İlham Əliyevdən Paşinyana tutarlı cavab və NİDA-nın diplomatik mənası

230 dəfə oxunub
İlham Əliyevdən Paşinyana tutarlı cavab və NİDA-nın diplomatik mənası

“Qarabağ – Azərbaycandır və nida işarəsi”. Prezident İlham Əliyev işğalçı ölkənin baş naziri Nikol Paşinyanın cavabını verdi.

Paşinyan danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq, eləcə də daxili auditoriyanı “vətənpərvərlik” şüarı ilə doydurmaq üçün “Dağlıq Qarabağ – Ermənistandır və nöqtə” deyərək, “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını yenidən ortaya atmışdı. O, bununla Azərbaycan torpaqlarının işğal edildiyini etiraf edən ilk Ermənistan rəhbəri oldu. Buna səbəb onun ya çıxılmaz vəziyyətdə olması, ya da...

Azərbaycan torpaqlarını işğal edən Ermənistan Dağlıq Qarabağda yaratdığı separatçı rejimi “müstəqil respublika” kimi təqdim edir və oradakı hərbi birləşmələri “özünümüdafiə qüvvələri” adlandırırdı. Uzun illər bu tezis üzərindən çıxış edildi, lakin Paşinyan ilk dəfə rəsmi şəkildə reallığı etiraf etdi və işğalçı olduqlarını bildirdi. Bu, onun çıxılmaz vəziyyətdə düşməsindən irəli gəlirdi: daxili siyasi-iqtisadi vəziyyət, köhnə hakimiyyətin təmsil olunduğu “Qarabağ klanı”nın taxtına yaratdığı təhlükə və s. Nikol taxtını qorumaq və acların qarnını “vətənpərvərliklə” doydurmaq üçün rəsmi İrəvanın uzun illər əlində bayraq etdiyi tezisi təkzib etdi. Bu, həm də danışıqlar prosesinin pozulmasına hesablanmış addım idi. Hərçənd, erməni baş nazir bu çıxışı ilə təkcə çıxılmaz vəziyyətdə olduğunu deyil, həm də populist, real siyasi proseslərdən beynəlxalq hüquqdan xəbərsiz olduğunu göstərdi.

Paşinyan əvvəlcə Qarabağdakı separatçı rejimi “müstəqil respublika” kimi təqdim edir və danışıqlar masasına üçüncü tərəf olaraq gətirmək istəyirdi. Bu tezisi irəli sürdüyü ərəfədə oğlunu işğal altındakı ərazilərdə hərbi xidmətə göndərdi və özü-özünü təkzib etdi. Daha sonra “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatı ilə özünü gülünc vəziyyətə saldı. Təsadüfi deyil ki, erməni ekspertlər Nikolu “saqqallı təlxək” adlandırırlar. “Saqqallı təlxək” həqiqətən də dediyi sözlərin mahiyyətini anlamır.

Hərbi və diplomatik cəbhədə Ermənistanı məğlub edən Azərbaycan lideri İlham Əliyev Soçidə Paşinyanın iddialarını alt-üst etdi və sözün gerçək mənasında işğalçı ölkəyə master-klass keçdi.

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, “Qarabağ – Azərbaycandır və nida işarəsi”. Bu, Paşinyanın “Qarabağ – Ermənistandır və nöqtə” sərsəmləməsinə layiqli cavab idi.

“Onu da deməliyəm ki, Ermənistanın baş naziri bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həll variantı Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı tərəfindən qəbul olunmalıdır. Beləliklə, deməliyəm ki, Dağlıq Qarabağ xalqı yoxdur. Olan Dağlıq Qarabağ sakinləridir ki, onlar da münaqişə başlanana qədər azərbaycanlılardan və ermənilərdən ibarət idi. Münaqişənin bizi, Azərbaycanı təmin edəcək həll variantı çox sadədir: erməni işğalında olan ərazilərimiz azad olunmalı, qaçqınlar və məcburi köçkünlər yurd-yuvalarına, əzəli torpaqlarına qayıtmalı, Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur. Ermənistanın baş nazirinin Azərbaycanda təəccüblə qarşılanmış bəyanatına da toxunmaq istərdim. Yeri gəlmişkən, həmin bəyanata Rusiya Federasiyası da “Valday forumu”nda müvafiq reaksiya göstərdi, münasibət bildirdi. Həmin bəyanat təxminən sözbəsöz belədir: “Qarabağ – Ermənistandır və nöqtə”. Əvvəla, bu, yumşaq desəm, yalandır. Dağlıq və düzən Qarabağ bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi, Azərbaycan torpaqları kimi tanınıb. Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər 7 rayonundakı separatçı rejimi Ermənistanın özü belə, tanımır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi ərazisidir. Ona görə də Qarabağ Azərbaycandır və nida işarəsi”, - dövlət başçısı bəyan etdi.

Prezident İlham Əliyev bu çıxışı ilə işğalçı ölkənin rəhbərliyinə reallığı diktə etdi. Bununla yanaşı, ərazilərin azad olunması haqda BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq, beynəlxalq ictimaiyyətə və ATƏT-in Minsk qrupuna mesaj göndərdi: “Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılar qalmayıb. Həmin ərazilər hazırda yandırılmış torpaqlardır. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və o qətnamələrdən birində ermənilərin işğal etdikləri ərazilərdən dərhal, qeyd-şərtsiz çıxmaları qeyd olunur. 25 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmur”.

Prezident Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu və münaqişənin həll yolunu göstərdi.

Azərbaycan liderinin işğalçı ölkənin baş nazirinin “Qarabağ – Ermənistandır və nöqtə” sərsəmləməsinə “Qarabağ – Azərbaycandır və nida işarəsi” cavabında ən maraqlı məqamlardan biri NİDA işarəsini niyə vurğulaması idi. Nida işarəsi əmr cümləsində “rədd ol” mənasını verir və dövlət başçısı dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan “Valday” klubunda işğalçıya diplomatik dillə “torpaqlarımızdan rədd ol” dedi. Bu bəyanatın Rusiya torpaqlarında verilməsi də təsadüfi deyil.

Asif Nərimanlı



Redaktorun seçimi