"2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir"

145 dəfə oxunub
"2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir"
“Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi, sosial, kadr və struktur islahatları, əhalinin rifah halının yaxşılaşmasına doğru atılmış ciddi addımlar olmaqla bərabər, büdcə gəlirlərinin, qızıl, valyuta ehtiyatlarının artmasına, makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına xidmət edir. Təsadüfi deyildir ki, ölkəmiz biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınır və 190 ölkə arasında 34-cü yerdədir. Aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın bu sahədəki fəaliyyətini  yüksək qiymətləndirirlər”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
 
N.Məhəməliyev bildirib ki, 2020-ci il üçün hazırlanmış dövlət büdcəsinin layihəsi ilə tanış olduqda, xüsusilə 2019-cu ildə ölkə başçısı tərəfindən qəbul edilən iki sosial paketin icrası və növbəti il üçün də sosialyönümlü siyasətin davam etdirilməsi Azərbaycanın bir dövlət olaraq doğru yolda olduğunu bir daha sübut etmiş oldu. Onun sözlərinə görə, gələn ilin büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir və gəlir hissəsi əvvəlki illə müqayisədə 4,2% çoxdur.
 
“Belə ki, təhsil xərcləri  38,3%, səhiyyə xərcləri  31,3%, mudafiə və təhlükəsizlik xərcləri  20,9% və digər maddələr üzrə nəzərdə tutulan artımlar büdcənin sosial yönümlü olduğunu təsdiq edir. Büdcə xərclərinin əvvəlki illə müqayisədə 6,8% artmasına baxmayaraq, Dövlət Neft Fondundan 14,3 milyon manat az transferin nəzərdə tutulması, qeyri neft sektorundan gələn gəlirlərin artması hesabına baş vermişdir. Növbəti illər üçün hədəflərin düzgün müəyyənləşdirilməsini də strateji baxımdan zamanın tələblərinə tam cavab verdiyini vurğulamaq istərdim. Qeyri-neft sektoruna yönəldilən xarici investisiyaların ÜDM-dakı payını 2,6%-dən 4,0%, qeyri-neft sektoru üzrə ixracın 2025-ci ilə qədər adambaşına 450 ABŞ dollarına çatdırılması, ticari mal və xidmətlər sektorunda 2025-ci ilə qədər 150000 əlavə iş yerinin yaradılması, dövlət büdcəsinin Dövlət Neft Fondundan asılılığının azaldılması Azərbaycanın iqtisadi inkişafına daha da təkan verəcək”-N.Məhəməliyev söyləyib.
 
Bununla yanaşı, millət vəkili ÜDM-un strukturunda qeyri-neft sektorunun payının artırılması, büdcənin mədaxil hissəsinin çoxaldılması üçün bəzi təkliflər səsləndirib. O qeyd edib ki, kənd təsərrüfatı sektoru, qeyri-neft sahəsində ÜDM artımına ən çox təkan verən sahədir: “Biz kənd təsərrüfatı məhsullarımızı əsasən xammal kimi satırıq, bununla yanaşı qurudulmuş meyvələr, dondurulmuş giləmeyvələr üçün də bizə yaxın, münasib bazarlar mövcuddur. Qonşu RF-nın Dövlət Gömrük Komitəsinin 2018-ci il hesabatına baxsaq görərik ki, qeyd edilən məhsullar üzrə 640,4 milyon ABŞ dolları həcmində idxal həyata keçirilmişdir. Azərbaycan bu məhsullar üzrə bazarın yalnız 3,8 milyon ABŞ dollarına (təxminən 0,7%) bərabər hissəsinə sahib olmuşdur. Ona görə də düşünürəm ki, elektron kənd təsərrüfatının təşviqini artırmaqla və ixrac potensialını yaxşılaşdırmaq üçün imkanlar genişdir. Yeri gəlmişkən, bu sahədə məhsul bolluğunun yaradılması üçün Kənd Təsərrüfatı Nazirliyinin fermerlərlə görüşlərdə növbəli əkin sisteminin təbliğ olunmasına ehtiyac vardır. Digər tərəfdən, dövlət əmlakının icarəyə verilməsi sahəsində müvafiq qurumun  sərəncamında 10134 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcuddur. Bunun yalnız 1392-si, yəni cəmi 13,7%-i icarəyə verilib. Yerdə qalan əmlakın taleyini müəyyənləşdirməklə büdcəyə əlavə xeyli vəsait cəlb etmək olar. Həmçinin, büdcədən dövlət zəmanəti ilə verilən kreditlərin vaxtında geri qaytarılmasına inzibati nəzarət həyata keçirilməlidir. Eləcə də, Dövlət İnvestisiya Proqramı üzrə həyata keçirilən layihələr hazırlanarkən icra və taktiki icra arasındakı fərqlərin qarşısının alınması büdcə vəsaitlərinin səmərəli istifadəsinə şərait yaratmış olardı”. 



Redaktorun seçimi