«Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bir milli şüara çevrildi

Hit: 1005
«Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bir milli şüara çevrildi
Azərbaycan tarixi Qələbəyə imza atdı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın dövrün reallıqları son anda xalqımızın səbir kasasını doldurdu, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının Azərbaycan Ordusu tərəfində qətiyyətlə alınması, eyni zamanda, Silahlı Qüvvələrimizin tarix yazması qürurverici olmaqla yanaşı, xalqımızın sabaha, işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliyini artırdı. Bu gün xalqımız inamında yanılmadığını gördü. Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı. Artıq hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini eşidəcəyimizi səbirsizliklə gözlədik. Cənab İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd edir ki, çox xoşbəxtəm ki, zəfər xəbərlərini mən xalqımıza çatdırıram.
 
Bu gün böyük fəxr hissi ilə qeyd edirik: Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Hazırda nəinki paytaxt Bakımız, bütün bölgələrimiz, kənd və qəsəbələrimiz üçrəngli bayrağımıza qərq olub. Hər addımda müstəqilliyimizin, suverenliyimizin, kimliyimizin, qürurumuzun rəmzi olan bayraqlarımızı görəndə böyük qürur hissi keçiririk. Uşaqdan tutmuş böyüyədək hər kəs bu qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin getdiyi hazırkı dönəmdə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində «Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz» sualına cavabında bildirmişdir ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
 
Bu reallıq da cənab İlham Əliyevin cavabında öz əksini tapmışdır ki, dünya dəyişir, dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.
 
Ərazi bütövlüyümüzü bərpa etmək xarici siyasətimizin prioritet məs’ləsi kimi daim öndə dayanıb. Azərbaycan buna nail olmaq üçün siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə mühüm uğurlara imza atıb. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hazırda ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında qələbələri ilə işğalçı Ermənistana və onun havadarlarına hansı imkanlara malik olduğunu göstərdi. Ermənistan Azərbaycan Ordusunun qarşısında diz çökdü. Nikol Paşinyanın kömək üçün dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlarına yalvarışları nə qədər aciz olduğunu təsdiqlədi. Ölkəsinin, xalqının gələcəyini düşünməyən rəhbərin sonda belə acınacaqlı vəziyyəti yaşaması qaçılmazdır. Ən əsası tarixi saxtalaşdırıb özlərinə tarix yazan Ermənistan rəhbərliyi illərdir əsassız torpaq iddiaları nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə ölkələrini təcrid vəziyyətinə salıblar. Kasıb, dilənçi bir ölkənin «yenilməz erməni ordusu» mifini yaratması, illərdir özlərini bu yalanlarına inandırmaları son 44 gündə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi.
 
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın qələbəsi bir daha bütün sahələrdə malik olduğu imkanların ümumi mənzərəsini yaratdı. Qələbəmizdə Prezident-xalq-ordu birliyinin rolu böyükdür. Bu müharibə, eyni zamanda, Azərbaycan xalqının məğrur, yenilməz, öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi. Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, üçrəngli bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq, o ərazilərimizdə yeni həyat başlayacaq. Qarabağın ürəyi, tacı olan Şuşamızın işğaldan azad olunması növbəti qələbələrimizin müjdəçisi kimi dəyərləndirildi. Son üç gün Azərbaycanın çoxəsrlik tarixinə biri-birindən parlaq səhifələr yazdı. Azərbaycanın döyüş meydanında, eyni zamanda, siyasi müstəvidə Qələbəsi otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq!
 
Qələbəmiz, eyni zamanda, şəhidlərimizin qanı ilə yazıldı. Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin qanı yerdə qalmır. Onların qisası döyüş meydanında alındı. Atıq bu əminliyi də ifadə edə bilərik ki, Azərbaycanın tarixi Qələbəsi ilə şəhidlərimizin də ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin.
 
Bu gün, eyni zamanda, qürur anıdır. 30 ilin nisgili, ümidsizliyi, əzabları, üzləşdiyimiz faciələr xalqımızın iradəsini sındırmadı, əksinə, daha da möhkəmləndirdi, gücləndirdi, qalib xalq özünü dünyaya təqdim etdi. Eşq olsun, bu uğuru Azərbaycana, xalqımıza qazandıran ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Azərbaycan Ordusuna! Məğrur, yenilməz xalqımız, alnı açıq, üzün ağdır. Qarabağımızla birgə qarşıda bizi daha böyük, möhtəşəm uğurlar gözləyir. Daim irəli doğru!
 
Nurlana Əliyeva,
 
YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri,
Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor

 









Redaktorun seçimi