Əliyevi dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, Xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.  
 
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində Respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezident xalqa tarixi müraciətində qeyd etdiyi kimi:
 
“Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.
 
Dövlət başçısının düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində  beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan barədə, işğal edilmiş torpaqlarımız barədə əsil həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
 
Türkiyə kimi qüdrətli, qardaş dövlətin bu çətin günlərdə xalqımızla birgə olması, göstərdiyi siyasi, mənəvi dəstəyi misilsizdir və bunu ayrıca qeyd etmək lazımdır. Qardaş ölkənin bu mövqeyi heç nə ilə müqayisə edilə bilməz. Cənab Prezidentin uzaqgörən, məqsədyönlü siyasəti ilə Ermənistan beynəlxalq siyasətdə təcrid edildi.
 
Ali Baş Komandan bu istiqamətdəki uğurlu fəaliyyətini tarixi Şuşa müraciətində yığcam və dolğun şəkildə şərh etdi:
 
 “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.
 
Digər tərəfdən, beynəlxalq vəziyyət və geopolitik durum sərrast qiymətləndirilərək Azərbaycan Ordusunun əks-hücumu və uğurlu əməliyyatları üçün tam əlverişli zamanın seçilməsini xüsusi olaraq vurğulamalıyıq. Bu isə, cənab Prezidentin beynəlxalq siyasət üzrə mahir peşəkarlığını göstərən məqamlardan biridir.  Dünyanın məşhur siyasi analitikləri, hətta düşmən tərəfin siyasi şərhçiləri də bunu etiraf etmək məcburiyyətindədirlər.
 
Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin  dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi. Xarici ölkələrin siyasi şərhçiləri də indinin özündə belə, İlham Əliyevin verdiyi müsahibələri çağdaş zamanda yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədirlər.
 
Respublikamıza rəhbərlik etdiyi 17 il ərzində Ali Baş Komandan qüdrətli ordu quruculuğunu həyata keçirmiş, ordunu ən müasir silahlarla təmin etmişdir. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilmişdir. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi bunu əyani şəkildə sübut etdi.
 
Ali Baş Komandan tarixi Şuşa müraciətində bu məsələni xüsusilə qeyd etmişdir:
 
 “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz.”
 
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir:
 
“Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!” Bu sözlərə yalnız onu əlavə etmək olar ki, bu qəhrəman əsgərlər ona görə qalib gəldilər ki, onların Ali Baş Komandanı məhz İlham Əliyevdir!
 
Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə  qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən üzün müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir.  44 günlük bu Vətən müharibəsi və qazanılmış Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.
 
 
Nəcəf Müseyibli
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
 
direktor müavini, tarix elmləri doktoru, professor 







Redaktorun seçimi