“Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq”

Hit: 1328
“Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq”
“Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər yetirdikdə görürük ki, Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib”.
 
Bu barədə Faktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
 
O qeyd edib ki, həmin dönəmlərdə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi isə Qarabağın Azərbaycandan qoparılma planı idi: “Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, Xankəndidən qovulmuşlar. Heç təsadüfi deyil ki, Volski bu fəaliyyətindən sonra Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməyə başlamışdır. Bu da onun erməni lobbisi tərəfindən “mükafatı” idi.
 
Ermənistanın bugünkü rəhbərliyi hələ də anlamır ki Sovet İttifaqı və onları dəstəkləyən o güclər artıq yoxdur və beləliklə ölkəni uçuruma aparırlar. Paşinyan hakimiyyəti məsuliyyətsizdir, destruktiv addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil də edə bilmir.
 
İyul hadisələri zamanı məyus olan ermənilərin əsas qayəsi özlərini alçaltmaq, özlərini məzlum, yazıq xalq kimi qələmə vermək, ağlaşmaq və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.
Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, amma heç bir təşkilat məsələ qaldırmadı da. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri isə ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar”.
 
Deputat qeyd edib ki, danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaq naminə Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki təxribata əl atır: “İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün düşmən tərəfindən diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Artıq Minsk Qrupu da səssiz qala bilmir. Qrupun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.
 
Ermənistan hakimiyyəti və xalqı anlamalıdır ki, onlar beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət, sədd olmayacaq. Əgər erməni rəhbərlər öz çirkin planlarından əl çəkməsələr, bu onlar üçün çox ağır nəticələrə səbəb olacaq”.








Redaktorun seçimi