Avropa Birliyinin deyil, Türk birliyinin tərəfdarıyıq - MÜSAHİBƏ

Hit: 326
Avropa Birliyinin deyil, Türk birliyinin tərəfdarıyıq - MÜSAHİBƏ
Turan Kültür Vəqfinin sədri Rasim Ekşi Faktor.az-a müsahibə verib.
 
Rasim Ekşi uzun illər "Türkiyə" qəzetində xarici siyasət şöbəsində işləyib. Sovetlər İttifaqı dağıldığı zamanlar türk dünyası ilə ilgili düşüncələrini və çalışmalarını bir araya gətirmək üçün öz həmfikirləri ilə Turan Kültür Vəqfini qurub. Bu Vəqf yarandığı zamandan etibarən, yüzlərlə kitaba imza atıb. Hansı ki, bu kitablar Türkiyənin, Azərbaycanın, Orta Asiyanın tarixindən və mədəniyyətindən, dil məsələlərindən çox akademik olaraq bəhs edib. Rasim bəyi bir zamanlar Türkiyədə təhsil alan azərbaycanlı tələbələr tanımamış deyil. Türkiyədə gördüyü çox önəmli işlərini indi də davam etdirir. Rasim bəylə görüşümüz zamanı vaxtın azlığından istifadə edərək ayaqüstü bir söhbət reallaşdıra bildik. 
 
- Rasim bəy, mən sizi Azərbaycanı sevən, məmləkətimizə könüldən bağlanan, türk dünyasının problemlərini öz problemi bilən bir türk ziyalısı kimi tanıyıram. Burdan Azərbaycanda baş verən prosesləri izləmək imkanınız necədir? 
 
- 1990-cı illərə qədər Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən daha çətin idi. 90-cı illərdən sonra yavaş-yavaş əlaqələr yarandıqca məlumatımız genişləndi. Son zamanlar televiziyadan, qəzetlərdən lazımi xəbərləri almaq, izləmək imkanımız var. Böyüklərimizin söylədiyi kimi, biz "iki dövlət, bir millətik". Bizlər coğrafiya, dil, din yaxınlığı içərisində dövlət olaraq da yaxınıq. Türk tarixinə Azərbaycan türklərinin verdiyi əvəzsiz töhfələri bilirik. Azərbaycan qurulmuş ilk demokratik dövlət kimi Osmanlıdan sonra bizə də yol göstərmiş oldu. Mən inanıram ki, Azərbaycan dövləti qiyamətə qədər varlığını davam etdirəcək. Azərbaycan türkləri olan böyüklərimizə, qardaşlarımıza xüsusi sevgimiz, sayğımız əbədidir. 
 
- Turan Kültür Vəqfinin qurucularından biri və sədrisiniz. Bu barədə danışmağınızı istəyirəm.
 
- Biz Turançılıq ideallarına inanmış insanlarıq. Bu gün də Türkiyənin gələcəyini Avropa Birliyində deyil, türk birliyində olduğuna inanırıq. Şükürlər olsun ki, bu gün dünyada 7 müstəqil türk dövləti mövcuddur. Digər türklərin də zamanı gəldiyində müstəqilliklərini qazanacaqlarına inanırıq. Bu vəqfi qurduğumuzda Turan ideallarına dayanaraq bir araya gəldik. Daha çox mədəniyyət boyutlarında inkişafını düşündük. O dönəmdə Turançılığın bir parçası olan Azərbaycanda çox önəmli proseslər baş verirdi. Biz "Qarabağ xanlığının tarixi" əsərini çevirib yayımladıq. İlk işimiz də bu oldu. Kitabın satışından gələn gəlirlə dava-dərman alıb Qarabağa göndərdik. Vəqfimizin qurucularından Mustafa Ərkan, Əhməd Alkanad, Yusif Gədikli, Əniz Öksüz, Abdulhəmid Çay, Abdulkadir Donuq, keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək kimi ziyalı arkadaşlarımız və dostlarımızın isimlərini xatırlada bilərəm. Biz işdə, dildə, fikirdə birlik tezisi ilə işləyirik. 
 
- Ortaq türkcə məsələsi ilə bağlı nə deyə bilərsiniz?
 
- Dil canlı orqanizmdir. O, kəlmə alıb-verməsə yaşaya bilməz. İnsanların nəfəs alıb-verməsinə bənzəyər dil. Bizim ortaq türkcəmiz nə olmalıdır? Əgər hər türk dövləti öz türkcəsini ortaq türkcə deyə qəbul edərsə, vəziyyət necə olar? Onda işin içindən çıxa bilmərik. Qasprinski krımlıdır. O da İstanbul türkcəsini ortaq türkcə olaraq vurğulayır. Burda Qasprinski bölgəçilik etməyib. O, deyir: "Mənim qəzetimi ("Tərcümanı" nəzərdə tutur: - X.) nə zaman İstanbulda qayıqçılar, türküstanda çobanlar tərəfindən oxunub anlaşılarsa, o zaman ortaq türkcə olur". Bu durumda Türkiyə türkcəsi daha inkişaf etmiş olduğu üçün İstanbul türkcəsi ortaq türkcə olacaq. Bunu Türkiyə vətəndaşı olduğum üçün söyləmirəm. Fikir böyüklərimizin də son təsbiti budur: Azərbaycanda da ortaq türkcə məsələsini müdafiə edənlərə təşəkkürümüzü bildiririk. Onlar var olsunlar. Türkçülüyün gələcəyinə xidmət edirlər.
 
