Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir

Hit: 1072
Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir
Ekoloji problemlərin həllinə yüksək dövlət qayğısı, bu işin dövlət siyasətinə çevrilməsi nəticəsində ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir. Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanışlığı da ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinin vacibliyini önə çıxarıb.
 
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologoya komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, vaxtilə başqa məqsədlər üçün zəbt edilmiş dörd hektar ərazidə ölkə Prezidentinin göstərişi ilə meşə tipli yeni parkın salınması ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən ardıcıl və səmərəli tədbirlərin davamıdır. Bu gün dövlət başçısının, eləcə də Birinci vitse prezident Mehriban xanım Əliyevanın ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib.
 
Ölkəmizdə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biri də vətəndaşların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsidir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ölkəmizin qədim Nizami yurdunun şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlməsi də yerli təbii sərvətlərdən səmərəli istifadədə atılan mühüm addımlardandır. “Yaşıl şəhər” layihəsinin əsas hədəfi şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq, ətraf mühitə daha çox qayğı ilə yanaşmaqdır. Təsadüfi deyil ki, iyunun 24-də Gəncədə səfərdə olan Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışı zamanı bir qrup tibb işçisi ilə görüşündə ölkəmizdə ilk dəfə olaraq Gəncədə həyata keçiriləcək “Yaşıl şəhər”in prespektivlərindən danışıb, layihənin əhəmiyyətinin vacibliyini vurğulayıb. Ölkə Prezidentinin və birinci xanımın Gəncədə XVII əsrə aid karvansara ilə tanışlıq zamanı 350 illik tarixi çinarla xatirə şəkli xüsusi ilə diqqət çəkən məqamlardan oldu. Bir göz qırpımında əbədiləşən “danışan” şəkli ekologiyamıza, tariximizə diqqət və qayğıdan xəbər verdi.
 
Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə böyük diqqət yetirməsi, bununla bağlı konkret proqramın həyata keçirməsi hər birimizi gələcək nəslin sağlam mühitdə yaşamaları naminə Vətənimizin ekologiyasının qeydinə qalmağa səsləyir.








Redaktorun seçimi