"Hər bir fərdin problemini həll edilənə qədər parlamentin bütün iclaslarında qaldıracam" - VİDEO

Hit: 3563
"Hər bir fərdin problemini həll edilənə qədər parlamentin bütün iclaslarında qaldıracam" - VİDEO
Ceyhun Musaoğlunun seçki platforması
 
Dünənu unutmayanların, bu günü dəyərləndirənlərin, sabaha inananların qardaşıyam, dostuyam, VƏKİLİYƏM – özüyəm.
Özümdən necə xəbərim varsa, bütün ABŞERONLULARDAN, konkret 45 saylı Abşeron seçki dairəsinin ərazisinə aid edilən – Xırdalan şəhəri, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Göradil, Fatmayı qəsəbələrini, bu ərazilərin əksər sakinlərini də beləcə tanıyır, sevinclərinin və kədərlərinin səbəbini bilirəm.
SİZ mənim yox, mən SİZİN ayağınıza gəlmişəm, əvvəllərdə olduğu kimi, bu gün və sabah da SİZİN hüzurunuza özüm təşrif buyuracam. Məndən xahiş etməycək, pozulmuş hüququnuzun bərpasını istəməyəcək, mütərəqqi qanunların qəbul olunması arzusunu ürəyinizdə saxlamayacaqsınız. Məndən TƏLƏB edəcəksiniz.
Qürurum, SİZİN qürurunuzdu. Qürurunuzun cızılmasına imkan verməyəcəm. Siz mənə atam, anam, bacım, qardaşım – doğmalarım qədər yaxınsınız, əzizsiniz. Yaşadığınız bütün dərdləri mən də yaşayıram, sevindiyiniz hadisələr məni də fərəhləndirir. Dərdlərinizi ögeyləşdirməyə, sevincinizi doğmalaşdırmağa çalışacam. Neqativ SİZDƏN uzaq, pozitiv SİZƏ yaxın olacaq.
 
Ona görə də:
 
Hər bir fərdin problemini həll edilənə qədər parlamentin bütün iclaslarında qaldıracam. Düşüncəmin, əqidəmin, mənliyimin, xalqa və dövlətə xidmət edən qələmimin gücü ilə onların müsbət həllinə nail olmağa səy göstərəcəm.
Dərdiniz parlamentə çox sadə yolla gəlib çıxacaq:
Jurnalistlər ərazidə sorğu keçirəcəklər. Sorğunun sualı belə olacaq: “Ağlınıza ilk gələn enerjili, savadlı və dürüst 3 həmkəndlinizin adını çəkə bilərsiniz?”. Sorğuda adı hallanan şəxslər deputatınızla kənd və qəsəbələrinizdə yaşayan sakinlər arasında könüllülük prinsipi ilə vasitəçi olacaqlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin könüllülk institutunun formalaşması ilə bağlı tapşırıq və tövsiyələrinin yüksək səviyyədə həyata keçməsinə birlikdə çalışacağıq. Hazırda Abşeron könüllüləri olduqca fəaldırlar, fəaliyyətimizdə onlara daim dəstək olacağıq. Problemlərinizi həmin şəxslərə çatdıracaqsınız, onlar da anındaca məni xəbərdar edəcəklər. Problem üzə çıxdığı gün həllinə başlanılacaq, uzağı 3 iş günü müddətində müsbət nəticələr əldə olunacaq. Həmin ofislər həftədə bir dəfə 7 ərazidə deputatınızla sakinlərin görüşünü təşkil edəcək. Deputatınız Sizə həftəlik hesabat verəcək. Bu model ASAN xidmətdən təsirlənmənin məhsuludur. Vətəndaşlar üçün həyat şərtlərinin asanlaşması dövlətin ali məqsədidir.
Millət vəkili kimi aldığım əmək haqqının 20 faizi bankda açdırdığımız xüsusi hesaba daxil ediləcək, hər ay bir qəsəbənin sakini olan 4 əlaçı tələbənin xərcləri ödəniləcək. Proses növbəti parlament seçkisinə qədər davam edəcək.
Bu modelin möcüzəvi xarakter daşıdığını, formalaşmasının mümkün olmadığını qətiyyən düşünməyin. Yetər ki, vəkiliniz vicdanlı, məsuliyyətli, dürüst və sevgi dolu biri olsun.
 
