Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

Hit: 793
Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
«Fevralın 22-də  Almaniyada  Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin  tərkib hissəsidir. Reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bir mühüm məqamı da nəzərə alsaq ki, yaxın günlərdə  XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə  dərk olunar.» Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Azərbaycanın davamlı diplomatik uğurlarından bəhs edən V.Rəhimzadə qeyd edib ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev daim çıxışlarında bir çağırışı edir ki, Dağlıq Qarabağ  gündəlik işimiz  olmalıdır. Münaqişə ilə bağlı  bütün həqiqətlər, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Məhz uğurlu xarici siyasətin nəticəsidir ki,  dünya dövlətlərinin, beynəlxalq  təşkilatların  qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti  pislənilir. Bu günlərdə 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın iştirakı ilə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr də   Ermənistanın bu günə qədər apardığı yalan təbliğatlara işıq salmaqla yanaşı,  tarixin saxtakarlıq sevmədiyini, faktlara əsaslandığını  bir daha  işğalçı dövlətin rəhbərliyinə diktə etdi.
 
V.Rəhimzadə bildirib ki, təbliğatı real həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim  bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli  həllində vacib amil kimi diqqətdə saxlayır: «Təbliğat işinin yüksək səviyyədə qurulmasında  Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eyni zamanda,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk.   Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində  təbliğat vasitəsi kimi istifadə edilir. Bu vəsaitlər  müxtəlif dillərdə tərcümə və təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın  təşəbbüsü ilə başlanmış  “Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir.  Bu kampaniya çərçivəsində  dünyanın müxtəlif ölkələrində silsilə  tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Tədbirlərin əhəmiyyəti  əldə olunan nəticələrdən də aydın görünür.»
 
V.Rəhimzadə bildirib ki, Ümumdünya Qarabağ  mitinqi də bu kimi  tədbirlərin  davamı olaraq Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına   böyük dəstək olacaq. Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşərək  30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  atılan addımlara  öz töhfəsini verməlidir.








Redaktorun seçimi