Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı - 3 MƏSƏLƏ

Hit: 1577
Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı - 3 MƏSƏLƏ
 Son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Hətta Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planlarının da müzakirə predmeti olduğu bildirilir.
 
İki qardaş ölkə arasında artan hərbi əməkdaşlığa diqqət çəkən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur:
 
“Son olaraq bu il may ayının əvvəlində Azərbaycanın paytaxtı Bakı yaxınlığında həyata keçirilən hərbi təlimlərdə 1000 əsgər, 80 tank və zirehli maşın, 60 quru və hava topu, 12 Mi-35 və Mi-17 hücum və nəqliyyat vertolyotları, o cümlədən hava müdafiəetmə sistemləri yer aldı. Manevr 5 maya qədər davam etdi və müvəffəqiyyətlə nəticələndi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Qeyd etmək lazımdır ki, 2007-ci ildən başlayaraq iki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları keçirilir. YSHD iclaslarında hər iki ölkənin nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işci qruplarında əməkdaşlığın cari vəziyyətini müzakirə edir, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyət istiqamətlərini müəyyən edir və iclasların nəticələrinə əsasən yekun Protokolunu imzalayırlar”.
 
Eldəniz Səlimov qeyd edib ki, Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib:
 
“O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Məlkumat üçün qeyd edək ki, sentyabrın 15-də Azadlıq meydanında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
 
Deputat onu da diqqətə çatdırıb ki, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
 
“Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən ötən il Bakıda imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir.
 
Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir”.
 
Eldəniz Səlimov onu da bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur:
 
“Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər. İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirilir”.
 
Deputat sonda Şərqi Aralıq dənizində yaşanan insdent, eləcə də Yunanıstan-Ermənistan əıməkdaşlığına da diqqət çəkib. Qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycan narahatdır. Eldəniz Səlimov onu da bildirib ki, bu narahatlığı Prezident İlham Əliyev bu günlərdə yunanlı səfiri qəbul edərkən açıq şəkildə ifadə edib:
 
“Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan Ermənistana intensiv silah təchizatına reaksiya göstərib. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq 2 sentyabra qədər Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz dəstəyi türk qardaşlarımızdan da görürük”
 
Deputat diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi:
 
“Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Ötən dövrdə ağır sınaqlardan çıxan ölkələrimiz qardaşlıq münasibətlərinin qorunmasına əzmlə nail ola bilib. İctimaiyyət arasında haqlı olaraq belə bir fikir formalaşıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur”.








Redaktorun seçimi