Prezident İlham Əliyev: - Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

129 dəfə oxunub
Prezident İlham Əliyev: - Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

Əminəm ki, muxtar respublikanın artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı göstəriş verib. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

Faktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi: “İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.

“Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb: “Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Ali Məclisin Sədri Vasif Talıbov isə bildirib ki, maaş artımı ilə əlaqədar gələn ilin büdcəsinin həcmi də artıb. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılıb. Yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.

Naxçıvanda bütün istiqamətlər üzrə işlərin yaxşı getdiyini vurğulayan Prezident İlham Əliyev bu dinamikanın gələn il də təmin ediləcəyinə əmin olduğunu deyib: “Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.



Redaktorun seçimi