"Həmsədr dövlətlər öz vəzifələrini şərəflə yerinə yetirməlidirlər"

Hit: 1261
"Həmsədr dövlətlər öz vəzifələrini şərəflə yerinə yetirməlidirlər"
“Dağlıq Qarabağ münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu, 23 illik həmsədrlər institutu, o cümlədən BMT bu dövr ərzində heç bir səmərəli və effektiv fəaliyyət ortaya qoymayıb”. 
 
Faktor.az xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 
 
Deputat bildirib ki, əksinə beynəlxalq qurumların ikili standartları, ədalətsiz yanaşmaları, quru və mənasız bəyanatları Ermənistanı növbəti təcavüzkarlığa, təxribatçılığa həvəsləndirib: 
“Cəzasız qaldığını, etdiyi saysız-hesabsız cinayət əməllərinə açıq-açkar göz yumulduğunu görən işğalçı dövlət daha da ağzınlaşıb. Bugün Ermənistan sülhə və təhlükəsizliyə böyük təhdidə, bəlaya çevrilib. Son iyul hadisələri bunun əyani təsdiqi oldu. Təəssüf edilməli məqamlardan biri odur ki, həmsədr dövlətlər açıq və gizli şəkildə Ermənistanı silahlandırmaqda davam edirlər. Xüsusilə də, böyük və yaxın qonşumuz Rusiya. Münaqişə başlanan gündən dəfələrlə Rusiyanın Ermənistanı silahalandırması məsələsi ortaya çıxıb və bunlar təkzibolunmaz faktlarla öz sübutunu, təsdiqini tapıb. Həm ictimaiyyət, həm də dövlət və hökumət səviyyəsində Azərbaycan tərəfindən dəfələrlə sərt etirazların bildirilməsinə baxmayaraq, qonşu və həmsədr dövlət təcavüzkarı silahlandırmaqda davam edib. Halbuki, bu addımlar qonşuluq münasibətlərinə, sülhə və təhlükəsizliyə, həmsədrliyin mahiyyətinə zidd olan davranışlardır. Həmsədr dövlətin münaqişə tərəflərindən birini, xüsusilə də, qanlı münaqişənin səbəbkarını silahlandırması qəbuledilməzdir”.
 
Parlament üzvü vurğulayıb ki, həmsədr dövlətlər ya könüllü şəkildə öz missiyalarından imtina etməli, ya da öz vəzifələrini şərəflə, ədalətlə yerinə yetirməlidirlər: 
 
“Seçim onlarındır. Biz onsuz da münaqişəni öz gücümüzə həll edəcəyik. Hər kəs buna əmin olsun. Aprel döyüşləri, Cünnüt əməliyyatı, iyul hadisələrində gücümüzü təsdiqlədik. Reallıq odur ki, dost və qardaş Türkiyənin Azərbaycana hər mənada dəstək olması, bütün platformalarda fədakarlıqla dəstəkləməsi bir çox dövlətlərdə qıcıq və qəzəb doğurub. Düşmən qüvvələr iki qardaş və dost dövlətin bu qədər yaxınlaşmasını heç cür həzm edə bilmirlər. Ona görə də münasibətlərə hər cür xələl gətirməyə, Ermənistanı bu iki ölkənin üzərinə qaldırmağa çalışırlar. Odur ki, ikibaşlı oyunlara son qoymaq lazımdır”.








Redaktorun seçimi