"Azərbaycan birincilərdən oldu"

Hit: 1943
"Azərbaycan birincilərdən oldu"
“Ötən gün Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyeva 3-cü DOST Mərkəzinin açılışını həyata keçirdilər. Dövlət başçısı İlham Əliyev açılışda AzTV-nin suallarını cavablandırdı və bir sıra mühüm məqamlara toxundu. Ölkə rəhbərinin diqqət çəkdiyi məsələlərdən biri də koronavirus pandemiyasına qarşı Azərbaycanın uğurlu mübarizə aparması ilə bağlı idi”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
 
Ölkə başçısını müsahibəsi zamanı heç bir dövlətin bir-birinə əl uzatmadığı indiki məqamda Azərbaycanın 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərməsi ilə bağlı fikirlərini xatırladan deputat həmin ölkələrə qoruyucu vasitələr, tibbi avadanlıqlar və digər vasitələrin göndərildiyini bildirib: “Ölkə rəhbərinin də bəyan etdiyi kimi, Azərbaycan tərəfindən edilən yardımlar reklam edilmir, atılan addımlar mənəvi borc kimi yerinə yetirilir. Avropa dövlətlərinin belə bir-birinə yardım əlini uzatmadığı bir şəraitdə Azərbaycanın 13 ölkəyə təmannasız köməklik göstərməsi, ölkəmizin koronavirus bəlasının qarşısını almağa özünü necə səfərbər etdiyini, sözdə deyil, əməldə nələrə qadir olduğunu açıq-aşkar şəkildə ortaya qoydu”.
 
O söyləyib ki, ümumiyyətlə, koronavirus pandemiyası bir çox məsələləri, mətbləri qabarıq şəkildə üzə çıxardı: “ Belə ki, son 3-4 ayda yaşananlar və davam edənlər bir çox aparıcı və nüfuzlu dövlətlərin, xüsusilə də, dünyaya ağalıq etmək iddiasında olanların, demokratiyadan, insan haqlarından dərs keçənlərin bir çox əyər-əskiklərini, az qala bu bəlanın qarşısında acız qaldıqlarını çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirmiş oldu. Həmin ölkələrdə yaşananlar, yoluxma və ölüm faktlarının çoxluğu, tibbi personalın, tibb mütəxəssislərinin, tibbi ləvazimatların, maskaların, spirtlərin və sair çatışmazlığı və sar məqamlar deyilənlərlə reallıqların üst-üstə dümədiyini, uzlaşmadığını hər kəsə göstərdi. Bəli, silah-sursat, maliyyə, əhali və ərazi cəhətdən güclü, böyük olmaq hələ tam mənada güclü olmaq demək deyil. Güclü olmaq istənilən vəziyyətə, fors-major hallarda özünü itirməmək, səfərbərlik nümayiş etdirərək vətəndaşının yanında ola bilməkdir. Çox təəssüf ki, həmin güclülər, nəhənglər bu imtahandan "2" alaraq kəsildilər”.
 
E. Səlimov qeyd edib ki, dünyanı bürüyən qlobal pandemiya imtahanı qarşısında özünü itirməyən, bir andaca toparlanan, səfərbər olan, bəla ilə sistemli və kəskin mübarizə aparan ölkələr də tapıldı: “Bu ölkələrin sırasında isə tam əminliklə və qətiyyətlə demək olar ki, Azərbaycan birincilərdən oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, görülmüş işlər, atılmış addımlar nəticəsində ölkəmizdə koronavirus pandemiyasının genişlənməsinin və təhlükəli həddə çatmasının qarşısı alındı. Düzdür, ölkəmizdə də koronavirusa yoluxma və ölüm faktı var. Lakin Azərbaycanda COVİD-19-la bağlı rəqəmlər digər ölkələrlə müqayisədə çox aşağı və kütləvi deyil. Təbii ki bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşını, öz insanı qoruya bilmək üçün bütün addımlara getməsi nəticəsində əldə olunub”.
 
Son 3 ayda atılan addımları sadalayan Milli Məclisin üzvü vurğulayıb ki, Koronavirusla Mübarizə Fondunun yaradılması, dövlət büdcəsindən vəsait ayrılması, ianələrin köçürülməsi, ölkə başçısının bilavasitə tövsiyə və tapşırığı ilə Nazirlər Kabineti tərəfindən "Tədbirlər Planı"nın hazırlanması, əvvəl bir milyardlıq, sonra isə əlavə 2, 5 milyard manatlıq sosial paketin həyata keçirilməsi, xəstəxanların açılışı, tibbi maskalar istehsal edən müəssisələrin işə salınması, Türk Şurası, Qoşulmama Hərəkətı ilə Zirvə görüşlərinin və digər önəmli tədbirlərin keçirilməsi Azərbaycanın pandemiya ilə bağlı mübarizədə atdığı mühüm addımların əyani təsdiqidir: “Bu misalların sayını artırmaq da olar, amma el məsəlində də deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?! Hər şey göz qarşısındadır. O cümlədən, bu bəlaya qarşı mübarizədə ölkəmizin bir çox ölkəyə və beynəlxalq quruma dost əlini uzatması, maliyyə yardımı göstərməsi də Azərbaycanın nə qədər güclü və qüdrətli bir ölkə olmasının əyani təcəssümüdür. Ümumiyyətlə, Azərbaycan tək indi deyil, bunda əvvəllər də çətin iqtiasadi durumla üzləşən ölkələrə yardım, dostluq, qardaşlıq əlini uzadıb. Serbiyaya, Macarıstana, Belarusa, Gürcüstana və başqa ölkələrə edilən yardımlar bunun bariz nümunəsidir.
 
Bunlar bir daha göstərir ki, Azərbaycan sözdə deyil, əməldə, işdə də müttəfiq, tərəfdaş, dostdur. Bu baxımdan, ölkəmizin bu çətin günlərdə bir çox ölkəyə və beynəlxalq quruma yardım etməsi təsadüfi və gözlənilməz sayıla bilməz. Dövlət başçısının ötən gün AzTV-yə müsahibəsində də vurğuladığı kimi, kimin imkanı varsa bu çətin günlərdə köməyini əsirgəməməlidir. Bu, bizim, adət-ənənələrimizə də uyğundur. “Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu rekl am etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”- deyən ölkə Prezidenti bir daha həm ölkəmizin, xalqımızın, həm də özünün gücünü, qüdrətini hər kəsə nümayiş etdirdi. Bəli, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanımız çox şeylərə qadir olub, bu gün də qadirdir, sabah da qadir olacaq. Azərbaycan hər zaman öz dostlarının, müttəfiqlərinin, tərəfdaşların yanında olub, bu gün də olur, bundan sonra da olacaq. Bu, bizim yolumuz, bu, bizim dəyişməyən siyasətimiz və bu bizim dəyərlərimizə sadiqliyimizdir”.








Redaktorun seçimi