- Gələk əlifba məsələsinə. Siz də bilirsiniz ki, Latın qrafikası türk düşüncə sistemini içinə ala biləcək gücə sahib olmayan bir əlifbadır. Nə vaxta qədər bu əlifba problemini çözmədən oturub gözləyəcəyik? Sabah Yaponiya, ya Çin dünya hegemonluğunu əldə edərsə, demək ya yapon, ya Çin əlifbasını qəbul etmək məcburiyyətindəyik? Öz əlifbası olanlar isə heç vaxt mədəniyyət problemi yaşamırlar. Mən Azərbaycanda Orxan Yenisey əlifbasını müdafiə edərək tezliklə bu əlifbanın tətbiqinə başlamağın vacib olduğunu düşünürəm. Bu qədər qapsamlı, imkanlı bir əlifbadan nə vaxta kimi istifadə etməyəcəyik. Bəs burda bu əlifba ilə ilgili hər hansı bir məsələ qaldıran olubmu? 
 
- Hər şeyə bu günün şərtlərinin pəncərəsindən baxmaq lazımdır. Mən Orxan Yenisey əlifbasının mədəniyyətimiz üçün çox vacib olduğunu bilirəm. Bu gün Türkiyə də, Azərbaycan da, Balkan türkləri də latın əlifbasını çox asanlıqla anlayır, başa düşür. Doğu Türküstanda da uyğur türklərinin Türkiyə ilə əlaqəsi kəsilsin deyə ərəb əlifbasını tətbiq etdilər. İran türkləri də ərəb əlifbasından istifadə edir. Yerdə qalanlar Latın qrafikasını bilirlər. Bu şərtlər altında əlifbanı yenidən dəyişmək mənə bir az zor görünür. Amma elm adamları bu istiqamətdə öz işlərini davam etdirirlər. Ancaq bu o demək deyil ki, sizin söylədiyiniz Orxan Yenisey əlifbasını gündəmə gətirmək olmaz. Amma bunu da qəbul etməliyik ki, biz hələ də Orxan Yenisey abidələri ilə əlaqədar olan bütün araşdırmaları Avropa alimlərinin kitablarından öyrənirik. 
Elə məsələlər var ki, türk boyları arasında onu problemə çevirmək lazım deyil. Qaqauzlar xristiandır. Onlara durub desək ki, gəlin müsəlman olun, nə cür qarşılanar? Yaxud, bütün türk boyları arasında məzhəb fərqləri vardır. Durub demək olmaz ki, gəlin hamınız sünni olun. Bəzi mövzulardan bu gün sükutla keçmək lazımdır. 
Əgər üzərində zəhmət çəkə bilsək, Orxan Yenisey əlifbası Latın qrafikasını əvəz edə bilər. Bu gün üçün isə türk dilli toplumların arasında Latın qrafikasının önəmi əvəzsizdir. 
 
- Mənə elə gəlir ki, Türkiyədə turançılıqla ilgili olaraq əvvəlki qədər geniş, qapsamlı çalışmalar, araşdırmalar davam etdirilmir. Bəlkə də yanılıram. Ancaq son qənaətim budur. Sizcə, bunun kökündə nələr durur. 
 
- Qənaətiniz doğrudur. Türkçülüklə ilgili çalışmalar arxa plana keçib. Buna çox üzülürəm. Bu gün Türkiyədə başqa bir xəyalın ardınca qaçan böyük bir kütlə var, təəssüflər olsun. Avropa Birliyi, Avropa heyranlığı baş alıb gedir. Bu gün Azərbaycanın 20 faizi erməni işğalında olduğu halda, Türkiyədə erməniləri müdafiə edən, fakir göstərən bir çox qurumlar, quruluşlar var. Bu qurumların heç biri Qarabağ mövzusunu gündəmə gətirməzlər. Şəxsən biz Avropa Birliyinin deyil, bir türk birliyinin tərəfdarıyıq. Bu gün Avropanın ailə düzəni, yeraltı sərvətləri, əxlaqı tamamilə bitib tükənmişdir. Bizim onlara deyil, onların bizə ehtiyacı olacaq. Ancaq türk dünyasının hər mənada qaynaqları belə deyildir. Şükürlər olsun ki, bitib-tükənmir. Biz niyə Avropanın ardınca getməliyik ki?  Cəmil Mericin bir sözü var: bütün məscidləri yıxsanız, bütün Quranları yandırsanız da avropalının gözündə biz yenə də türkük, yenə də müsəlmanıq. 
Atilla İlhamdan, Allah rəhmət etsin, təzə rəhmətə getdi, Avropada soruşublar ki, sənin adın Atillamı? Həminki Atillamısın? O da cavab vermiş ki, Atillayam. Avropalının beynində, şüuraltında bu maraq, bu şübhə həmişə olub. 
 
XANƏMİR Telmanoğlu








Redaktorun seçimi