"Bu gün Ermənistan danışıqları pozmaq üçün bütün addımları atır"

Hit: 1275
"Bu gün Ermənistan danışıqları pozmaq üçün bütün addımları atır"
"Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var, ölkəmizin iqtisadiyyatı sürətlə böyüyür, insanların həyat səviyyəsi daha da yaxşılaşır. Azərbaycan regionda həyata keçirilən bütün qlobal enerji layihələrinin əsas tərəfdaşlarından biridir. Əhalinin sosial təminatının gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu gün bir sıra ölkələrdə sosial sahələrə ayrılan vəsaitin azaldıldığı bir dövrdə Prezident İlham Əliyev heç bir sosial layihənin dayandırılmayacağını dəfələrlə bəyan edib.
 
Dünən "Qobu Park 3" yaşayış qəsəbəsinin açılması bu fikri bir daha təsdiq edir. Burada diqqəti çəkən digər vacib məqam isə bu qəsəbələrdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlərdir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
 
"Bildiyiniz kimi, sözügedən qəsəbədə xalçaçılıq mərkəzi və uşaq oyuncaqları istehsal olunan müəssisə də fəaliyyət göstərəcək. Bu isə orada yaşayan insanların işlə təmin olunmasına töhfə verəcək. Ermənistan bu gün yeritdiyi təcüvüz siyasəti nəticəsində regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb, özünütəcrid vəziyyətindədir. Getdikcə bu ölkədə böhran daha da dərinləşir. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə kimi Azərbaycanın regionda keçirdiyi bütün layihələrdən kənarda qalacaq və bu Ermənistan iqtisadiyyatında böhranın dərinləşməsinə təkan verəcək. Qeyd etməliyik bir ölkə torpaqların azad olunmasında iqtisadi güc xüsusi rol oynayır.
 
Bu gün Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir. Ordumuzun fiziki və mənəvi hazırlığı yüksək səviyyədədir, müasir silah-sursat və texnika ilə təmin olunub. Qarşıya qoyulan bütün məqsədlərə nail olmağa qadirdir. Hazırda dövlətimiz torpaqlarımızın azad olunması üçün bütün zəruri tədbirləri görür. Hazırda torpaqlarımızın sülh yolu ilə azad olunması üçün danışıqlara üstünlük verilir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir. Bu gün Ermənistan danışıqları pozmaq üçün bütün addımları atır. Ermənistan rəhbərliyi riyakarlıq edir. Son dövrlər ermənilərin Dağlıq Qarabağda keçirdiyi seçkiləri, andiçmə mərasimini beynəlxalq qurumlar tanımadı. Buna Azərbaycanın həyata keçirdiyi aktiv xarici siyasət və diplomatik səylər nəticəsində nail olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını tezliklə işğaldan azad edəcək və Dağlıq Qarabağda abadlıq işləri aparılacaq, yeni binalar, xidmət sahələri yaradılacaq. Buna heç bir şübhə yoxdur"-deyə, C.Məmmədov fikrini tamamlayıb.








Redaktorun seçimi