"Aprel olayı Ermənistanda əsl çaxnaşma yaratdı"

Hit: 906
"Aprel olayı Ermənistanda əsl çaxnaşma yaratdı"
2016-cı ilin aprel zəfəri Azərbaycan ölkəmizin hərbi-siyasi tarixində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Bu hadisəni iki cəhətdən vacib sayıram.
 
Əvvəla, işğalçı Ermənistan həmin anadək Qarabağ cəbhəsində əldə etdiyi üstünlüyün özünə aid olmasına dair mif formalaşdırmışdı. Halbuki hamıya məlumdur ki, bu üstünlük Ermənistanın bir dövlət kimi Azərbaycandan güclü olması deyildi. Ermənilərə o zaman hansı qüvvələrin kömək etdiləri bəllidir və onlar indi də əllərini Qarabağdan çəkməyiblər. Bəli, aprel zəfərimiz mifi darmadağın etdi. Ermənilərin fəxrlə öyündükləri, keçilməzliyini bildirdikləri “Ohanyan xətti” cəmi 45 dəqiqəyə yarıldı. Yalnız bu fakt erməni hərbi və siyasi dairələrini sanki ayıltdı. Onlar anladılar ki, neçə illər ərzində özlərini aldadıblar. Bilmədilər, nə desinlər. Hətta bəziləri hakimiyyətə qarşı çıxmağa başladı. Ümumən Ermənistanda orduya inamsızlıq dərinləşdi. Təbii ki, bu, ümumən erməni cəmiyyətinin dövlətə qarşı etirazı müstəvisinə də daxil oldu. Bir sözlə, aprel olayı Ermənistanda əsl çaxnaşma yaratdı ki, bu, Azərbaycanın hərbi uğurunun işğalçı ölkənin cəmiyyətinə mənfi təsirlərinin nə dərəcədə böyük ola biləcəyi reallığını ortaya qoydu. Beləcə Ermənistanda anladı ki, Azərbaycanla həmin vaxtadək irəli sürülən hərbi dillə danışmaq ritorikası ancaq iflas pespektivini doğura bilər.
 
İkinci qeyd etmək istədiyim məqamı sırf ideoloji nöqteyi-nəzərdən əhəmiyyətli sayıram. Erməni ideoloqlarının nəsil dəyişikliyi ilə bağlı bir hesablaması var idi. Müəyyən mərhələlər müəyyənləşdirmişlər. Tutalım, işğaldan sonrakı 10,20,30,40 il sonra Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə necə yanaşacaq? Əlbəttə, hesabları illər keçdikcə nəsillərin Qarabağı unudacağı perpektivinə söykənirdi. Aprel savaşı bütün bu hesablamaları alt-üst elədi. Sübut olundu ki, Azərbaycan cəmiyyəti heç bir halda Qarabağı unutmur. 2016-cı ildə ermənilərə səngəri dar edənlər əsasən I Qarabağ müharibəsindən sonra doğulmuş gənclər idi. Onlar çox böyük əzmlə, qəhrəmanlıqla, ideoloji cəhətdən yüksək hazırlıqla döyüşə getdilər. Getdilər və qələbə qazandılar. Erməni başbilənlərini ən çox narahat edən də bu oldu və onlar anladılar ki, nəsil dəyişikliyi ilə bağlı hesablamalarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan cəmiyyəti, yetkinindən tutmuş gəncinədək hər an Qarabağ üçün köklənmiş vəziyyətdədir.
 
Əflatun Amaşov








Redaktorun seçimi