"Bizim ermənilərdən fərqli olaraq heç bir dövlətin ərazisində gözümüz"

Hit: 1107
"Bizim ermənilərdən fərqli olaraq heç bir dövlətin ərazisində gözümüz"
Artıq illərdir ki, Ermənistan işğalçılıq siyasətini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətini davam etdirir. Müasir beynəlxalq hüquq BMT Nizamnaməsi ilə müəyyən edilmiş sistemə əsaslanaraq, birmənalı şəkildə güc tətbiq etməklə dövlət sərhədlərinin pozulmasına qarşı çıxır. Buna görə də mövcud beynəlxalq sistem vacib şəkildə beynəlxalq hüququn prinsiplərinə uyğun tənzimlənməlidir. Yəni, beynəlxalq hüquq normalarının hər hansı bir dövlət tərəfindən pozulması və ya hər hansı bir məsələdə ikili standartların yaradılması ardınca mənfi və qanlı presedentlər doğurur.
 
Uzun illər boyu  ABŞ, Qərb dövlətləri Azərbaycana qarşı ikili standartlardan çıxış edərək açıq erməni təcavüzkarlığına biganə yanaşmış və işğal olunmuş Dağlıq Qarabağ ərazisində törədilən insani keyfiyyətlərdən uzaq hərəkətlərə göz yummuşlar. Baxmayaraq ki, bu gün Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və əzmkarlığı nəticəsində bir çox beynəlxalq təşkilatlar Ermənistan Respublikasının təcavüzkarlığını qəbul etmiş və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi ilə çıxış etmişlər. Lakin, heç kimə sirr olmayan ikili standartların mövcud olması səbəbindən beynəlxalq hüquq normalarının heç birinə əməl etməyən, nüfuzlu beynəlxalq qurumların qətnamələrinə saymazcasına yanaşan Ermənistanla bu gün hələ də diplomatik münasibətlər qurulur.
 
Məsələn, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri (822, 853, 874 və 884) Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi ilə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığından və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq etmişdir. Bu qətnamələr, eyni zamanda, Azərbaycan ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Xatırladaq ki, Ermənistan bu günədək qətnamələrin heç birini yerinə yetirməmişdir.
 
Buna səbəb isə erməni lobbisinin Amerikanın Cənubi Qafqazdakı siyasətinə maddi və siyasi baxımdan maneə törətməsi faktıdır ki, bunu bir çox yerli rəsmilər və keçmiş administrasiyanın siyasətçiləri dəfələrlə açıqlamışdır. Eyni vəziyyət Rusiya və digər dövlətlərdə də mövcuddur ki, burada təcavüzkar dövlətin nümayəndələrinə qarşı münasibət göz qabağındadır. Buna şərait yaradan isə ermənispərəst siyasətçilərdir. Özlərini demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində carçı elan edən iri dövlətlər və onların nümayəndələri isə nədənsə özünə terrorçuluq, separatçılıq, işğalçılıq siyasətini rəhbər seçən Ermənistana qarşı heç bir tədbir görməyərək Azərbaycanın daxili işlərinə müdaxilə etməklə kifayətlənirlər.
 
Azərbaycan xalqının hər bir nümayəndəsi milli-mənəvi dəyərləri ilə zəngin, yüksək istedada və intellektə, güclü təhlil və dərketmə qabiliyyətinə malikdir, qonaqpərvər və sülhsevərdir. Azərbaycan dövləti bütün dövlətlərlə olduqca mehriban və dostluq münasibətlərinə sahibdir. Bizim ermənilərdən fərqli olaraq heç bir dövlətin ərazisində gözümüz, işğalçılıq siyasətimiz, faşizm, qəddarlıq, vəhşilik əlamətlərini özündə daşıyan əsgərimiz, ASALA kimi dünyada adla tanınan terrorçu qrupumuz olmayıb.
 
Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcəkdir və bu gün Ermənistanı hər hansı bir yolla qorumağa çalışan ermənipərəst dövlətlər özləri tutduqları işdən peşman olacaqlar.
 
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü
Elvin Talışınski








Redaktorun seçimi