"Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir"

Hit: 933
"Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir"
“Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar”. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, bu günə qədər vətəndaşlardan gündə yüzlərlə məktub alır:
 
“Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq”. 
 
Ölkə rəhbəri bəyan edib ki, təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır:
 
“Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki, biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.
 
Ölkə başçısının vurğuladığı məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, qeyd olunan məqamlar tamamilə reallığı əks etdirir.
Deputat bəyan edib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına və digər bu kimi forsmajor vəziyyətlərə hazır olduğunu isbatladı: 
 
“Azərbaycan gördüyü tədbirlərə və atdığı addımlara görə, dünya ölkələrinə bir nümunə olmağı bacardı. Ölkəmizdə həyata keçirilən tədbirlərin effektliyi xarici dövlətlər tərəfindən görüldükcə, onlar dərhal öz ölkələrində tətbiq etməyə başladılar. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən tədbirlər, yürüdülən uzaqgörən siyasəti beynəlxalq aləm tərəfindən çox yüksək qiymətləndirilir. İlk olaraq Türkdilli dövlətlərin Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılar Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunda yer alan 40-dan çox ölkənin rəhbər şəxsləri ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq ifadə etdilər. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bir neçə dəfə Azərbaycan liderindən razılığını bildirib. Ölkəmizdə görülən tədbirlərdən məmnunluğunu ifadə edib. Eyni zamanda dünya mediasında da Azərbaycanda görülən tədbirlər geniş işıqlandırdı. Həmçinin, dövlət başçısı cənab İlham Əliyevə vətəndaşlardan gələn yüzlərlə təşəkkür məktubları da ölkə ictimaiyyətinin məmnunluğunu göstərir. Hamı gördü ki, Azərbaycan forsmajor hallara tamamilə hazırdır”. 







Redaktorun seçimi