"Hazırki vəziyyətdə buna məcburuq" - AÇIQLAMA

Hit: 1033
"Hazırki vəziyyətdə buna məcburuq" - AÇIQLAMA
“Ölkəmiz dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər seçilməkdədir. Lakin yumşaldılma tədbirləri təhlükənin sovuşması demək deyil. Bunu düşünənlər böyük səhvə yol verirlər”. Bu fikirləri SİA-ya açıqlanmasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
 
Bəzi şəxslərin hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyi və hansı fəsadlara gətirib çıxara biləcəyini anlamadığına təəssüf etdiyini deyən deputat söyləyib ki, yalnız hər kəsin vətəndaşlıq məsuliyyətini sonacan dərk edəcəyi, deyilənlərə, verilən qərar və tövsiyələrə əməl edəcəyi təqdirdə bəladan tam qurtulmaq mümkün olacaq.
 
Onun sözlərinə görə, bunun üçün hər kəs sosial məsafəni gözləməli, sanitar-gigiyena qaydalarına əməl etməli, tibbi maskalardan istifadə etməlidir: “4 aydır ki, dünyanı cənginə almış koronavirus pandemiyası təəssüflər olsun ki, hələ də davam etməkdə, öz mənəvi və maddi fəsadlarını yaşatmaqdadır. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq”.
 
Pandemiyanın qarşısının alınması istiqamətində qanunvericilik səviyyəsində də müəyyən sərtləşdirməlar, cəzaların nəzərdə tutulduğunu deyən E. Səlimov qeyd edib ki, ötən gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər olundu və təsdiqlənərək, imzalanaraq, hüquqi qüvvəsinə mindi: “Biz kimlərinsə cərimələnməsini istəmirik. Amma hazırki vəziyyətdə buna məcburuq. Çünki bəzi insanların məsuliyyətsizliyi ucbatından yoluxanlarla bağlı statistik göstəricilər hər gün artır. Bunun qarşısının alınması üçün hər birimiz məsuliyyətli, anlayışlı olmalı özümüzü və yaxınlarımızı koronavirus təhlükəsindən qorumalıyıq”.








Redaktorun seçimi