1 saylı Kliniki Tibbi Mərkəzdə bir ömür xatırlanacaq görüş... - Qənirə Paşayeva yazır

Hit: 870
1 saylı Kliniki Tibbi Mərkəzdə bir ömür xatırlanacaq görüş... - Qənirə Paşayeva yazır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərimizlə görüşüb.
 
Yaralı hərbçilərimiz qarşısında çıxış edən dövlət başçımız qürur, fəxarət və səmimiyyətlə ürək sözlərini bölüşüb: “Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.
 
O görüşdə 8 hərbçimiz iştirak edirdi, ancaq onlar, əlbəttə, bütün yaralı hərbçilərimizin hiss və həyəcanına sahibdi, bütün döyüşən hərbçilərimizi təmsil edirdi – deyə bilərik; deməliyik ki, şanlı Ordunun şanlı Ali Baş Komandanı 8 hərbçimizin timsalında bütün Silahlı Qüvvələrimizin, Silahlı Qüvvələrimizin timsalında ölkə vətəndaşlarının, dünya azərbaycanlılarının görüşünə gəlmişdi. – Yaralı hərbçilərimiz qarşısındakı o tarixi çıxış “Hamıya, hamıya, hamıya!” şüarı ilə də qəbul edilə bilər. – Dost sevindi, düşmən xar oldu! “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”. – Bu sözlər cənab Prezidentə aiddir.
 
44 günlük Azərbaycan Böyük Vətən Müharibəsi günlərində hərb meydanı ilə yanaşı diplomatik-siyasi meydanda mübarizəyə biləvasitə rəhbərlik edən, nüfuzlu xarici media orqanlarına 30 yaxın müsahibə verən, nümayəndə heyətlərini qəbul edən, çoxsaylı telefon görüşmələri keçirən cənab Prezident, artıq nəticələri, məntiqi sonluğu öz əsgər və zabitləri ilə bölüşürdü. – 1 saylı Kliniki Tibbi Mərkəzdəki görüş öz səmimiyyəti, məmnuniyyəti, olanların ümumiləşdirilməsi, olacaqların duyurulması ilə bir başqa gözəllik saçırdı.
 
Fikir verin, tam da bu günlərdə düşmən cəbhəsində nələr baş verir? Onların ali baş komandanı nəinki hərbçilər qarşısında çıxış edə bilir, heç harda olduğunu açıqlaya bilmir, rəsmi iş yerinə gələ bilmir. Öz xalqına, dünya ictimaiyyətinə ənənəvi erməni yalanları və özünəməxsus yeni hiylələrlə o qədər etibarsızlıq ovqatı aşılayıb ki, artıq nə etsə də, öz əleyhinə çevrilir. “Guya demokrat” Paşinyan Sorosun siyasi layihəsiydi, indi İrəvanın mərkəzində Soros fondunun qərargahı ermənilər tərəfindən dağıdılır. Guya “yenilməz erməni ordusu”nun komandanıydı, o ordunun beli qırılıb, nə sağlda, nə aparıb basdırmağa belə ehtiyac duymurlar – eləcə yiyəsiz qalıb. Öncəki aylar-illər qalsın bir yana, Ermənistan hərbi-siyasi rəhbərliyi 44 gün içində siyasili, hərbçili o qədər yalan danışıb, indi o yalanlar gün üzünə çıxdıqca, erməni ictimaiyyəti əsl şok yaşayır. Doğrudur, Paşinyan, onun kimi düşünən bəziləri hələ də yalan danışmaq limitinin tükənmədiyi qənaətindədir kimi görünür – üçtərəfli Birgə Bəyanatın mahiyyətini təhrif etməyə, guya Ermənistanın nəsə əldə etdiyi illüziyasını yaratmağa xırdaca cəhdlər edilir; lakin bu xırdalıqlar “böyük Ermənistan” xülyalıların ruhi dəngəsini təmin etmək gücündə deyil. Qatar gedib və ona heç bir stansiyada bilet satılmır. “Qatar gedib” demişkən, Bakı-Mincivan-Naxçıvan dəmir yolu xətti üzrə hərəkət edəcək qatara bilet alacağımız günlər yaxındadır. Burada qatar gedəcək də, gələcək də... – Birgə Bəyanatın 9-cu bəndində oxyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.
 
Yeri gəlmişkən, Bəyanatın, özəlliklə “5-ci bənd”in Ermənistanda, dünya erməniliyində hələ çox müzakirə ediləcəyi şübhəsizdir. Şübhəsizdir ki, “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.” bəndinə uyğun olaraq, qardaş Türkiyənin masaya və sahəyə daxil olması ermənilərin heç arzulamadığı, amma rəsmən qəbul etdiyi bir gerçəklikdir. “Rusiya Qarabağda hansı anlayış çərçivəsində olacaqsa, bizim də oradakı müşahidə və yoxlama qruplarımız eyni anlayışla yerini alacaq.” – bu qardaş Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın sözüdür. Artıq Rusiya-Türkiyə müqaviləsi imzalanıb.
 
Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərimizlə görüşdə qardaş ölkə ilə bağlı yenə xüsusi məhəbbətlə danışdı: “Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
 
Əlbəttə, görüş televiziya kanallarında, internet mediasında yayımlanıb, çap mediasında dərc edilib və vətəndaşlarımız, dünya azərbaycanlıları, Azərbaycanı sevənlər, Azərbaycanın sevdikləri, dostumuz da, dost ola bilməyənlər də o görüş, görüşdəki tarixi çıxış, çıxışdakı ismarınclar barədə məlumat əldə edib; necə deyərlər, hər kəs öz könlü qədər yanaşır bu görüşdəki tarixi çıxışa.
 
Biz bir daha yaralı hərbçilərimizin tezliklə sağalmasını uca Tanrıdan diləyirik! Dövlət başçımızın da dediyi kimi fədakar həkimlərimiz fədakar hərbçilərimizin öz sağlamlıqlarına qovuşması üçün nə mümkünsə edib, edir və edəcək. Fürsətdən istifadə edib, qlobal pandemiya ilə mübarizə fonunda, öncəbhədə yaralanmış hərbçilərimizin bir an öncə öz sağlamlığına qovuşması uğrunda gecə-gündüz çalışan həkimlərimizə könül dolusu təşəkkürlərimizi yetirirəm.
 
Əlbəttə, ən böyük təşəkkürlər Ali Baş Komandanımız başda olmaqla bizə Tarixi Qələbə qürur və sevinci yaşadan müzəffər Ordumuzadır!
 
ŞƏHİDLƏRİMİZİN RUHUNA ƏBƏDİ EHTİRAM!
 
DÖVLƏTİMİZ VAR OLSUN!
 
Qənirə PAŞAYEVA,
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

 









Redaktorun seçimi