"Azərbaycan xalqı onların bu əməllərindən xəbərdardır"

Hit: 778
"Azərbaycan xalqı onların bu əməllərindən xəbərdardır"
“İyulun 12-də Ermənistanın işğalçı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib”.
 
Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.
 
Onun sözlərinə görə, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir: “Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən, Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Hesab edirəm ki, Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür”.
 
C.Osmanov deyib ki, Ermənistan tərəfi müxtəlif provakasiyalara əl atır:
 
“Onlar sosial şəbəkələrdə saxta profillər açaraq çaşqınlıq yaratmağa çalışırlar. Bu da düşmənin növbəti təxribatlarından biridir. Hesab edirəm ki, bu onların genində və qanında ola bir şeydir. Azərbaycan xalqı onların bu əməllərindən xəbərdardır və düşmənin yaydığı dezinformasiyalara əhəmiyyət vermir. Mən bir daha insanlarımıza çağırış edərək demək istəyirəm ki, hər zaman olduğu kimi rəsmi, səhih məlumatlara inansınlar və istinad etsinlər”.
 
Deputat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib: “Düşmənin Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Bundan əvvəlki dövrlərdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar”.
 
Qeyd edək i, Tovuzun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində aşağıdakı şəxslərə məxsus 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib:
 
 
1.    1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə;
 
2.    1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına məxsus həyətyanı torpaq sahəsinə;
 
3.    1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna məxsus həyətyanı torpaq sahəsinə;
 
4.    1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahəsinə.-








Redaktorun seçimi