Parlament daxilindəki fəaliyyət:
 
Deputat seçilsəm, Milli Məclisin bütün iclaslarında çıxış edəcəm. Həmin iclas gününə qədər SİZDƏN gələn şikayətlər, xahişlər, tövsiyələr təsnifatlandırılacaq, müraciətinizin həlli yolu qanunlar çərçivəsində müəyyənləşdiriləcək. Əgər arzunuzun reallaşmasının qarşısı qanunlardakı boşluğun səbəbindən alınırsa, həmin qanuna əlavə və düzəlişlər edilməsi təklifini parlamentdə səsləndirəcəm, konkret layihə hazırlayıb, MM rəhbərliyinə təqdim edəcəm. İndiyəndək mənə müraciət edənlərə jurnalist kimi kömək etmişəm, səsinizi qazansam deputat kimi daha effektli kömək edə biləcəm.
Müraciətiniz daha çox fərdi xarakterlidirsə, istəyinizin reallaşmasına cavabdeh olan şəxslə şəxsən danışacam. Mən siyasətdə bitərəfəm, ancaq biganə deyiləm. Biganəlik ən böyük dərddir. İçimizdəki Allahın bizə üfürdüyü ruhun gücünə bərabər olan sevgi ilə bütün bağlı qapıları açmaq mümkündür. Həm də arxamda SİZİN kimi saf, niyyəti təmiz insanlar dayanıb. Kürəyimi həmişə SİZƏ söykəyəcəm, ömür payıma düşən zaman SİZİN nəbzinizlə birgə hərəkət edəcək. Zaman ölçüm saat olmayacaq, SİZİN döyünən nəbziniz olacaq!
 
Milli Məclisdə əqidə birliyinə necə nail olacam:
 
Güc həmişə birlikdədir. Prezidentin müəllifi olduğu islahatlara cavab vermədiyi üçün buraxılmış parlamentdə fraksiya yaranmadı. Fraksiya ən azı 25 deputatın birliyindən yaranır. Həmin birlik, həm hüquqi, həm də mənəvi baxımdan daha çox səlahiyyətə malik olduğundan problemlərin diqqətə çatdırılması, həll olunması asanlaşır, qətiləşir, ictimailəşir.
Təmsilçisi olacağım Milli Məclisdə bitərəf deputatların fraksiyasının yaranmasına çalışacam. Məqsəd xalqa xidmətdirsə, deputatlar fraksiyanın yaradılmasına razılıq verəcəklər, bu razılıq onların da önə çıxmalarına, eşidilmələrinə, əsl millət vəkili kimi nüfuz qazanmalarına bir başa təsir göstərəcək.
Özümü körpü edəcəm ki, SİZİ sel aparmasın:
 
Qarabağ həyat yolum:
 
Əlbəttə yolum Qarabağdan keçməlidir, keçəcək də. Bütün varlığımızla bu problemin çözülməsinə səy göstərəcəyik. Ali Baş Komandanın işğalda olan torpaqların azadlığa çıxması üçün titanik əməyinin daha da çiçəklənməsinə bütün varlığımızla dəstək verəcəyik.
 
Dövlətçi əqidəm:
 
Ölkə rəhbərliyinin – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu hökümətin apardığı uğurlu siyasətin şaxələnməsinə sidq ürəklə vasitəçi olmalıyıq. Ali məqsədimiz varlı dövlətə, müstəqil ölkəyə, demokratik cəmiyyətə, azad xalqa qulluq göstərməkdir.
HAQQINIZ ÇATAN HƏR ŞEY SİZİN OLACAQ! SİZ ƏLASIZ, ƏLANI DA SEÇİN!








Redaktorun seçimi