Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində

Hit: 1916
Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində
Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünki Paşinyan təzə gəlmişdi və gələn kimi belə acı məğlubiyyət, alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər.
 
Faktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
 
Ölkə başçısı bildirib: "Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər etdi. Siz də orada olmusunuz, görmüsünüz.
 
Yəni, ikinci məqsəd Paşinyan üçün hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırmışdılar. Çünki onlar bilirdilər ki, bizim dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işğal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə girə bilmədilər. Biz onlara sarsıdıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq".








Redaktorun seçimi