Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Hit: 528
Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edən Cavid Osmanovun növbəti görüşləri rayonun Şəkili və Qoşaqovaq kəndlərində keçirildi.
 
Hər iki görüşü deputatlığa namizəd Cavid Osmanov açaraq 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, eləcə də həyat və fəaliyyəti haqqında seçicilərə geniş məlumat verdi. Ölkədə hayata keçirilən uğurlu daxili və xarici siyasətə diqqət çəkən Cavid Osmanov son 16 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir. Daha sonra ölkənin bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da geniş vüsət alan abadlıq-quruculuq işlərinə toxunan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin Ağdaş rayonuna olan xüsusi diqqət və qayğısından danışdı. Rayonda kənd yollarının yenidən qurulduğunu, məhz bu işlər nəticəsində Şəkili və Qoşaqovaq kəndlərinə də yeni asfalt yolun çəkildiyini vurğuladı. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin və onunla çiyin-çiyinə birgə addımlayan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri yorulmaz fəaliyyətin bəhrəsi olduğunu bildirdi. Ağdaşlıların hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olduğunu diqqətə çatdıran Cavid Osmanov göstərdikləri yekdil dəstəyə görə onlara öz minnətdarlığını bildirdi.
 
Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvlərindən Vaqif Hacıyev və Sevgili İbrahimova Cavid Osmanovun Milli Məclisdəki fəaliyyətinə nəzər saldılar, rayon üçün gördüyü işlərdən danışdılar. Onlar  seçiciləri səsvermə günü düzgün seçim edərək, yekdil şəkildə Ağdaş üçün layiqli namizəd olan Cavid Osmanova səs verməyə çağırdılar.
 
Seçicilərlə görüşə gələn Cavid Osmanovu Şəkili və Qoşaqovaq kəndlərində kənd sakinləri böyük sevinc və möhtəşəm alqışlarla qarşıladılar. Görüşlərdə seçicilər adından çıxış edən Şəkili kənd sakinləri Mirxalid Yunusov, Əlövsət İsmayılov, Ağasəf Məcidov, Qoşaqovaq kənd sakinləri Yusif Muradov, Təqrəddin Xəlilov, Zəkiyyə Abdullayeva və Mahir Məmmədov qeyd etdilər ki, onlar hər zaman dövlətə, dövlətçiliyə sadiqdirlər.  Öz seçimlərini ilk gündən müəyyənləşdirdiklərini bildirən kənd sakinləri bəyan etdilər ki, onların seçimi Ağdaşı Milli Məclisdə layiqincə təmsil edən və yenidən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Osmanovdur. Onlar fevralın 9-da böyük coşquyla seçki məntəqələrinə gedərək bu seçimlərini rəsmi olaraq təsdiqləyəcəklər.







Redaktorun seçimi